Xəbər lenti

 

1928-ci ilin əvvəllərindən nəşr olunmağa başlayan «Azəri Türk» də «Yeni Qafqasiya»nın ideya xəttini davam etdirərək Azərbaycan istiqlalını və onun tərkib hissəsi kimi, bu ölkənin mədəniyyətini, ədəbiyyatını, tarixini, mədəniyyətini və s. təbliğ edirdi. Jurnalın əsas yazarlarından M.Ə.Rəsulzadə, M.B.Məmmədzadə, Ə.Cəfəroğlu, Əmin Abid (Gültəkin), Məmməd Sadıq və b. Azərbaycanın istiqlal ideyasını dönməz bir şəkildə sürdürürdülər. Jurnalın ilk sayında dərc olunan «Tutacağımız yol» adlı məqalədə yazılır: «Gedəcəyimiz yol əski zaman şairlərinin iftixar etdikləri kimi «Rəhi-narəbdə» (getməyən yol) deyilir. Əksinə, bu yol çox müşkül və tikanlı olmaqla bərabər, gedilmiş şanlı bir yoldur. Bu həqq yolu və millət yoludur... Bir yol ki, səvarisi milliyyət hədəfi istiqlalıdır! «Azəri Türk» hərbi-ümuminin nəticəsində bilfeli istiqlal mücadiləsinə atılan və illərdən bəri böyük bir eşq və hərarətlə izlədiyi cümhuriyyət qayəsinə irmiş bulunan, fəqət milli istiqlalı təkrar səqdəyə uğrayan bir türk elini, Azəri türk xalqının daha müstəlah isimlə «Azərbaycan Cümhuriyyəti»nin həyat və müqəddəratı ilə əlaqədar bir məcmuədir».

«Azəri Türk»də nəşr olunan digər məqalələrdə Azərbaycanın milli istiqlal mübarizəsi ideyası ilə bağlı yazılırdı ki, 28 May istiqlal günü Azərbaycan xalqının milliyyət dövründən millət dövrünə keçdiyini təsbit edən bir tarixdir. Bu jurnalın 1928-ci ildə nəşr olunan 9-cu sayında yazılır: «Bu tarixdən etibarən etibarən Azəri Türk xalqı ötəndən bəri bəslədiyi milli məfkurəni tamamilə saflaşdırmış, hər nə bahaya olsa da, öz həyatıyla yaşamağa və ancaq özünə tabe olmağa əzm etmişdir. Milli həyatla yaşamaq və milli hakimiyyətə tabe olmaq, budur istiqlal!». Başqa bir məqalədə isə yazılır ki, 27 Aprel pərdəsi Azərbaycanın üzərindən gec-tez götürüləcək və bunu edəcək güc, qüvvət istiqlaçı Azərbaycan nəslidir: «o nəsil ki, yabançı istila qüvvətinə qarşı var gücüylə mücadilə edərək qeyri-bərabər mücadilədə çox böyük qurbanlar verməklə yanaşı əzmindən dönmür, xalqın gözünü açmaq, ruhunu yüksəltmək və qurtuluş gününü gözləyən ümidini qüvvətləndirmək üçün bütün mövcudiyyətini fəda edir. Çünki qızıl imperailzmin zorla tətbiq etdiyi istila rejiminə qarşı passiv surətdə müqavimtə edən zümrə bu mərd zümrədir. Bunun üçündür ki, düşmən bütün hiddətini, bütün şiddətini və bütün nifrətini bu zümrəyə, bu orduya yönəltmişdir».

«Yeni Qafqasiya» və «Azəri Türk»ün ideya xəttini davam etdirən «Odlu Yurd» dərgisində də siyasi yazılarla yanaşı, elm və ədəbiyyatla bağlı məqalələr də nəşr olunurdu. Elm və ədəbiyyatla bağlı yazıların əsas müəllifləri M.B.Məmmədzadə («Azərbaycan tarixinə aid notlar» və b.), M.Ş.Əfəndizadə («Sabirə aid xatirə» və b.), Ə.Cəfəroğlu («Tarixdə Azərbaycan-Rus münasibəti» və b.), M.Ə.Rəsulzadə («Tarixçəyə qarşı siyasi» və b.) və başqaları idi.

«Odlu yurd» jurnalının ilk sayındakı «Çöhrəmiz» adlı məqalədə yazılır: ««Odlu yurd»! bu iki söz türkcə kəlmənin «Azərbaycan»ın müqabil olduğunu söylərsək, məsələn, yarı-yarıya anlaşılmış olur. Yarı-yarıya deyirik, çünki hal-hazırda bir deyil, iki Azərbaycan vardır. Rus istilasına pərdəlik rolunu oynayan «qızıl Azərbaycan» ilə, qəlbində hürriyyət və istiqlalın sönməz odunu daşıyan milli Azərbaycan! «Odlu yurd» milli Azərbaycan fikrinin mürəvvici olaraq intişar edir… Qəzetimizin başında Azərbaycanın əski, yeni maddi çox bulunan işıq və odlarını göstərən lövhədə bu hər tərəfə nur saçan, bir ulduz şəklində göstərilmişdir. Səkkizguşəli ulduz Milli Azərbaycan ulduzudur. Bu ulduz hilalı ilə birlikdə mavi, qırmızı və yaşıl rənglərin üzərinə gəlincə Milli Azərbaycan bayrağını təşkil edər. Milli Azərbaycan bayrağı- budur bizim çöhrəmiz!».

Yuxarıda adı çəkilən jurnalların yolunu davam etdirən, 1930-cu ildə M.B.Məmmədzadənin redaktorluğu ilə İstanbulda nəşr olunan «Bildiriş» (1930-1931) Azərbaycan mühacirlərinin vətəndən kənarda çıxartdıqları ilk siyasi həftəlik qəzet idi. Qəzetin ilk sayında yazılırdı ki, burada siyasi xəbərlərlə yanaşı, Türk dünyasında cərəyan edən milli, mədəni və ictimai hərəkatlar haqqında ətraflı məlumatlar verilməklə bütün türk cəmiyyətini bilgiləndirməyə çalışacaqlar: «Verəcəyimiz məlumat Türk millətinin ana beşiyi olan qardaş Türküstana, Türküstanla Anadolu arasında uzanan zəngin və gözəl Azərbaycana, Xəzər imperatorluğunun, Altunordu səltənətinin yerində duran və Kazanla Başqırdıstandan ibarət İdil Ural türklüyünə, Qara dənizin şimalında Andolu ilə qarşı-qarşıya duran sevimli və gözəl Türk Krıma və Şimali Qafqasiyaya aid olacaq, 40 milyon Türkün yaşadığı bu ərazidə cərəyan edən hadisələri, milli istiqlal mücadilələrini təsvir edəcəkdir». Qeyd edək ki, «Bildiriş»in azərbaycanlı müəllifləri (M.B.Məmmədzadə, M.Ə.Rəsulzadə, B.E.Ağaoğlu və b.) Azərbaycan Milli İstiqlal tarixi, Türk dünyasının mədəni, ədəbi əlaqələri, Sovet Rusiyası siyasətinin tənqidi ilə bağlı və s. məqalələrə  xüsusi yer ayırmışlar. B.E.Ağaoğlu «Solovkidə gördüklərim» məqaləsində isə SSRİ həbs düşərgələrinin dəhşətlərindən, sürgündə olan azərbaycanlıların acı və dözülməz həyatından bəhs etmişdir.

1932-ci ilin əvvəllərində Türkiyədə nəşr olunmağa başlayan «Azərbaycan Yurt bilgisi» jurnalı isə, Azərbaycan türk mühacir ziyalıların əvvəllər müəllfiləri olduqları qəzet-juranallardan bir qədər fərqli yol tutmuşdur. Belə ki, Azərbaycanın tanımış alimi Əhməd Cəfəroğlunun redaktorluğu ilə nəşr olunan bu jurnalda əsasən, elmi məqalələr nəşr olunur, siyasi yazılara ümumiyyətlə, yer verilmirdi. Jurnalın ilk sayında bildirilirdi ki, Azərbaycanın istiqlal davası ilə yanaşı, onun bu istiqlala qədər keçdiyilaiqlalı ilyə yanaşı,,yazılara ümumiyyətlə yer verilmirdi. ərəyan edən hadisələri, milli istiqlal mücadilələrini  yol da tədlqiqat obyektinə çevrilməli, Azərbaycan türk mədəniyyəti, tarixi, ədəbiyyatı və s. dünya dövlətlərinə tanıtdırmalıdır. Jurnal qarşısına Azərbaycanı hər bir sahədə, yəni mədəni, ədəbi, tarixi və s. araşdırmaq, bunula yanaşı ortaq türk mədəniyyətinin qaranlıq, naməlum qalan nöqtələrini aydınlaşdırmağı əsas hədəf kimi seçmişdir.

Bütün bunlara baxmayaraq, jurnalda işıq üzü görən məqalələrdə Azərbaycanın istiqlal davası ilə bağlı yazılar da nəşr olunmuşdur. Xüsusilə bu məqaləlrdə 27 Aprel və 28 May kimi tarixi günlərin siyasi-ideoloji mənası açıqlanırdı. Bununla da, jurnal Azərbaycan istiqlal davasını öz səhifələrində yaşatmış olurdu. Belə məqalələrin birində yazılır: «Zavallı Azərbaycan! Çəkmədiyin qalmadı. Uğurlu, anlı və şanslı günlərin qara günlərə çevrildi. Müqəddəs üç rəngli bayrağın yerinə yad ellərin müstəqil bayrağı quruldu… Türkün yurdu Türk tarixində bir çox 27 Aprel fəlakətləri keçirmiş, fəqət hər bir vaxt ülküsünü itirməmiş, istiqlaliyyətini unutmamışdır. 27 Aprelin qara günlər acısına Sibirdəkilər aclıqla, daxildəkilər milli qiyamlarla, xaricidəkilər birlikləri ilə mücadilə etdilər».

Jurnalda M.Ə.Rəsulzadə («Milli Azərbaycan hərəkatını xarakteri» və b.), Ə.Cəfəroğlu («Şərqdə və Qərbdə Azəri ləhcəsi tədqiqləri» və b.), M.B.Məmmədzadə («Dövlətlərarası münasibətlərə dair vəsiqələrdə Azərbaycan» və b.), H.Sahir («İran Azərbaycanının təbii coğrafiyası» və b.) və başqalarının elmi məqalələri nəşr olunmuşdur.

1932-ci ildə Azərbaycan türk mühacirlərindən Ə.Ağaoğlunun redaktorluğu ilə İstanbulda «Axın» adlı qəzeti nəşr olunmuşdur ki, burada daha çox Türkiyənin ictimai-siyasi həyatına aid məqalələr işıq üzü görmüşdür.

1931-ci ildə Sovet Rusiyasının təzyiqləri nəticəsində Türkiyə höküməti  Azərbaycan türk ziyalılarının fəal bir qismini (M.Ə.Rəsulzadə, M.B.Məmədzadə və b.) sərhədlərindən kənara çıxartmağa məcbur oldu. Bu səbəbdən, 1931-ci ilin sonlarında Türkiyəni tərk edərək Almaniyaya gedən mühacirlər M.Ə.Rəsulzadənin başçılığı ilə Berlində əvvəlcə «İstiqlal» (1932-1934) qəzetini, daha sonra «Qurtuluş» (1934-1938)jurnalını nəşr etdirirlər. M.Ə.Rəsulzadə «İstiqlal» qəzetində nəşr etdirdiyi «Qısılmayan bir səs» məqaləsində yazır: «Mütaliənizə təqdim olunan bu qəzet müqəddəs bir davanın müdafiəsi üçün yüksələn bir səsi mədəni dünyaya göstərmək üzrə nəşr olunur. Milli Azərbaycan istiqlal davasının səsi! - Budur bizə həyəcan verən nida!».

M.Ə.Rəsulzadə indiyə qədər istiqlal səsinin Türkiyədən gəlməsinə də işarə edir: «Bu gün Berlindən eşitdiyiniz bu səs, on ilə yaxın bir müddətdən bəri İstanbuldan gəlirdi və nə qədər təbii idi. Gənc bir türk vətəninin, istilaya uğramış bir türk millətinin qəsb edilmiş haqqını və haqq etmiş istiqlalını müdafiə etmək üzrə, türkcə olaraq intişar edən bir nəşrə, sığınmaq üçün qardaş Türkiyədən daha münasib bir yer təsəvvür etmək oluna bilmirdi?!... Yabançı rus istilasının qızıl terroru altında boğucu bir təəssüflə oxunacaq bu məqalənin azərbaycanlı mücahidlərdə doğuracağı təsir, bu sətirləri yazarkən bizi çox düşündürür». Ancaq Rəsulzadə bu məsələyə görə türklərin düşmənlərini sevinməyə tələsməməyə çağırır: «Bununla bərabər Azərbaycan mücadiləsini, bir an durmadan, bütün cahana əks etdirmək ehtiyacındayıq. Türkiyə taktikasının dəyişəcəyinə intizarən, Azərbaycan hərəkatı, çox təbii olaraq, səsi qısıq qala bilməz!».

Gördüyümüz kimi, 1920-1940-cı illərdə Azərbaycan türk ziyalılarının mühacirətdə nəşr etdiyi əksər qəzet və jurnalların əsas qayəsini, ilk növbədə Azərbaycanın azadlığı və istiqlalı ideyası təşkil etmişdir. Mühacir ziyalılarımız bu qəzet və jurnallarda nəşr olunan əksər məqalələrində Azərbaycan Cümhuriyyətinin yenidən müstəqilliyə qovuşması inamını ifadə etməklə yanaşı, Azərbaycan tarixi, ədəbiyyatı, mədəniyyəti, fəlsəfəsi və s. dair əsərlər yazmış, Azərbaycan elminə mühüm töhfələr vermişlər. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan elminin bir çox sahələrində ilk cığırları da məhz mühacir ziyalılarımız açmış, məşəl rolunu oynamışlar.

 

Dos., Dr. Faiq Qəzənfəroğlu (Ələkbərli)




Ana səhifəyə qayıt        Baxış: 1 037          Tarix: 16-11-2017, 20:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma