Xəbər lenti

    Miladi təqviml ilə  təxminən  2067-cı, ya da 2068-ci illər idi. Qəribə olsa da, güclü iqtisadiyyata malik olan  ölkələr bir-birindən xəbərsiz eyni vaxtda başa düşdülər ki, mənəviyyatları dəhşətli şəkildə məhv olmaqdadır, iqtisadi inkişafları ilə  qətiyyən ayaqlaşmır. Bu gedişlə qısa bir vaxtda  iqtisadiyyatları  darmadağın olacaq, onu yenidən bərpa etmək isə çətin bir problemə çevriləcək, bəlkə də heç mümkün olmayacaq. Bunu onlar qiyamət gününün yaxınlaşması kimi qəbul etdilər və dərhal  mənəviyyat məsələlərini fundamental şəkildə araşdırmağa başladılar; bütün tanınmış alimləri bu işə cəlb etdilər. Onların arasında alman psixoloqu doktor Hans da vardı. O, saysız-hesabsız elmi məqalə və kitabların müəllifi idi; elmi kəşfləri  ilə dünyada məşhurlaşmışdı, toxunduğu məsələlər insan beyninin şüuraltı düşüncələri ilə bağlı idi... 

   Gözlənilmədən bütün işlərini bir kənara qoydu və heç vaxt məşğul olmadığı bir  mövzuya girişdi- Yer kürəsində yaşayan insanların mərhəmət hisslərini müəyyənləşdirməyə. Belə bir addımı atması  alimləri, həmçinin jurnalistləri çox  maraqlandırdı, sualları yağış kimi onun üzərinə yağdırdılar:

 - Necə oldu ki, bu fikrə gəldiniz?

-  Əvvəlki tapıntılarınızla  bunun bir əlaqəsi varmı?

- Dünya elminə bu  nə kimı töhfələr verəcək?

...

   Psixoloq Hans  bu sualların heç birini cavablandırmadı: çünki sualların cavabları onun üçün bir müəmma idi, bu müəmmanı açmaq üçün haradan başlayacağını, harada qurtaracağını  dəqiq bilmirdi. Bildiyi təkcə bir şey idi: içində bir yəqinlik vardı ki, bu suaların  cavablarını axtarıb tapacaq...

  Hans əvvəlcə insan qəlbindəki mərhəməti müəyyənləşdirmək üçün  dövrün texnikasının imkanlarına söykənərək qan təzyiqini ölçən aparata bənzər bir aparat  düzəltməyi qərara aldı; uzun və gərgin zəhmətdən sonra bu aparat hazır oldu və bu işi ailənin üzvləri üzərində sınaqdan keçirdi. Apardığı sınaqların nəticəsini ailə üzvlərindən də, elm aləmindən də gizli saxladı. Sonra öz ölkəsindəki adamlar üzərində tədqiqat apardı. Daha sonra Avropa ölkələrini gəzib  tədqiqatını davam etdirdi. Bundan sonra isə keçdi Amerika qitəsinə: ABŞ-a, Kanadaya, Braziliyaya, Argentinaya...

    O ölkələri  gəzib dolaşdıqdan sonra qayıtdı Afrikaya;oradan da adladı Avstraliyaya. Növbə çatdı Asiyaya.  Hindistandan  başladı, Çində  işini   qurtardı... Dünyanın ən böyük şəhərlərindən biri olan Şanxay şəhərinin çox dəbdəbəli mehmanxanasında  özünə  otaq götürdü; fikri bu idi ki, uzun illərin gərgin və zəhmətli axtarışlarından sonra burada bir qədər istirahət eləsin, əməlli-başlı dincəlsin, restoranda çin qızlarının rəqslərinə baxıb zövq alsın; hərçənd o qatı millətçi idi-alman qadınlarının  rəqslərini  bütün dünya qadınlarının rəqslərindən üstün tuturdu... Amma bura Almaniyadan uzaqda idi, yaxında  olanlar isə Çin qızları idi... Belə qərara gəldi ki, Çin qızlarının rəqslərinə baxa-baxa alman qızlarının- az qala unutduğu sarışın saçlı, mavi gözlü arvadı  Bertanı-onun zərif vücudunu  xəyalına gətirsin...

   Artıq  qərarını vermişdi. İndi isə otağında bir qədər oturacaq, televizoru açacaq, xəbərləri dinləyəcək, sonra da restorana gedəcəkdi... Qalxıb televizorun pultunu götürdü, düyməsini basıb kresloda oturdu... Diktor heç vaxt eşitmədiyi bir ölkənin xalqı, onun iradəsi haqqında çox isti, hərarətli sözlər deyirdi:-Bu xalq-Azərbaycan türkləri fenomen xalqdır, tarixin heç bir dönəmində öz milli xususiyyətlərini, eləcə də dilini itirməyib... Baxmayaraq ki, bu xalqa daim güclü dövlətlər tərəfindən basqılar olub, amma o mübarizə aparıb: türklüyünü, dilini, torpağını qoruyub saxlayıb. Son hadisələr zamanı Ermənistan  tərəfindən işğal edimiş torpaqlarını-Dağlıq  Qarabağı da geri aldılar, hazırlaşırlar ki, ermənilərin zəbt etdikləri əzəli torpaqlaını da geri alsınlar. Əqrəb bürcünün təsir dairəsində yerləşən bu xalqın  haqq işini dünyanın super güc qüvvələri axır ki,  dəstəklədilər...

    Aparıcı başqa bir xəbərə keçəndə Hans pultun düyməsini basdı, televizor susdu. Qalxıb komputerin arxasında oturdu, internetdə Azərbaycanı axtardı və çox böyük maraqla həmin ölkə ilə  bağlı məlumatları oxumağa başladı...

   ...Hans komputerdən güclə ayrıldı. Əslində heç ayrılmaq istəmirdi, amma aclıq ona bərk əl vermişdi; daha nə çin qızlarının  rəqsləri, nə arvadı Berta haqqında düşünmürdü. Dəbdəbəli  restorana yox, sakit bir yeməkxanaya getdi, alman yeməklərindən yeyib  geri-öz otağına qayıtdı və komputerin arxasına keçib  Azərbaycanla bağlı digər məlumatları oxumağa başladı. Və birdən-birə ona elə gəldi ki, mərhəmətlə bağlı axtarışları tam başa çatdırmayıb. Axtarışlarının sonuncu nöqtəsi Azərbaycan olacaq.

   Onun dil öyrənmək istedadı güclü idi:ingiliscə, fransızca, yaponca, çincə, ərəbcə ...sərbəst danışır və yazırdı...Türk  dilini də kifayət qədər bilirdi. Bir neçə aya Azərbaycan türkcəsini mənimsədi.

    ... Azərbaycanda yaz idi. Hans da qədim Qəbələdəydi: pay-piyada dərə-təpəsini, çöl-çəmənini, bağ-bağçasını  gəzirdi-dünyanın heç bir yerində nə belə ağaclar görmüşdü, nə də gül-çiçək. Bu ağacların yarpaqlarının, gül-çiçəklərin ətri onun ağlını başından almışdı. Birdən ona elə gəldi ki, cənnətin düz ortasındadı. O tərəf-bu tərəfə boylandı- huriləri görmək istədi. Bu ani oldu-Bertanı ürəyi istədi, həyəcanla onu  çağırdı-Berta! Hər tərəfdən eyni səs geri qayıtdı-Berta, Berta! Yox, o, həqiqətən cənnətdəydi, indicə Berta-o mavi gözlü, sarışın saçlı, alman qadınlarına xas olan, bir qədər uzunsov sifətinə gülüş yayılan qadını görünəcək, özünü onun ağuşuna atacaqdı. O isə çılğın bir ehtırasla Bertanı qucaqlayacaq, yalnız ona məxsus olan ətirli saçlarından öpəcəkdi.-Berta, Berta! –Yenə arvadını çağırdı. Çağırmağının əks-sədasını eşitdi:-Berta,Berta!!! Berta yox idi. O buna inanmadı. Bir də çağırdı-Berta-a-a-a! Birdən bunun bir xəyal olduğunu anladı...

     Bir qədər aralıda  qızlar  bulaq başına yığışmışdılar, gündəlik söhbətlərə başları qarışmışdı. Hans onlara tərəf  getdi,  Azərbaycan türkcəsində  onları  salamladı:-Salam qızlar, bir parç su verərsiz içim? Borclu qalmaram, əvəzində  təzyiqinizi ölçərəm, axı mən həkiməm.-Yalan deməyə məcbur idi, düzünü deyə biməzdi. Düzünü desəydi, kim bilir, bu işin axırı necə qurtaracaqdı?

    Qızarın ən kiçiyi Güləbətin mavi şir çəkilmiş qırmız  gülü oan parçı  bir neçə dəfə bulağın suyunda duruladı, doldurub Hansa verdi. Hans suyu birnəfəsə içib ”sağ olun, qızar.”dedi .

   Qızlar doktor Hansı geyim-kecimindən  turist hesab elədilər, ehtiyat etmədən ona yaxınlaşdılar. Birinci oaraq Güləbətin  gülə-gülə  sol qolunu irəli uzadıb dedi:- Buyurun, ölçün.

   Hans təzyiqölçənə oxşar aparatı onun qoluna keçirdi. Şkalada olan göstərici son nöqtədə dayandı. Onun gözləri təəccübdən bərəldi, amma alman soyuqqanlığı Hansın  dadına çatdı, özünü ələ aldı... Gülçöhrənin də “təzyiqini”ölçdü, həmin  nəticə alındı. Sonra da   Gülcamalın  “təzyiqini “ ölçdü.   Eyni nəticə... Gülə-gülə :

     -Ürəkləriniz  saat kimidir, maşallah!-dedi.

“Aparatı” yşğışdırmaq istəyirdi ki, Fizzə nənənin və Məhəmməd kişinin  bulağa gəldikərini gördü, fikrindən daşındı,- bəlkə bu nənə ilə babanın da  “təzyiqlərini” ölçüm?

-Ölçün, ölçün!- Yaşca qızların ən böyüyü Gülcamal qızların əvəzindən dilləndi. Fizzə nənə ilə Məhəmməd kişinin  yanına  gedib məsələni onlara anlatdı,- gəlin ölçün, gəlin, bu xeyirxah işinizi çox bəyənirlər.

   Hans Fizzə nənə və Məhəmməd kişinin də “təzyiqini” ölçdü. Nəticə qızlardakı kimi idi. Alınan nəticə Hansı şoka saldı, dərin fikrə getdi. Bu, Məhəmməd kişinin, Fizzə nənənin və qızların  nəzərindən yayınmadı. Hamısı onun danışmasını gözlədi. Təkcə Güləbətin  bu gərginliyə tab gətirmədi:

   -Nə oldu, bir nigarançılıq yoxdu ki? Gizlətmə, söylə!

   -Yox, yox...  Deyirəm...

   -Nə deyirsən?-Gülcamal tez söhbətə müdaxilə elədi.

     Hans özünü itirmədi:

    -Bu  gözəl nənənin  neşə yaşı var?-dedi.

     Fizzə nənə ciddi bir görkəm aldı:
    -Yoxsa mənə gözün düşüb? Təzyiqimi  ölçdün, söylə  nə qədərdi, çıx get. Yoxsa baş-gözünün  yumruqlanmasını istəyirsən? Görmürsən kişim  hirsindən  necə  cilov gəmirir.- Fizzə nənə sol tərəfində onunla  çiyin-çiyinə dayanmış qıs-qıvraq vücudlu

 Məhəmməd kişini göstərdi.

   Hans yaman qorxdu, yazıq bir görkəm aldı. Fizzə nənənin üzünə təməssüm yayıldı,  ucadan şaqqanaq çəkib güldü:- Qorxma, zarafat edirəm... Mənim 101 yaşım, ərimin 110 yaşı var.-“ərimin” sözünü xüsusi bir işvə ilə dedi. İstər-istəməz  qızlar gülüşdülər.

  -Sənin də, ərinin də,-Hans udqundu, yalanını ört-basdır etmək üçün vaxtı uzatdı,-təzyiqi 15 yaşındakı cavanın  təzyiqi kimidi.

    -Bunu bilirdik də, a sağ olmuş. İndi aparatını  yığışdır, gedək bir stəkan çayımızı iç, sonra  öz işindir, qalmaq istəsən qalarsan, getmək istəsən yola salarıq.

     Qəfildən ediən  təklif  ürəyincə olsa da,  razılıq vermədi,-çox sağ olun, işim başımdan aşır,-dedi.

   -Ay pir olmuş, iş həmişə olub, olacaq da. Tərslik etmə, gedək bizimlə.

   Hans razılaşdı və Fizzə nənəgilə getdi.

   Fizzə nənəgilə bir stəkan çay içməyə gedən  Hans bir neçə gün onlarda qaldı. Fizzə nənənin  son  dərəcədə mehribanığı, qayğıkeşliyi onu elə əfsunlamışdı ki, bu evdən ayrılmaq istəmirdi, ona qalsaydı , bütün ömrü boyu burada yaşayardı... Ancaq tədqiqat işini yekunlaşdırmalıydı: düzünə qalsaydı, iş yekunlaşmışdı, mərhəmət axtarışı başa çatmışdı, bir çox xalqların mərhəmət dərəcəsi müəyyənləşdirmiş, səbəbini aydınlaşdırmışdı;  təkcə axırıncıdan başqa... Bunun səbəbini aramamalıydı. Ona görə də Fizzə nənə və Məhəmməd kişi  ilə “sağollaşıb” alman səfirliyinə gəldi, məsələni səfirə bidirdi, arxivlərdə,  digər elmi-tədqiqat müəssisələrində işləmək üçün icazə aldı.

              Hans arxivlərdə, elmi-tədqiqat müəssisələrində çox çalışdı, bir şox gizli mənbələri üzə çıxardı, o mənbələri ki, Avropa  alimləri ,o cümlədən  rus tədqiqatçıları bilərəkdən, ya da  bilməyərəkdən (çox güman ki, bilərəkdən) Azərbaycanın, orada yaşayan xaqın tarixini təhrif etmiş, tarixi tarixsizləşdirmişdilər, daha doğrusu, bir labirint, bir xaos yaratmışdılar. Hans bacarıqlı bir alim, vicdanlı bir insan kimi bu faktları aşkarladı, ölkə, xalq haqqında aydın bir mənzərə yaratdı...  Bu mənzərənin yaranmasında  Qobustan qayaüstü rəsmləri,  adı tarixə Şirvanşahlar sarayı, Qız qalası kimi düşən  abidələr, o abidələr haqqında  gizli məlumatlar, hürufizm və sufizm  dünyagörüşləri,  bizə bəlli olmayan, yalnız onun özünə bəlli olan mənbələr ( bura dünyada olan on bir  iqlimin doqquzunun  Azərbaycanda olması, Şeyx Fəzlullah Nəiminin “Cavidannamə” və digər  əsərləri) az rol oynamadı. Psixoloq Hans çox böyük zəhmətlə elmı axtarışlarını  başa çatdırdı  və dünya üzrə mərhəmət cədvəlində birinci yeri Azərbaycan türklərinə (mötərizədə azərbaycanlılara sözünü  də yazdı, niyə belə elədi(?), bunu yalnız onun özü bilir) verdi. İkinci yerdə isə  bir sıra xalqlarla yanaşı, alman xalqının adını yazdı.  Amma o istəmirdi ki, alman xalqının adı ikinci sırada olsun. Onun fikrincə, alman xalqı hər sahədə olduğu kimi, bu sahədə də birincilər sırasında olmalıydı; o buna layiq idi; həm də alman millətinin   nümayəndəsi olduğu üçün o, belə istəyirdi. Bir də ki, saxtakarlığa yol vermək istəmirdi; vicdanı, insanlığı bunu ondan tələb edirdi. Odur ki, həm vətəninə, həm xalqına sədaqətini göstərmək, həm də vicdanını qorumaq üçün  bu addımı atdı. Bütün bunları gizli saxladı, heç kimə heç bir məlumat vermədi. Məktub yazdı və  hökumətdən, elmi idarələrdən xahiş etdi ki, onun surqucladığı  sandığı yüz ildən sonra açsınlar.

   Elmi axtarışlarını və ixtira etdiyi  mərhəməti ölçən aparatı  bir sandığa qoyub ağzını bağladı, surğucla  möhürləyib  səfirliyə apardı. Sandıqla bərabər  məktubu səfirliyə  verdi və xahiş ellədi ki, hər ikisini  Almaniya Xüsusi Elmi Axtarışlar Bürosuna  çatdırsınlar. Səfirlik  bu işin dövlət əhəmiyyətli olduğunu dərhal başa düşdü, ona görə də dünyaşöhrətli alimin xahişini qəbul elədi, sandıqçanı və məktubu ünvanına çatdırmağı öz öhdəsinə götürdü.

     Doktor Hans ertəsi gün əlində balaca bir yol çantası  Bakı- Berlin təyyarəsinə mindi. Lüks oturacaqda  keçib əyləşdi, illüminatordan çölə boylandı, buradan ayrıldığına görə ürəyi sıxıldı. Dünyanın heç bir yerində belə bir hiss keçirməmişdi. Təkcə doğulduğu Münhen şəhərindən ayrılanda belə hisslər keçirirdi. Görünür, bu, Azərbaycanla , onun qədim sakinləri Azərbaycan türkləri barədə araşdırdığı məlumatarla bağlı idi...

    Təyyarə yumşaq bir təkanla havaya qalxdı, hava limanının üstündə dövrə vurub irəli şığıdı. Doktor Hans qəfildən ürəyinin sancdığını  hiss elədi və əlini ürəyinin üstünə qoydu.

...Təyyarə Berlin  təyyarə limanında  yerə endi.  Sərnişinlər  salonları tərk etdilər.Təkcə bir nəfərdən başqa-doktor Hansdan. Doktor Hans əlini sinəsinə qoymuş halda, illüminatora söykənərək keçinmişdi.

P.S. Doktor Hansın laübalı ölümü böyük sensasiya yaratdı. Ömründə bir dəfə də xəstələnməyən psixoloqun birdən-birə infarktdan ölməsi  hamını  şoka saldı; saysız-hesabsız  istıntaq işləri aparıldı, fərziyyələr irəli sürüldü, hətta  başqa ölkələrin tanınmış alimləri sandıqçanı açmağı, bu məsələyə tam aydınlıq gətirməyi  də təklif etdilər, amma Almaniya hökuməti və  alman alimləri buna razı olmadılar; onlar heç də ağılsız deyildilər, bilirdilər ki, doktor Hans belə vəsiyyət edibsə, deməli, burada dövlətin və xalqın mənafeyi güdülüb...

 

                                                            SENTYABR, 2017.




Ana səhifəyə qayıt        Baxış: 1 197          Tarix: 2-10-2017, 12:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma