Xəbər lenti
     Balayar Sadıq oğlu 1965-ci ildə Lerik rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.
İlk şeiri 1983-cü ildə “Lənkəran” qəzetində çap olunub.
Azərbaycan Yazıçılar Birliyinin Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 
 

Ovqat.com Balayar Sadiqin Qarabağa həsr edilmiş "Sonetlər cələngi"ni oxucularına təqdim edir.
             

                
Diksinir tumurcuq bələklərində,
Mərmi alovunda islanan çiçək.
Allahım, mərminin allahı yoxdur,
Ətəyin islanar, ətəyini çək.

“Təsəlli” sözünün burnu qanayıb,
Ümidlər başını götürüb qaçır.
Elə bil əcəlin vaxtı daralıb,
Gör necə qapını döymədən açır.

Arzular, ümidlər gözdən yıxılır,
Ürəyim ağrıyan sözdən yıxılır.
Məni bir misrada dəfn edəcəklər.

Üz yox danışmağa çölün otuyla,
Silir göz yaşını mərmi oduyla,
Qarabağ çölündə açan çiçəklər.

               II
Qarabağ çölündə açan çiçəklər
Burda unudulmuş şəhid ahıdır.
Ölüm bu misradan utanır hər gün –
Şəhidlik həyatın “bismillah”ıdır.

Qulaq söykəyirəm ana torpağa,
Ordan haray gəlir, ordan səs gəlir.
Bu səsdən adama Vətən yolunda
Ölməyə ilahi bir nəfəs gəlir.

Dərdlər ayaq açdı “bəlkə” sözündən,
Yıxılıb gör neçə “bəlkə” özündən,
Səbri tükənibdi “bəlkə”lərin də.

Əcəl‐kor fələyin baxışlarıdır,
İşaran güllələr göz yaşlarıdır,
Qərib gecələrin bəbəklərində.

              III
Qərib gecələrin bəbəklərində,
Donub göz yaşı tək mərmi səsləri.
Sükutun əlləri quruyub yoxsa,
Niyə bircə yarpaq dərmir səsləri?

Mərmi tüstüsündə tutulub gözü,
Bir haray boğulur bir ovuc səsdə.
“Sübhənallah” sözü dan yeri kimi,
Sökülür hər şəhid məzarı ustə.

Bəxt yetim uşaqtək boynunu burub,
Mamırlı bir daşın dalında durub.
Gor kimin yolunu gözləyir qədər?

Yolları üşüyür qorxuların da,
Şuşanın, Laçının yuxularında.
Güllə səsləriylə açılır səhər.

              IV
Güllə səsləriylə açılır səhər
Şuşanın Şuşada öldüyü yerdə.
Allaha sonuncu məktubu yazdım,
Yazdım dərdlərimin güldüyü yerdə.

İlahi, mən axı qurd balasıydım,
Bəs niyə bir suyum qoyuna çəkir.
Hər il təqvimdəki “8‐i may”ı,
Gavur Şuşada “xaç suyu”na çəkir.

Götür bu misrayla yaramı sarı,
Boylan kəlmə‐kəlmə Şuşaya sarı.
Bəlkə yuxuladı gözündə yuxu.

Mərmi yağışları yetmədi sona,
Hər misra ağlayan yaşılbaş sona, ‐
Didərgin duşubdu Vaqifin ruhu.

                V
Didərgin düşübdü Vaqifin ruhu,
Xəbər yollamışam Kür qırağına.
Qalxsın məzarından qoca Vidadi,
Bir “yaşılbaş” misra bassın bağrına.

Bəlkə bircə misra təsəlli tapdı
Kövrək qoşmaları Molla Pənahın.
Tanrı hesabını soruşar bir gün,
Şuşa məscidini bürüyən ahın.

Bir yol ağrıları dumanda azdır,
Dur, əlhəd daşının altında basdır
Qəlbində yurd salan acı hicranı

Sozumdə ümidin ətrini qoxla,
Şuşada daşların nəbzini yoxla ‐
Hər daşda çırpınır bir şəhid canı.
                 VI
Hər daşda çırpınır bir şəhid canı,
Bu yurdun halını daşlardan soruş.
Mərmi qəlpəsitək köksündə göynər
“İsa bulağı”yla sonuncu görüş.

Günahı fələyin boynuna yıxma,
Fələk saymayanı gavurlar sayır.
Görəsən, ayağı harda burxulub,
Qələbə yolları niyə axsayır?!

Susmuş bir nəğmədir bu ocaq külü,
Çoxdan ovudan yox “Xarı bülbül”ü,
Ruhlar hey dolaşır öc sorağında.

Qəmli arzuları yaddaşına sər,
Ümid göz yaşını yuyur hər səhər,
Şuşa bulağının hıcqırığında.

             VII
Şuşa bulağının hıcqırığında,
Gavur saclarını darayır hər gün.
“Qələbə” sözündən bircə hərf duşub,
Qeyrət onu gəzir, arayır hər gün.

Torpağın alnında möhür yeridi,
Şəhid imzasını daşıyan məzar.
Ayaq altda qoyub bir igid ömrün,
Vətəni çiynində daşıyan məzar.

Sonuncu haray da gəldi gülləyə,
Şuşa məscidində üzü qibləyə
Basdıran qalmayıb ağrı‐acını.

Ümid itkin düşüb göyün üzündə,
Dərd məclis qurubdu “Cıdır düzündə”,
Natəvan qəzəli yolur saçını.

               VIII
Natəvan qəzəli yolur saçını,
Əsir misra‐misra matəm yelləri.
Çoxdandır Şuşada qürbət qoxuyur
Pərişan‐pərişan ümid gülləri.

İnləyir kafirin ayağı altda,
Bu iman ətirli vətən torpağı.
İzn ver, qibləyə basdırım, Allah,
Kafir tapdağında itən torpağı.

Danış, Vətən ətri gəlsin səsindən,
Şuşa məscidinin minarəsindən,
Sükut qərib‐qərib baxır yollara.

Azıb qibləsini bir əzan səsi,
Çoxdandı, göynəyir sözün sinəsi,
Nə vaxtdır ümidlər geyinib qara.

                IX
Nə vaxtdır ümidlər geyinib qara,
Nə vaxtdır yurd yeri qürbət qoxuyur.
Həsrət yağışında elə islanıb,
Dağlar havalanıb, daşlar oxuyur.

Bir misra inandır məni, İlahi,
İnandır, ölməyib Laçın yolları.
Donub Xan Əslinin düymələrinə,
Nə sehr oxuyum, açım yolları?!

Kövrək xatirələr düşüb qabağa,
Döyüş nəğməsini qaldır ayağa.
Muştuluq aparsın ayrılıqlara.

Heyrətdən qaşını catıbdı heyrət,
Qisas paltarında yaralı qeyrət.
Söykəyib üzünü lal məzarlara.

                X
Söykəyib üzünü lal məzarlara,
Görən, nə düşünür döyüş yolları.
“28 May” da bilet götürüb,
Qatarı gözləyir dönüş yolları.

Min ildir, bilən yox hansı dildədir,
Şəhid anasının gözünün yaşı.
Gəl, sorüş “Şəhidlər Xiyabanı”ndan,
Vətən sevgisinin necədir yaşı?!

Dərd əli xınalı qapıya gəlib,
Elə doluxsunub, elə kövrəlib.
Həsrətdən titrəyir sözün dodağı.

Üzünü qoyubdu şəhid üzünə,
Bir ovuc torpağı sıxıb gözünə.
İnləyir bayatı, hönkürür ağı.

              XI
İnləyir bayatı, hönkürür ağı,
Ümidlər islanıb göz yaşlarında.
Didərgin ellərin torpaq arzusu,
Azıb alınların qırışlarında.

Çox sağ ol, şəhidim, zəfər yolundan,
Bir yarpaq qopartdın, bir misra dərdin.
“Lələ təpəsi”nə lalələr kimi,
Döyüşçü ömrünü əlinlə sərdin.

Şəhid ətri verən cürətə baxın,
Barıt qoxusunu çırpıb torpağın.
Arzu çiçəkləyir üzü bahara.

Şuşa ağrısından gəl, as yolları,
Ta çıxıb köynəkdən qisas yolları.
Səbrimi dəfn edin qaranlıqlara.

               XII
Səbrimi dəfn edin qaranlıqlara,
Qələbə yolunun gözləri gülür.
Üçrəngli bayrağım, gözlərin aydın,
Sənin rənglərinin üzləri gülür.

Daha üz tutmağa üzü qalmayıb,
Şükür, üzülübdü dərdin əlləri.
Bir ovuc muştuluq səp yarasına,
Zəfər ətri vursun dərdli elləri.

Pıçılda torpağa, daşa dərdini,
Laçın ağrısını, Şuşa dərdini
Fələk mərmi‐mərmi əkib yollara,

Qeyrət qayasından boylanır ümid,
Hələ də şeirimdə sonuncu beyt.
Nəmli gözlərini dikib yollara.
                XIII
Nəmli gozlərini dikib yollara,
Qəlbimdən boylanan bir qoca misra.
Hər gün dalğalanır dərd dağlarında
Mənim könlümdəki ən uca misra.

Dərdinə qısılmış ,şəhid balası,
Səni ovutmağa utanır sözüm.
Yaralı qeyrətin üzünə baxıb
Həyasız‐həyasız irişir dözüm.

Nə vaxtdı, özündən özünü asıb,
Üzünü-gözünü ot‐ələf basıb.
Ələyin bu yolu, sözüm var axı,

Qisas şəhid‐şəhid çağırır onu,
Qılınctək siyirib ümid yolunu.
Bir oğul gözləyir Vətən torpağı.

               XIV
Bir oğul gözləyir Vətən torpağı,
Oğul bu torpağı gözləyən kimi.
Şəhid ətri hopmuş dağlar, dərələr,
Kövrəlir bir yarpaq söz deyən kimi.

Güllə yağışında, mərmi odunda
Bir an yıxılmayan ümidim, sağ ol.
Uzu Qarabağa bir yol başlayıb,
Zəfər müjdəsiylə gülümsəyən yol.

Nur yağır şeirimin hər bir sətrinə,
Göylər bələnibdi şəhid ətrinə.
Gözü aydın olsun mələklərin də.

Zəfər nəğməsitək çağlayır sular,
Qələbə ətrini duyan arzular.
Diksinir tumurcuq bələklərində.

                XV
Diksinir tumurcuq bələklərində,
Qarabağ çölündə açan çiçəklər.
Qərib gecələrin bəbəklərində
Güllə səsləriylə açılır səhər.

Didərgin düşübdü Vaqifin ruhu,
Hər daşda çırpınır bir şəhid canı.
Şuşa bulağının hıçqırığında
Natəvan qəzəli yolur sacını.

Nə vaxtdır ümidlər geyinib qara,
Söykəyib üzünü lal məzarlara
İnləyir bayatı, hönkürür ağı.

Səbrimi dəfn edin qaranlıqlara,
Nəmli gözlərini dikib yollara,
Bir oğul gözləyir vətən torpağı.



Ana səhifəyə qayıt        Baxış: 1 817          Tarix: 27-04-2017, 08:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma