Xəbər lenti

ABŞ və İsrailin silahlı qüvvələri İrandan mümkün hücum xəbərləri fonunda yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Musavat.com xəbər verir ki, bu barədə "The New York Times" mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, İsrail döyüş hissələrinin buraxılmasını ləğv edib və bəzi ehtiyat əsgərləri hava hücumundan müdafiə bölmələrinə çağırıb.

Bundan əlavə, ölkənin silahlı qüvvələri GPS siqnallarını bloklayıb.

Nəşrin iki İran rəsmisinə istinadən verdiyi məlumata görə, İran silahlı qüvvələri də yüksək döyüş hazırlığı vəziyyətindədir.

Qeyd edək ki, aprelin 6-da "CBS News" telekanalı İranın Dəməşqdəki konsulluğa edilən hücuma görə qisas almağa hazırlaşdığını bildirib.

Kanalın mənbələri hücumun təxmini vaxtını açıqlamayıb, lakin cavab zərbələrinin bu həftə və ya gələn həftə baş verə biləcəyini irəli sürüblər.

Xatırladaq ki, aprelin 1-də İsrail hərbçiləri Dəməşqdə İran səfirliyinin yerləşdiyi diplomatik məhəlləyə hücum edib. Konsulluq tamamilə dağıdılıb. Hücum nəticəsində iranlı generallar Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Haca Rəhimi, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) beş zabiti həlak olub.

İran Prezidenti İbrahim Rəisi İslam İnqilabı Keşikçiləri Korpusunun iki generalı və beş zabitinin öldürüldüyü Dəməşq konsulluğuna hücuma görə İsrailə qisas alacağını vəd edib.




Ana səhifəyə qayıt        Baxış: 3 177          Tarix: 6-04-2024, 14:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma