7 oktyabrda HƏMAS və İsrail arasında müharibə başlayandan sonra Yaxın Şərqdəki balans alt-üst oldu. Türkiyə ötən ilin sentyabr ayında BMT-nin 76-cı sessiyası çərçivəsində Misir, İsrail və Yunanıstanla yüksək səviyyəli görüşlər keçirdi. Bu görüşlər zamanı Şərqi Aralıqdakı enerji resurslarının Avropaya nəqli barədə razılaşma müqaviləsi üçün hazırlıq aparılırdı.
Bu sözləri Axar.az-a PKK/PYD terror təşkilatının Suriyada 11 iyunda keçirməyi planlaşdırdığı seçkiləri təxirə salması haqqında danışan Türkiyənin Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəri, professor Həsən Oqtay deyib.
Professor PKK/PYD-nin bu həmləsini İsrailin Türkiyəyə qarşı addımı kimi dəyərləndirib:
“Normallaşma mərhələsinə girən İsrail-Türkiyə münasibətlərini də müharibə yenidən kəskinləşdirdi. Çünki İsrailin Qəzzada etdiklərini, sərgilədiyi mövqeni heç cür qəbul etmək mümkün deyil. Üzərindən 245 gün keçməsinə rəğmən Qəzza məsələsində heç bir irəliləmə yoxdur və vəziyyət gün keçdikcə daha da pisləşir. Hazırda Türkiyə HƏMAS üzərindən İsrailə qarşı böyük bir diplomatik həmlə həyata keçirir.
İsrail isə Suriyada PKK/PYD üzərindən Türkiyəyə qarşı bir seçki oyunu oynamağa cəhd edir. Məqsəd isə PKK/PYD-nin HƏMAS kimi qəbul edilməsinə nail olmaq və Türkiyəyə qarşı yeni cəbhə açmaqdır”.
Oqtay vəziyyətin gərginləşməsinin hərbi yolları da gündəmə gətirdiyini vurğulayıb:
“Bu məsələdə İran və Rusiyanın səssiz qalmasına səbəb isə 7 oktyabr hücumunun arxasında bu dövlətlərin olmasıdır. Seçki oyununu İsrailin qurduğunu bilirlər, ona görə də hələlik kənardan izləməyi üstün tuturlar. ABŞ-ın ikibaşlı cavab verməsinin isə səbəbi odur ki, orada həm İsrail lobbisi üzərindən PKK/PYD-nin seçki oyununu dəstəkləyən qrup, həm də Yaxın Şərqdəki maraqlara görə Türkiyə ilə əlaqələrin qurulmasına tərəfdar olanlar var. Yəni ABŞ iqtidarında da məsələyə yanaşma problemi var.
Türkiyə heç bir halda bu seçkilərin keçirilməsinə və Suriyada terror dövlətinin qurulmasına imkan verməyəcək. Çünki ölkəmiz terrora qarşı açıq şəkildə mübarizə aparır. Əlbəttə, vəziyyət gərginləşdikcə hərbi həll yolları da Ankaranın masasında olacaq”.
Paylaş: