Mühacirətdə olan Azərbaycan mütəfəkkirlərini ictimai-siyasi və fəlsəfi irslərinə görə iki qrupa: 1) Azərbaycanın milli istiqlalı uğrunda davanı əsas məqsəd hesab edən, bu ideyanın tərkib hissəsi kimi Azərbaycan türk mədəniyyətini, tarixini, ədəbiyyatını, fəlsəfəsini və s. tədqiqat obyektinə çevirənlərlə; 2) Azərbaycanın milli istiqlal davasından daha çox, Türkiyə başda olmaqla ümumtürk mədəniyyətinə, ədəbiyyatına, fəlsəfəsinə və s. xidmət edənlərə ayırmaq olar.
Birinci qrupa M.Ə.Rəsulzadə, Ə.M.Topçubaşov, M.B.Məmmədzadə, H.Baykaara, M.S.Aran, C.Hacıbəyli, A.İldırım və b. daxil idilər ki, onlar Azərbaycan türklərinin istiqlalı davasını əsas hədəf seçmişdirlər. Bununla yanaşı, onlar türk dünyasına xidmət naminə, yəni bütün türklərin qurtuluşu, elmi-mədəni və siyasi tərəqqisi üçün Türkiyə, Türküstan, Krım, Başqırdıstan, Tatarıstan və b. yerlərdə yaşayan soydaşlarına da əllərindən gəldiyi qədər yardım edirdilər.
Azərbaycan Cümhuriyyətinin ideoloqu və öndəri Məhəmməd Əmin Rəsulzadə (1884-1955) mühacirət dövründə də Azərbaycan mühacir milli hökumətinin lideri, eyni zamanda Azərbaycan mühacir ziyalıları arasında da ən çox nüfuza malik idi. Milli Azərbaycan istiqlalı uğrunda savaş verməklə yanaşı, çağdaş anlamda milli Azərbaycan lobbiçiliyinin əsasını qoyan M.Ə.Rəsulzadə Azərbaycan mədəniyyətini, tarixini, ədəbiyyatını, adət-ənənələrini və s. xarici ölkələrdə yalnız təbliğ etməklə kifayətlənməmiş, eyni zamanda bu sahələrdə ciddi elmi-tədqiqat işləri apararaq, Azərbaycan elminə böyük töhfələr vermişdir.
M.Ə.Rəsulzadənin 1920-1940-cı illərdə Türkiyədə və Avropa ölkələrində türk, alman, fransız və polyak dillərində işıq üzü görən tarixi, ədəbi, siyasi, mədəni-fəlsəfi əsərləri arasında «Əsrimizin Səyavuşu» (1923, İstanbul), «Azərbaycan Cümhuriyyəti» (1923, İstanbul), «İstiqlal məfkurəsi və gənclik» (1925, İstanbul), «Bolşeviklərin Şərq siyasəti» (1928, İstanbul), «Millət və Bolşevizm» (1928, İstanbul), «Qafqasiya türkləri» (1928, İstanbul), «Qafqaz problemi ilə əlaqədar olaraq panturanizm haqqında» (1930, Paris), «Azərbaycanda milli hərəkat» (1934, Varşava), «Çağdaş Azərbaycan ədəbiyyatı» (1936, Berlin), «Azərbaycan poblemi» (1938, Berlin), «Azərbaycanın hürriyyət savaşı» (1939, Varşava) və başqalarını qeyd etmək olar.
Mühacirət dövründə M.Ə.Rəsulzadənin fəlsəfi irsini üç hissəyə: 1) Azərbaycanın milil istiqlal davası və «Azərbaycan» ideyası ilə bağlı tarixi, ədəbi-bədii, ictimai-fəlsəfi əsərlərə; 2) Pantürkizm, panturanizm, yeni turançılıqla bağlı siyasi-ideoloji yazılara; 3) Sovet Rusiyasının-kommunizmin tənqidinə və ona qarşı qoyduğu milli təsanüd sistemi ilə bağlı siyasi-fəlsəfi aspektli mülahizələrinə ayırmaq olar. Şübhəsiz, bir çox hallarda bu məsələlər, xüsusilə ilk iki problem mütəfəkkirin yaradıcılığında paralel şəkildə öz əksini tapmışdır.
Azərbaycanın istiqlal savaşına və «Azərbaycan» ideyasına (azərbaycançılıq) həsr olunmuş «Əsrimizin Səyavuşu» əsəri milli ideoloq tərəfindən Azərbaycan Cümhuriyyəti süquta uğradıqdan az sonra (1920-ci il iyun-iyul) Lahıcda qələmə alınsa da, ancaq məlum səbəblərə görə 1923-cü ildə Türkiyədə nəşr olunmuşdur. Bütövlükdə, «Əsrimizin Səyavuşu» siyasi-fəlsəfi xarakter daşıyan, Azərbaycan Cümhuriyyətinin milli ideologiyasını ortaya qoyan çox dəyərli bir əsərdir. Fars şairi Firdovsinin «Şahnamə» əsərini bir daha oxuyan və paralel müqayisə apararaq Firdovsinin qəhrəmanlarından biri olan Səyavuşun həyatını Azərbaycan Cümhuriyyətinə oxşadan Rəsulzadənin gəldiyi nəticəyə görə, İranla Turan arasında qalan Səyavuşla, Rusiya və İran arasında bölüşdürülə bilməyən Azərbaycan eyni taleyi yaşayır. Ancaq Firdovsinin Səyavuşundan fərqli olaraq Rəsulzadənin «Azərbaycan Cümhuriyyəti» adlı idealının bir gün azadlığa qovuşacağı əsərdə nikbinliklə qeyd edilir.
XX yüzilliyin böyük Azərbaycan türk ideoloqu «Əsrimizin Səyavuşu»nda yazır ki, bir çox zaman azərbaycanlılar öz türklüklərini və türk soyundan gəldiklərini bilməyərək xalis iranlı kimi özlərini hiss edib, iranlı kimi düşünüb, iranlı kimi yaşayıblar. Onun fikrincə, XIX əsrin əvvəllərində Şimali Azərbaycanın çar Rusiyasının idarəsinə keçməsinin xeyri bu oldu ki, «azərbaycanlılar özlərini ictimai bir vücud, xüsusi mədəniyyət toxumlarını daşıyan bir cəmiyyət, yəni ruslardan ayrı bir millət olduqlarını hiss etməyə başladılar». O qeyd edir ki, əfsanəvi Turan bir türk ölkəsi olduğu halda, Midiya dövlətini yaradan midiyalıların kim olduğu (məs., iranlı, turanlı və b.) indiyə kimi şübhəli idi. Ancaq sonralar Assur mixi yazılarının oxunması midiyalıların dilinin turanlıların dilinə yaxın bir dil olduğunu, hətta «Şumerlərin turani olduqlarını» qeyd etmişdir: «Fransız şərqşünaslarından Le Norman əski Şərq tarixinə aid nəşr etdiyi əsərində Midiyaya «Turan Midiyası» deyir. Və digər arkadaşına təqdim edərək buradakı qövmlərin türk olduqlarını belə iddia edir».
M.Ə.Rəsulzadə qeyd edir ki, İran tarixinin Midiyada bulduğu Aryanilər yerli deyildir. Onlar buraya Şərqdən gəlmiş və yerlil etnosları həmin ərazidən sıxışdırmışlar. Aryanilər-iranlılar buraya yerləşdikdən sonra həmin ərazilər təkrar Turanlıların hücumuna məruz qalmış, İran-Turan savaşlarının mühüm qismi Şimali İran ilə Cənubi-Şərqi Qafqazda cərəyan etmişdir. Bu dövrdən etibarən bu ərazilər iranlıların və turanlıların maddi və mənəvi nüfuzunda qalmışdır: «İndiki Azərbaycandan ibarət olan bura əhalisinin türkmü, yoxsa, farsmı olması çox zaman münaqişəli olub, insanlarına, xalq ədəbiyyatına, aşıq dastanları ilə çoban türklərinə, ənənə və adətlərinə baxanlara türk, rəsmi yazılarına baxanlara da fars demişlər. Kimisi bunları türkləşmiş fars, kimisi farslaşmış türk deyə qəbul etmişdir». Rəsulzadə Azərbaycan xalqının bir millət kimi formalaşmasında əsas rolun türklərə məxsus olmasına qətiyyən şübhə etmir. Onun fikrincə, «Turanın mərkəzində Azərbaycan» adlı bir ölkə yaranmışdır ki, «yeni Turanın açarı» ondadır. Yeni Azərbaycan Türk ocağı, əski-qədim Türk yurdudur.
Azərbaycanın milli ideoloquna görə, Türkiyə türkçüləri (Z.Gökalp və b.) turançılığı nəzəri şəkildə yaymaqda ikən, Azərbaycan turançıları bunu siyasi bir fəlsəfə kimi qəbul edərək qurduqları milli siyasi partiyanın prinsipi elan etdilər. Bu siyasi fəlsəfəyə görə, bütün müsəlmanları «İslam birliyi» altında birləşdirmək mümkün deyilsə, ancaq bütün türklər öz aralarında böyük dünya federasiyasına nümunə olmaq üzrə bir federasiya yarada bilərlər: «Yeni Turan, mədəni birlik üzərində təsis edilib ancaq gələcək birər Türk hökumətlərinin federasyonu şəklində təsəvvür oluna bilər. Azərbaycan da bu gələcək Turan silsiləsinin mühüm bir halqasıdır».
Gördüyümüz kimi, M.Ə.Rəsulzadə 27 Aprel işğalından az sonra Azərbaycan istiqlalının və «Azərbaycan» ideyasının yaşamasını «Yeni Turançılıq»la bağlamışdır. «Yeni Turançılıq» ideyası isə Rusiya əsarətində yaşayan bütün türklərin, o cümlədən Azərbaycan türklərinin əsas hədəflərindən biri olmalı, Z.Gökalpın təbrincə Rusiyanın dağılıb viran, Türkiyənin böyüyüb Turan olmasına yönəlməli idi. M.Ə.Rəsulzadənin bu fikirləri bir qədər romantik xarakter daşısa da, bütövlükdə «Azərbaycan» ideyasının yaşaması baxımından inandırıcı olan tərəfləri də az deyildir. Hər halda milli və siyasi «Azərbaycan» ideyasının müəllifi təsadüfi yazmırdı ki, yüz il əvvəl müxtəlif Xanlıqlar şəklində hakimiyyətimizi çar Rusiyasına qeyb etdiyimiz zaman bugünkü Azərbaycan birliyinə malik deyildik. Azərbaycan Xanlıqları çar Rusiyasının işğalına məruz qaldıqdan sonra, milli birliyi-Azərbaycan birliyini, Azərbaycan ideyasını bəlkə də, heç romantik şəkildə belə xəyal etməyən bir xalq onu əldə etmişdirsə, deməli, real «Azərbaycan birliyi» ortada olduğu halda Azərbaycanın istiqlalı qaçılmazdır.
Azərbaycan milli istiqlalı və «Azərbaycan» ideyasını «Azərbaycan Cümhuriyyəti» əsərində elmi dəlillərlə əsaslandırmağa çalışan M.Ə.Rəsulzadə burada qeyd edir ki, azərbaycanlılar milliyyət etibarilə türk, müxtəlif adlar daşıyan böyük türk ağacının bir qoludur: «Azəri türklərinin hal-hazırda yaşadıqları yerlər min ilə qədim türk xalqı ilə məskun idi. Gərək Bakı, Gəncə, Şamaxı, İrəvan ilə Təbriz, Marağa, Ərdəbil və sairə kimi vilayətlər və gərək Muğan, Arran, Qarabağ və Qaradağ kimi məmləkətlər daim türk elinin məskəni və türk xanlarının ovlağı olmuşdur. Bu yerlər özlərində bir çox türk sülalələrinin irili-ufaqlı hökumətlər qurduqlarını və illərlə səltənət sürdüklərini görmüşlərdir».
Bu əsərində M.Ə.Rəsulzadə bir çox məsələlərlə yanaşı, yeni dövlətə nədən «Azərbaycan» adının verilməsinə də aydınlıq gətirməyə çalışmışdır. Əslində bir türk dövlətinə «Azərbaycan» adı verilməsi M.Ə.Rəsulzadə və onun silahdaşları tərəfindən siyasi-ideoloji bir addım idi. Azərbaycan Cumhuriyyətinin ideoloqları, başda M.Ə.Rəsulzadə olmaqla yeni dövlətə «Azərbaycan» adının verilməsini isə üç faktorla izah etmişlər: 1) İranın şimal-qərbində məskunlaşmış türklərin yaşadıqları coğrafiya adı Azərbaycandır; 2) Cənubi-şərqi Qafqazda yaşayan türklərlə, İranın şimal-qərbində yaşayan türklər (dil, din, etnik, mədəni və sosial baxımdan) eynidir; 3) Cənubi-şərqi Qafqazda türklərin yaşadıqları coğrafiya da Azərbaycan adını daşımışdır.
Buradan belə bir nəticəyə gəlmək olur ki, cümhuriyyət ideoloqları, o cümlədən M.Ə.Rəsulzadə yeni dövlətə «Azərbaycan» adı verməklə ilk növbədə «tarixi-coğrafi» və «siyasi-inzibati» amili göz önünə almışlar. Yəni onlar dövlətlərinə həm qədim tarixi-coğrafi, həm də böyük bir siyasi-inzibati coğrafiyanı əhatə edən ad veriblər. Ancaq bu, məsələnin görünən tərəfi idi. Əslində, bu zaman cümhuriyyət ideoloqlarının qarşısında bir neçə məsələnin həlli dayanmışdı. Şübhəsiz, əsas hədəflərdən biri, bəlkə də birincisi Qacarlar dövlətinin ən böyük siyasi-inzibati vilayətlərindən biri Azərbaycan olmuşdur. Cümhuriyyət ideoloqlarının cənubi Azərbaycan türkləri ilə Qafqaz türklərinin eyni kökə, dilə, mədəniyyətə və s. ilə bağlı olduqlarını da açıq şəkildə söyləməsi bunu bir daha ortaya qoyur. Deməli, Cümhuriyyət ideoloqları tərəfindən yeni dövlətə «Azərbaycan» adının verilməsi, nə zamansa İran türkləri ilə Qafqaz türklərinin Azərbaycan adlı dövlətdə birləşməsi, bütövləşməsi ideyası ilə bağlı olmuşdur. Fikrimizcə, bu səbəbdən o vaxt, yeni dövlətə kiçik bir ərazini əks etdirən «Cənubi Qafqaz Türk Cümhuriyyəti», «Xəzər», «Albaniya», «Şirvan» və b. adların verilməsindən qəti şəkildə imtina olunmuşdur. Y.Qarayev yazır ki, M.Ə.Rəsulzadənin və onun başçılıq etdiyi Milli Şuranın sayəsində «Azərbaycan» adı qalib gəlmişdi.
Dos., Dr. Faiq Qəzənfəroğlu (Ələkbərli)
Paylaş: