“Bu gün 85 yaşım tamam olur. Srağagündən təbrik zəngləri gəlir. Hamı deyir “doğum günün mübarək!”. Mən də ki, təmtəraqlı doğum günü istəmirəm. Ancaq sakitlik istəyirəm”.
Bunu Modern.az-a açıqlamasında xalq artisti, tanınmış bəstəkar Arif Məlikov bu doğum günündən danışarkən deyib.
Arif Məlikov sağlığında onun üçün qoyulan heykəldən də söz açıb: “Gəncədəki Filarmoniyanın qarşısında bir neçə il bundan qabaq heykəlimi qoyublar. Heç öz heykəlimi görməmişəm. Bir onu bilirəm ki, Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov və Niyazinin yanında mənim də heykəlim var. Sağlığında heykəl qoyulan nadir insanlardanam. Amma xasiyyətim elədir ki, ancaq öz işimlə məşğul olan adamam. Bu, əvvəldən belə olub. İndi elə zəmanədir ki, kimsə bir mahnı yazır və 5-6 il ondan danışır. Amma mən belə şeyləri sevmirəm. Çox ciddi adam olduğumu hamı bilir. Qeyri-ciddi işlər mənlik deyil. İllərdir ki, bir missiyam var. Xalqım, dövlətim üçün bəstəkarlar yetişdirmək”.
Bəstəkar heç bir arzusunun olmadığını bildirib:
“İndi 85 yaşındayam. Heç qocalıqdan da qorxmuram. Əvvəldən necə yaşamışamsa, o cür də yaşayıram. Hər zaman başım dik olub. Heç kəsdən heç nə istəməmişəm. Elə böyük arzum da yoxdur. Bu dəqiqə öz canımın qeydinə qalıram. Həkimlər səhhətimlə məşğul olur”.
Bəstəkar və rəssam, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, xalq artisti, Dövlət mükafatı laureatı, professor Arif Cahangir oğlu Məlikov 13 sentyabr 1933-cü ildə Bakı şəhərində anadan olub. O, 1958-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin bəstəkarlıq sinfi üzrə bitirib. Həmin ildən orada dərs deməyə başlayıb, hazırda orada professor və bəstəkarlıq kafedrasının müdiri kimi çalışır. Bəstəkar Arif Məlikovun yaradıcılığı parlaq istedad və özünəməxsuluq ilə səciyyələnir. O, öz əsərlərində milli musiqi ənənələrini XX əsr musiqisinin nailiyyətləri ilə birləşdirərək mütərəqqi təfəkkürə malik sənətkar kimi çıxış edir. Onun yaradıcılığına yüksək ideya, dolğun məzmun, obrazların dərin emosional-psixoloji ifadəsi xasdır.
Görkəmli türk şairi Nazim Hikmətin librettosu əsasında yazdığı ilk böyük əsəri – “Məhəbbət əfsanəsi” baleti Arif Məlikova dünya şöhrəti qazandırıb. Bəstəkarın sonrakı yaradıcılıq uğurlarından biri özbək yazıçısı Ş.Rəşidovun “İki qəlbin kitabı” əsəri əsasında yaratdığı “İki qəlbin poeması” baleti olub.
Arif Məlikovun əsərləri onun yeni formalar, yeni konstruktiv yollar axtarışını əks etdirməklə müəllifin yaradıcılığının genişmiqyaslı olduğunu və rəngarəngliyini nümayiş etdirir.
Arif Məlikovun əsərləri dünyanın bir çox ölkələrində – Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, Türkiyə, Braziliya, Avstriya, Norveç, Finlandiya, İtaliya, Misir, Tailand, Yuqoslaviya, Bolqarıstan, Ruminya, Macarıstan, Çexiya, Slovakiya, Polşa, Almaniya, Özbəkistan, Qazaxıstan, Moldova, Ukrayna və Gürcüstanda ifa olunub.
Paylaş: