Xəbər lenti

 Xalq rəssamı Səttar Bəhlulzadənin çəkdiyi nadir şəkillər tapılıb.

Bu barədə əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev məlumat verib.

Ziyadxan Əliyevin sözlərinə görə, xalq rəssamı Səttar Bəhlulzadənin naməlum əsərləri və bu vaxta qədər onun tədqiqatçılarına məlum olmayan nümunələr, sənədlər və fotolar aşkara çıxıb:

“Bunların hamısı Bakıdakı şəxsi kolleksiyada üzə çıxarılıb. Onların sahibinin mütəxəssislərə üz tutması indiki halda təqdir olunası haldır. Əsərlərin mahiyyətinə, sənədlərin məhrəm tutumlu məzmununa əsasən onların vaxtilə rəssamın yaxınlarında olması ehtimalını söyləməyə əsas verir. Tabloların birində Şaxta baba təsvir olunub. Digəri isə bizi əllərində meyvələrlə dolu bayram xonçasını saxlayan pioner qız və oğlanla qarşılaşdırır.

120x80 sm ölçülü bu əsərlər karton üzərində tempera ilə çəkilib. Əminliklə demək olar ki, bu üslub Səttar Bəhlulzadənin yaradıcılığında rast gəlinən nadir əsərlərdəndir”.

Rəssamın yaradıcılığı üçün çox-çox gözlənilməz olan bu əsərləri görəsən Səttar Bəhlulzadə niyə çəkib?

Xasiyyətinə və yaradıcı davranışına bələdçiliyimizin qarşılığında deyə bilərik ki, ideoloji bağlılıqdan və sifarişlə nə isə çəkməkdən tamamilə uzaq olan Səttar Bəhlulzadə bu əsərləri yalnız ona çox doğma olan adamların xahişi ilə çəkə bilərdi. Hər iki əsərin uzun illər ərzində istifadə olunmaması, asılmadan müxtəlif saxlancda səliqəsiz saxlanması onun bədii-texniki vəziyyətinə duyulası xələl gətirib. Ancaq onun son sahibinin səyləri nəticəsində - aparılan nisbi bərpa işləri sayəsində əsərlərin bədii keyfiyyəti nisbi də olsa özünə qaytarılıb və dahi rəssamın zəngin yaradıcılıq irsində çox qabarıq görünməsə də, çox böyük əhəmiyyət kəsb edir”.

Ziyadxan Əliyevin sözlərinə görə, hər iki əsərdə rəssamın öz yaradıcılıq manerasına sadiq qalması, kifayət qədər bədii sərbəstlik nümayiş etdirməsi duyulandır.

Üzə çıxarılan sənədlərin arasında rəssamın öz əli ilə yazdığı bir tərcümeyi-hal da var. Rus dilindəki bu mətn Səttar Bəhlulzadənin həyatının 1927-1940-cı illər dövrünə işıq salır.
Ziyadxan Əliyevin sözlərinə görə, həmişə ictimailəşən kitablarda, qəzet-jurnal yazılarında gənc Səttarın "Kommunist” qəzetində işləməsi və Moskvaya təhsil almağa getməsi ilə bağlı qeyri-dəqiq informasiyalara rast gəlinirdi: “Bu tərcümeyi-halda diqqəti daha çox cəlb edən informasiyadan biri onun Moskvaya təhsil almağa göndərilməsi məsələsidir. Məlumdur ki, o vaxtlar hər bir respublikada ixtisaslı kadr çatışmazlığının yerli istedadlı gəncləri Moskvaya və SSRİ-nin digər mərkəzi şəhərlərinə təhsil almağa göndərməklə aradan qaldırılması ənənə şəklini almışdı.

Qənaətimizcə, gənc Səttarın həmin gənclərin siyahısına daxil edilməsi bilavasitə Əzim Əzimzadənin zəmanəti ilə baş tutmuşdu. Onun başqa fakultəyə yox, qrafika üzrə ixtisasını seçməsi də "Rəssamlığımızın Sabiri”nin uzaqgörənliyinin nəticəsi idi. Əzim Əzimzadə Səttar Bəhlulzadənin simasında özünün gələcək davamçısını görürdü...

Əksər nəşrlərdə Səttar Bəhlulzadənin institutdakı ixtisas dəyişikliyinin III yox, II kursdan sonra baş verdiyi bildirilir. Yeni üzə çıxarılan tərcümeyi-hal köhnə tarixçənin bir qədər də dəqiqləşdirilməsinə imkan verdi. Onun Azərbaycan Rəssamlıq Texnikumunda oxuyarkən daşıdığı 53 saylı tələbə bileti də üzə çıxarılan qiymətli sənədlərdəndir. Maraqlısı həmin vaxtlarda rəssamın "Bəhlulov” soyadı daşımasıdır, odur ki, onun nə vaxtdan "Bəhlulzadə” olmasının müəyyənləşdirilməsi yönündə axtarışlar davam edir.
Əldə olunan foto materialların arasında rəssamın əvvəllər çap olunmayan şəkilləri də var. Sənədlərin biri də vaxtilə Azərbaycan KP MK-nın ikinci katibi vəzifəsində işləmiş P.M.Yelistratovun Səttar Bəhlulzadəyə 1965-ci ildə Kislovodskidən yazdığı məktubdur. İstirahət zamanı Səttarın anasının vəfat etdiyini eşidən partiya işçisinin duyulası səmimiyyət dolu bu məktubunda rəssama baş sağlığı bildirilir, onun yüksək sənətkarlığına vurğunluq ifadə olunur.

Xatırladım ki, P.M.Yelistratov partiya işçisi olsa da, incəsənətlə çox yaxından maraqlanan adam idi. Bakıda işlədiyi müddətdə ən çox getdiyi yer də S.Bəhlulzadə ilə yanaşı, T.Salahov və T.Nərimanbəyovun emalatxanaları idi...”

Yeni sənədlərdə rəssamın 1947-1974-cü illəri əhatə edən qeydləri də mövcuddur. Əski əlifba ilə yazılmış bu qeydlərdə müxtəlif mövzulara toxunulmuşdur. Hazırda mətnlərin dəqiqləşdirilməsi istiqamətində işlər görülməkdədir. Əldə olunan foto materialların arasında rəssamın əvvəllər çap olunmayan foto şəkilləri də vardır. Bütünlükdə üzə çıxarılan materialları böyük sənətkarın həyat və yaradıcılığının öyrənilməsinə böyük töhfə saymaq olar.//Teleqraf.com

 

 

 

 

 

 

 

 

 

 

 




Ana səhifəyə qayıt        Baxış: 904          Tarix: 23-11-2017, 23:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma