Xəbər lenti

 

Bildiyiniz kim, bu il təhsil haqqında qanuna edilmiş dəyişikliyə görə, subbakalavrlar imtahansız universitetə qəbul olmaq hüququ qazandı və 4774 nəfər bundan yararlanıb. Onlardan 4142 subbakalavr ödənişli əsaslarla, 632 subbakalavr dövlət sifarişli, ödənişsiz ixtisaslara qəbul oldu. 

Qeyd edək ki, subbakalavr - оrta iхtisas təhsili pilləsində məzunlara verilən peşə-iхtisas dərəcəsidir. Onların heç də hamısı əyani təhsil almaq imkanlarına malik deyil. Bir qisminin işləməsi, bir qisminin isə ailəli olması əyani təhsildə iştiraka mane olur. Təhsil eksperti Kamran Əsədov isə bu kateqoriyadan olan tələbələr üçün maraqlı təhsil modeli təklif edir. 

K.Əsədovun sözlərinə görə, əksər ixtisaslar əyani olduğundan subbakalavrlara “part-time” təhsil modeli tətbiq oluna bilər: “Qəbul olunan subbakalavrlar say etibarilə daha çox Azərbaycan Kooperasiya Universitetinə (489 nəfər), Azərbaycan Dövlət İqtisad Universitetinə (334 nəfər), Bakı Biznes Universitetinə (319 nəfər) və Sumqayıt Dövlət Universitetinə (306) qəbul olunub. Ali təhsil müəssisələrinin qəbul planı və onların dolma faizinə baxdıqda isə Əmək və Sosial Münasibətlər Akademiyasına qəbul olunanların 56.92%-nin, Bakı Biznes Universitetinə qəbul olunanların 51.45%-nin, Azərbaycan Kooperasiya Universitetinə qəbul olunanların 39.44%-nin subbakalavrlar olduğunu görərik. Amma qəbul olmuş subbakalavrın böyük əksəriyyəti ya işləyir, yada ailə həyatı qurub. İxtisasların da 90 faizinin əyani olduğunu nəzərə alsaq, bu onlara çətinlik yaradacaq deməkdir”. 

Ekspertin sözlərinə görə, subbakalavra ali təhsil almaq hüququnun təmin edilməsi təhsilin əlçatımlılığı və əhatə dairəsinin genişləndirilməsi məqsədi daşıyırdı. Amma bu təhsil alma forması, yəni əyani təhsil almaq onların işini çətinə salacaq: “Ona görə də, subbakalavr üçün təhsil alma formasını dəyişmək lazımdır. Təklif edirəm ki, subbakalavrlar üçün daha geniş təhsil imkanlarının yaradılması məqsədi ilə “part-time” təhsil modeli tətbiq olunmalıdır. "Part-time” (tədrisə qismən cəlb olunma) əyani təhsilalma formasının bir növü olub, hər semestrdə iki fəndən az olmamaqla tədris qrafiki tələbənin özü tərəfindən planlaşdırılır. Subbakalavrın ən çox qəbul olduğu universitetlərin rəhbərliyi bunu mütləq nəzərə almalıdır”.




Ana səhifəyə qayıt        Baxış: 343          Tarix: 23-08-2019, 15:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma