Xəbər lenti

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsi ilə bağlı ikinci Sülh Sammiti üçün məkan axtarır. Ukrayna Prezidentinin bu məqsədlə Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə və İsveçrə ilə danışıqlar apardığı barədə məlumatlar var.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Vladimir Zelenski Hindistanın Baş naziri Narendra Modi ilə Kiyevdə görüşdən sonra hindli jurnalistə müsahibəsində Hindistanın da ikinci Sülh Sammitinə ev sahibliyi edə biləcəyini vurğulayıb:

“Ancaq Zelenski Dehliyə təklif verərkən əlavəsini də unutmayıb: “Ancaq səmimi olmaq istəyirəm və bu, təkcə Hindistana deyil, ikinci sammitə ev sahibliyi etməkdə müsbət fikirdə olan istənilən dövlətə aiddir. Sülh sammiti kommünikesinə hələ qoşulmayan ölkədə sülh sammiti keçirə bilməyəcəyik”. Söhbət iyunun 15-də İsveçrədə keçirilən birinci Sülh Sammitindən gedir. Hindistan həmin sammitdə iştirak etsə də, yekun bəyanata imza atmayıb. Yəni Zelenski demək istəyib ki, ikinci Sülh Sammitinin Hindistanda keçirilməsi üçün Dehli birinci Sülh Sammtinin yekun bəyanatına imza atmalıdır. Dehlinin həmin bəyanata imza atacağı ilə bağlı məlumat yoxdur”.

Politoloq ABŞ Prezidenti Cozef Baydenin Narendra Modi ilə ötən gün baş tutan telefonla danışığına da diqqət çəkib:

“Telefon danışığı Modinin Ukrayna və Polşaya səfərindən sonra baş tutub. Telefon danışığında Ukrayna və Banqladeşdəki vəziyyət müzakirə olunub. Modi Baydenlə söhbətdə Hindistanın Ukraynada sülh və sabitliyin tez bir zamanda təmin olunmasına tam dəstəyini təkrarlayıb. İki lider Banqladeşdəki vəziyyəti də müzakirə edib və normal vəziyyətin tezliklə bərpasının, ölkədə azlıqların, xüsusilə də hindlilərin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıblar.

Hindistanın baş nazirinin Kiyevi tərk etməsindən sonra Rusiya Ukrayna paytaxtını intensiv raket atəşinə tutub, ölən və yaralananlar var. Müharibə başlayandan bu yana Rusiya Ukrayna ərazisinə ən genişmiqyaslı dron və raket hücumu həyata keçirib. Ukrayna Müdafiə Nazirliyi cavab aksiyasi hazırlayır. Bu o deməkdir ki, müxtəlif liderlərin səylərinə baxmayaraq, yaxın müddətdə Moksva ilə Kiyev arasında dialoq yolu ilə sülhə nail olmaq mümkün deyil”.




Ana səhifəyə qayıt        Baxış: 2 676          Tarix: 27-08-2024, 13:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma