Koreya Xalq Demokratik Respublikası (KXDR) döyüş başlıqlarının və raket mühərriklərinin istehsalını artıracaq.
"Report" xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
Xəbərdə bildirilir ki, KXDR lideri Kim Çen In Kimya Materialları Elmi İnstitutuna baş çəkib və bərk yanacaqlı raket mühərriklərinin, döyüş başlıqlarının istehsalını artırmaq barədə göstəriş verib.
"O, göstəriş verdi ki, institut yüksək dəqiqlikli cihazlar, karbon və qarışıq materiallardan istifadə etməklə bərk yanacaqlı raket mühərriklərinin və döyüş başlıqlarının istehsalını artırsın", - deyə xəbərdə qeyd edilir.
Koreya Xalq Demokratik Respublikasında onu da bildiriblər ki, Quam adasına raket zərbəsi hazırlığı başa çatıb.
Daha əvvəl ABŞ-ın dövlət katibi Reks Tillerson qeyd edib ki, KXDR BMT-nin Koreya Xalq Demokratik Respublikası ilə bağlı sanksiyalarından sonra hərəkətlərində təmkinlilik nümayiş etdirib.
Paylaş: