Xəbər lenti

Hacı Zeynalabdin Tağıyevin heykəli Xalq rəssamı Xanlar Əhmədovun layihəsi əsasında hazırlanacaq.

Heykəltaraş Xanlar Əhmədov "Report"a açıqlamasında bildirib ki, layihə ilə bağlı aparacağı danışıqlar əsasında vaxt təyin olunacaq, heykəlin ölçüləri müəyyənləşəcək və bundan sonra işə başlanılacaq:

"Güman edirəm ki, gələn həftə üçün görüş keçiriləcək. Heykəlin hazırlanması bizim üçün adi şeydir. Müsabiqə üçün təqdim etdiyim layihə köhnə fikrim idi ki, Azərbaycanın görkəmli şəxsiyyətlərinə aid iş sərgiləyim. Bir çox məşhur şəxslərin heykəllərini hazırlamışdım. Müsabiqəyə təqdim etdiyim maketi də çoxdan hazırlamışam, sadəcə müsabiqə elan olunanda 10 illik əl işimə bir az da əl gəzdirməli oldum. Yeni variantlar hazırladım və üç formada eskiz təqdim etdim. Oturan yerdə, ayaq üstə və digər formada. Münsiflər bu eskizi bəyəndilər, yaxşı da etdilər və düzgün qərar sayıram".

Heykəltaraş vurğulayıb ki, qalib seçilən heykəlin hazırlanması heç də qəliz deyil: "Təxminən 2-3 aylıq iş var, bu müddətə hazırlamaq olar. Aşağısı qara və qırmızı qranit, heykəl özü isə tuncdan olacaq".

Xatırladaq ki, Heydər Əliyev Fondunun bu gün yaydığı məlumata görə, münsiflər heyətinin qərarına əsasən, Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirdiyi açıq heykəltəraşlıq müsabiqəsinə təqdim olunan 26 layihə arasından Xanlar Əhmədovun layihəsi qalib seçilib.

X.Əhmədov Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov və Niyazinin heykəllərinin müəllifidir.




Ana səhifəyə qayıt        Baxış: 509          Tarix: 6-09-2019, 16:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma