"Kiyev hələ də Vaşinqtondan ABŞ silahları ilə Rusiyanın dərininə zərbələr endirmək üçün icazə almayıb".
Oxu.Az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski "CNN" telekanalına müsahibəsində deyib.
Bu həftə "ABC" telekanalı Ukrayna liderinin adı açıqlanmayan məsləhətçisinə istinadən yazıb ki, Zelenski ABŞ-nin dövlət katibi Antoni Blinkenə Ukrayna Silahlı Qüvvələrinin Rusiyadakı mümkün hədəflərinin siyahısını verib.
Bununla əlaqədar Almaniyanın tabloid qəzeti yazıb ki, Ukrayna lideri uzaq məsafəli hücumlar həyata keçirmək üçün icazə almaq məqsədi ilə ABŞ-yə gedəcək və orada Co Baydenə Kiyevin cəbhənin müəyyən hissələrində yerli atəşkəslə razılaşmasını nəzərdə tutan plan təqdim edəcək.
Ukrayna prezidenti həmçinin bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin (AFU) Kursk vilayətində keçirdiyi əməliyyatın məqsədi Rusiyanı Donbassdan sərhəd bölgəsinə qoşun yeritməyə məcbur etməkdir.
"Məqsəd bəzi rus qüvvələrini oraya (Kursk vilayətinə - red.) köçürmək idi. Mən hesab edirəm ki, bu, düzgün fikirdir", - Zelenski bildirib.
Onun sözlərinə görə, Qərbin silah tədarükünün ləngiməsi ona gətirib çıxarıb ki, Ukrayna 14 briqadadan hətta dördünü belə təchiz edə bilməyib.
Ukrayna lideri vurğulayıb ki, mərmilərdə Rusiyanın üstünlüyü hazırda Ukrayna üzərində 12-ə 1-dir.
Xatırladaq ki, sentyabrın 13-də Bayden Vaşinqtonda Böyük Britaniyanın baş naziri Kir Starmeri qəbul edib. Məlumata görə, o, Ukraynaya Britaniyanın uzaqmənzilli "Storm Shadow" raketlərindən Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün istifadə etməyə icazə vermək üçün ABŞ prezidentindən razılıq istəyib (bu, onların komponentlərinin ABŞ-də istehsal olunduğu üçün zəruridir). Görüşdən sonra liderlər belə bir qərara gəldiklərini elan etməyiblər, lakin bu, ayın sonunda, sentyabrın 24-dən 30-dək Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasında baş verə bilər.
Paylaş: