Nəriman QASIMOĞLU
Şərqşünas-alim, teoloq
Qohumlararası izdivacı ənənəvi müsəlmanların nəzərində qanuniləşdirən bir məqam “Oxu”nun (“Quran” nəzərdə tutulur-red.)“Qadınlar” surəsindəki bir ayə ilə bağlıdır. Həmin ayədə evliliyin kimlərlə yasaqlandığı siyahıda əmi, dayı, bibi, xala uşaqları yer almır: “Atalarınızın evlənmiş olduqları qadınlarla evlənməyin. Keçmiş ola keçmişdəkilər. Gerçəkdən də bu bir pozğunluq, nifrətamiz bir şey. Və yamandan yaman bir yol. Sizə haram qılınmış: analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş qızları, bacı qızları, sizi əmizdirmiş süd analarınız, süd bacılarınız, qaynanalarınız, qovuşduğunuz qadınlarınızdan olub evlərinizdəki qızlıqlarınız – nə qədər ki, qovuşmamış olsanız, yox günah üstünüzdə – belinizdən gələn oğullarınızın halalları. İki bacını birlikdə almanız da haram. Keçmiş ola keçmişdəkilər. Tanrı, şəksiz, bağışlayan, rəhmli” (4:22-23).
Və “Oxu” ayələrinin başqa birində isə əqrəba evliliyilə bağlı ifadə olunan mətləbin yalnızca peyğəmbərə aid kontekstdə aşkarlandığı görünür: “Ey peyğəmbər, biz sənə halal elədik – mehirlərini verdiyin eşlərini, Tanrı sənə qənimət verdiyindən yiyə durduqlarını, səninlə bir köç eyləmiş əmin, bibin, dayın, xalan qızlarını və başqa inananlara deyil də təkcə sənə aid olaraq inanan bir qadını ki, canını peyğəmbərə hədiyyə vermiş ola, peyğəmbər də onunla nigahlanmaq istəyə. Təkcə sənə xas olaraq, inananlar bir yana. Biz bilmişik onlara nələri fərz qılmışıq eşləri və əlləri altında olanlar barəsində. Ki, sənin üstündə bir sıxıntı olmasın. Tanrı bağışlayan, rəhimli” (33:50).
Bu ayənin bir sıra tərcümə-izahlarında peyğəmbərə aid ifadə olunan evlənmə istisnası, ona pənah gətirmiş və könül vermiş, cehizi-filanı olmayan bir xanımla əlaqəli təqdim edilir.
Bir daha vurğulayım ki, evlənmə yasağının sadalanan qohumlara aid olmadığı fikrinin doğrultusunda yuxarıda “Qadınlar” surəsindən sitat gətirdiyim ayələrə də diqqət çəkilir ki, həmin ayələrdə kimlərlə cütləşmə yasaqlarında əmi, dayı, bibi, xala uşaqları xatırlanmır.
Ancaq yenə də diqqət verilməlidir ki, 33-cü surəsindəki (“Firqələr”) ayə misalında qan qohumları ilə nigahlanma halallığının ifadəsi məhz peyğəmbərə (“ey peyğəmbər”) yönəldilir və şüuraltına təlqin olunan mətləb əslində odur ki, deyilənlər ümumiyyətlə Məhəmməd Seçilmişə aid bir xüsusatdır.
İslamın ağır şərtlərlə müşayiət olunan ilkin yayılışı çağında peyğəmbərin qan qohumları ilə nigahlanmasının icazəli olduğu nədənlərinin, əlbəttə, tarixi hikmətləri də olmamış deyil. Ondan öncəki təktanrılıq elçiləri olan peyğəmbərlərdən bəzilərinin nümunəsində də bunu görürüksə, deməli, yuxarıda qeyd olunan istisna qan qohumlarını da içərir və bunun yalnız peyğəmbərə aid bir xüsusat olduğu qənaəti möhkəmlənir.
Mətnin orijinalındakı “xalısətən ləkə dunə-l-muminin” (“təkcə sənə xas olaraq, inananlar bir yana”) ifadəsində qrammatik məntiqin ilk diqtəsi, əlbəttə ki, sözügedən istisnanın məhz özünü peyğəmbərə fəda etmiş bir xanıma aid olduğu fikrini yaradır, çünki zərf kimi təsirlik halda işlənən “xalısətən” sözü tək qadına aid olaraq müənnəsdə, yəni qrammatik qadın cinsindədir. Məsələ burasındadır ki, cəm halında olaylar, əhvalatlar da ərəbcədə müənnəsin təkində keçir. Bu mənada ayədə evlilik halallıqları ilə bağlı ayrıntıların ümumiləşməsini də müənnəsə aid etmək mümkün görünür. Belədə qan qohumları ilə evliliyin yalnızca peyğəmbərə dair xüsusatına bağlı qənaətimiz daha çox isbatlanmış nəzərə çarpır.
Başqa bir dəlilimiz də budur ki, “xalısətun” sözü mətnin orijinalında “Sad” surəsinin 46-cı ayəsində qrammatik cinsə uyğunlaşma dışında, kişilərə də aid olaraq ön qoşması ilə birgə ayrıca işlənir: “innə axlasnəhum bixalısətin zikra-d-dəri”. İfadə İbrahim, İshaq, Yaqub peyğəmbərlərə aiddir: “Biz, şəksiz, yurd yaddaşına xas-xalis qıldıq onları”.
Qayıdıram “Qadınlar” surəsindəki ayələrə ki, bunların təqdim etdiyi siyahıdaəmi, dayı, bibi, xala uşaqları yasaqlanmışlar arasında yoxdur. Bu ayələr sözügedən nigahlanmanı yasaqlamırsa, bunun icazəli olduğu qənaətinə, necə, gəlmək olarmı? Qəti bir cavablama öncəsi, onu deyim ki, “Oxu” məntiqi universal məntiqdir. Bir ayədə yalnızca peyğəmbərə aid bilinən başqa birisində açıqca yasaqlanmırsa, deməli, zəruri bir istisna üçün də yer qoyulur. Heç şəksiz, yaxın qan qohumları arasında evliliyin gələcək nəsil artımında bəlli tibbi və sağlamlıq fəsadlarını nəzərə alan mətn zəruri məcburiyyət hallarını (cütlər arasında böyük sevgi və s. və i.) da nəzərə alır.
Paylaş: