Xəbər lenti

 








"Qar"
 
Gecənin bir aləmi yerə bulaşmış qar,
yağır yağdıqca axşamacan qar,
qara titrəyən itin baxışı titrədir adamı,
yollar sürüşür təkərlər altında,
qara söyüş söyür sürüşdükcə adamlar,
 qara küsür soyuğa üşüdən adamlar
Şəhərlərə, səhərlərə yağdıqca yağır qar,
boğaza kimi batdıqca-batır fağır adamlar.
Qarı arzu edənin arzusu yansın,
arzusunu ulmuğunda əridən var,
 yaş odunu evə tüstülədənlər var.
Qar yağır papağı palçıqlı küçələrə,
yağdıqca yağır, suyu çıxır yerdəcə.
Kirli vicdanlar var,
hislənmiş bacalar var,
 yağdıqca yuyur kirini qar.
Yağır, baxıram uşaq çağındakından könülsüz
göydə naxışlı buz,
yerdə palçığa dönüşən qara.
Albomdakı gözdən iraq fotolara,
hər şey olduğundan bir az yarımçıq,
hər kəs boğaza kimi yenə palçıq.
                                   12 Mart 2021
           "Axtaracam"
Səni əvvəlki şəhərdə axtaracam.
tapmasam,
səni sənlə barışdığım saatlarda axtaracam,
 tapsam elə orda tapacam.
Sənə çatmaq üçün qaçacam,
çatmasam,
Oxunmuş ən gözəl kitablar arasında axtaracam,
 tapsam, kitabı oxumaq üçün açacam.
Gedib dağın lap baş hərlənən yerindən baxacam
sənlə ötdüyümüz evlərin kandarına,
səssiz oturub səni şeirə yazacam,
 ötənləri o şeirdə bir daha yaşadacam.
Axtaracam səni saçım ağarana kimi,
"o" şəhərin hər küçəsində, divarında,
buludunda, yağışında, qarında.
axtaracam səni ta yorulana kimi,
Axtaracam günəşin doğuşuyla, batışı arasında,
Haçansa sənə yazdığım şeirlər arasında.
                                                    19/09/2020
            "Yağış yağaydı kaş ki"
Səni xatirələrdə yox, gecələrdə axtaracam daha:
Səni şəkillərdən yox, yuxudan istəyəcəm,
Səni yazda açan çiçəyin ətrindən qoxulayacam,
 əvvəlkitək eyni şəhərdə aramayacam daha.
- Səni tanıdığım günə yağış yağaydı kaş ki:
Məndə dəyişəcəyəm belə getmiyəcəyəm,
tanımayacağın qədər dəyişəcəyəm bu payız,
"Bizim" olanları ağacda saralmış yarpaq bilib
 küləktək əsib torpağı xəzəl edəcəyəm bu payız.
- Səni tanıdığım səhərə əsərdi külək kaş ki:
Gedəcəm arxamca yağış da yağacaq,
Yorulduğumuz yolların torpağına hopmuş ləpirimizi
haçansa palçıq tutmuş ayaqlar aparacaq,
O gedişlə bir ömür gedəcək,
günəş də yaşlanacaq haçansa -
 belə qalmayacaq dəyişəcək hər şey, hər kəs.
- Səni tanıdığım səhərə qar yağardı kaş ki:
səni özümə yox quşlara danışacağam,
ağaclara, atlara, yarpaqlara danışacağam -
 belə olmalı deyildi bu ömür...
- Səni tanıdığım səhərə oyanmazdım kaş ki,
                                       11 sentyabr 2020
         "Hər kəsdən"
Ağlayıb siləcəyəm gözlərimdən,
sənli bütün səhnəni bir ömürlük,
küləklərə qoşulub gedəcəyəm
 sən olduğun şəhərdən bir ömürlük
Hər nə keçmişim varsa unudacam,
Səni hər saatımdan silmək üçün
Bir yolluq dünənimdən xətt çəkəcəm,
 Bizim olan keçmişi pozmaq üçün
Baxmayacam sağa, heç sola da,
Ünvanı nəfəsindən çox-çox uzaq,
Şəhərin səs-küyünə qızınacam
Yelkənsiz qayıqda, lap çox uzaqda
 Dənizin dalğasına islanacam


Ana səhifəyə qayıt        Baxış: 2 302          Tarix: 15-03-2021, 08:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma