İrlandiya Rusiyanı casusluğa cəhddə ittiham edib.
Modern.az xəbər verir ki, bunu Milli Polis Xidmətinin Təhlükəsizlik və Kəşfiyyat Bürosunun rəhbəri Maykl MakElqann RTE-yə müsahibəsində bildirib.
O deyib ki, Rusiya İrlandiyada kəşfiyyat fəaliyyəti həyata keçirməyə çalışan azsaylı ölkələrdən biri olaraq qalır. Onun sözlərinə görə, əks-kəşfiyyatda İrlandiya tərəfindən casusluqda şübhəli bilinən 4 ölkənin fəaliyyətinə nəzarət edən 4 şöbə var.
"Mən ehtiyatlı olacağam, İrlandiya bu ölkələrlə diplomatik əlaqələr saxlayır, lakin Böyük Britaniyada Solsberi hadisələri və ya Rusiyanın Ukraynaya təcavüzü haqqında düşünsək, bu ölkələrdən birinin Rusiya olduğunu öyrənəndə çox az adam təəccüblənəcək", - rəsmi bildirib.
Onun sözlərinə görə, Moskvanın ekstremist qrupları və sənaye casusluğunu dəstəkləməsi məlumdur.
2022-ci ilin martında İrlandiya casusluqda iştirak etdiyinə görə dörd rus diplomatını ölkədən çıxarıb. Həmin ilin noyabrında Rusiya Xarici İşlər Nazirliyi yerli hökumət üzvləri də daxil olmaqla 52 İrlandiyalı siyasətçiyə qarşı sanksiya tətbiq edib.
Paylaş: