Xəbər lenti
Dünən, 19:25

 

Şair-publisist Göyərçin Kəriminin qış təəssüratlarını əks etdirən şeirlərini Ovqat.com oxucularına təqdim edirik:

 

Yağma, qar

 

Ay yoluma yağan qar,

Səni necə sevməyim?

Göydən gələn qonaqsan,

Amma səni sevdiyim

Qədər otağım soyuq,

Yastığım nəm qoxuyur.

 

Hər fəslin öz sevinci,

Hər qarın öz şəkli var.

Havadan, qardan incik,

Olmağım yalan olar.

Yundan əlcəyim yoxdur,

Isti pencəyim yoxdur.

 

Yağma, yağma, gözəl qar,

Qansızam bu aralar.

Dənələrin buz dolu,

Küləyin sürəti çox.

Pəncərəni açıram,

Buzlar gözümə dolur.

 

Yoldan gəlirsən əgər,

Dayan, nəfəsini dər.

Bu gün cəftəyə dəymə,

Odunumuz qalmadı.

Yox, yox, sabah da döymə,

Bəlkə, evdə olmadım.

 

             07 dekabr, 2016

 

                Söz ver

 

Yatmağa tələsirəm,

amma mənə söz ver ki,

yuxuma gələcəksən,

Yağış selləri kimi....

.

Üzümə güləcəksən,

ölümün səslədiyi

soyuq qış gecəsinin

bəyaz telləri kimi....

 

Saçımda əllərini

itirib gəzəcəksən,

gözünü döyəcəksən

otaq gülləri kimi...

 

Yuxuda olacağam,

yanımdan keçəcəksən,

başımdan əsəcəksən

Qovaq yelləri kimi...

 

... amma söz ver, oyansam,

çıxıb getməyəcəksən,

ömrümün günəş dolu

keçmiş illəri kimi...

 

                          28 iyun, 2015

 

 

     Uğur

 

İstər naza vüqar de,

Təzə sözə nübar de,

Torpağıma bahar de,

Mən olmayandan sonra.

 

Ruhuma yağış çilə,

Şənimə gilə-gilə

Vüsal iç, gül al, ələ,

Mən olmayandan sonra.

 

Kotan gətir, xış gətir,

Dən səpib yağış gətir,

Dərməyə baxış gətir,

Mən olmayandan sonra.

 

Bulud nəyimə gərək,

Umud nəyimə gərək,

Sur, ud nəyimə gərək,

Mən olmayandan sonra?

 

Yaxın gəl, ya uzaq dur,

Mən getdim, təzədən qur

Dünyanı, ad ver, – uğur,

Mən olmayandan sonra.

 

              02 avqust, 2016

 




Ana səhifəyə qayıt        Baxış: 975          Tarix: 31-12-2017, 09:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma