Şair Aləm Kəngərlinin redaksiyamıza göndərdiyi iki sevgi şeirini Ovqat.com oxucularına təqdim edirik:
Sən bu şeirləri kimə yazısan?
Artıq məndə taqət, dözüm qalmayıb,
Ürəyim kül olub, közüm qalmayıb.
Deyiləsi yeni sözüm qalmayıb,
Sən bu şeirləri kimə yazısan?
O, məndən şirinmi, məndən gözəlmi,
Məndən vəfalımı, məndən əzəlmi,
Məndən mehribanmı, məndən özəlmi,
Sən bu şeirləri kimə yazırsan?
Mən necə gizlədim, mən necə danım,
Sən keçən yollardır mənim ünvanım.
Sirrini açsana, ay gözəl xanım,
Sən bu şeirləri kimə yazırsan?
Yazırsan, çəkisi, boyu bilinmir,
Milləti bilinmir, soyu bilinmir,
Nə vaxt olmalıdı toyu, bilinmir,
Sən bu şeirləri kimə yazırsan?
Saçları, gözləri, qaşı necədir,
Ağıllı, mədəni, naşı, necədir,
Varmı bir iş-gücü, yaşı neçədir,
Sən bu şeirləri kimə yazırsan?
Ağırmı, yüngülmü aparır özün,
Mənim tək sadiqmi, tuturmu sözün,
Cavab ver, qalmayıb canımda dözüm,
Sən bu şeirləri kimə yazırsan?
Təvəllüdün, günün, ayın gizləyib,
Oxunu atırsan, yayın gizləyib.
Səni sevənlərin sayın gizləyib,
Sən bu şeirləri kimə yazırsan?
Nə vaxtsa incidib, döz demişəmmi,
Sənə güldən ağır söz demişəmmi,
Məndən ümidini üz demişəmmi,
Sən bu şeirləri kimə yazırsan?
Bilirəm, dalınca sürünən çoxdur,
Dil tökən, yüz cildə bürünən çoxdur.
Ancaq mənim qədər sevənin yoxdur,
Sən bu şeirləri kimə yazırsan?
Bəlkə elə mənəm, nişan versənə,
Xoşbəxtlik, səadət gətirim sənə.
Qoyma, sevirsənsə, ürəyim sönə,
Sən bu şeirləri kimə yazırsan?
Söylə, söylə mənə, kimə yazırsan?!
Neynim
Səni sevdim, alın yazım,
Ürəyim köz oldu, neynim.
Həzin nəğməm, xoş avazım
Bölünüb söz oldu, neynim.
Yorulmadım izləməkdən,
Usanmadım özləməkdən,
Gecə-gündüz gözləməkdən
Ümidlərim soldu, neynim...
Keçmir gecəm, gəlmir səhər,
Günüm-qara, aşım-zəhər.
Ayrı düşdük, qüssə, qəhər
Gözlərimə doldu, neynim.
Dedi-qodu üzdü bizi,
Dərd sındırdı dizimizi,
Tikan tutub izimizi,
Bu da belə yoldu, neynim.
Könül verdim, aranmadım,
Oxşanmadım, daranmadım,
Sevinməkçün yaranmadım,
Məndə kədər boldu, neynim.
Paylaş: