Xəbər lenti

Tarixi yaradan, cəmiyyətin inkişafını təmin edən əmək adamlarının azadlığı məsələsi həmişə bütün mütərəqqi fikirli, xeyirxah insanların fikrini, zehnini məşğul etmişdir. Milliyyətindən, irqindən, dinindən və dilindən asılı olmayaraq, cəmiyyətdə müəyyən mövqe tutan, cəmiyyətin əzilən təbəqələrinin tərəfində çıxış edən hər bir sağlam düşüncə sahibi zülm və istismar altında inləyənlər üçün azadlığın nə demək olduğunu dərindən başa düşür və bu işə hansı yollarla olursa- olsun, bacardığı qədər kömək etməyi özünün müqəddəs borcu hesab edir.
Təsadüfi deyildir ki, XX əsrin bədii söz sənəti aləmində böyük şöhrət qazanmış görkəmli şəxsiyyətlər kimi tanınan Abbas Səhhət, Abdulla Şaiq, M.Ə.Sabir , C.Məmmədqüuluzadə və başqaları yaradıcılıqlarında sosial azadlıq məsələsinə öz münasibətlərini bildirmiş, bu barədə qiymətli fikirlər söyləmişlər.

XX əsrin əvvəlləri çox mürəkkəb və ziddiyyədlərlə dolu, keşməkeşli bir dövr idi. 1905-ci ildə Rusiyada baş vermiş inqilabi - azadlıq hərəkatının dalğası ölkənin hüdudlarını aşaraq, Şərqin də bir sıra ölkələrinə güclü təsir göstərmişdi. Xüsusən İranda bu təsir daha artıq nəzərə çarpırdı. Rusiyada başlanmış inqilabdan ilham alan İranın məzlum xalq kütlələri də ayağa qalxmış, min illik qəflət yuxusundan ayılaraq, hökumətdən konstitusiyalı dövlət quruluşu yaratmağı , xalq kütlələrinə azadlıq verməyi tələb edurdilər.
Həmişə hakim sinfə mütilik göstərən, hər bir əmri qeyd-şərtsiz icra etməyə hazır olan “qara camaat”ın birdən-birə dövlətli üzünə ağ olması, onun qarşısında tələb qoyması burjua-mülkədar rejimində hiddət doğurmuş, onları qorxuya salmışdı. Hökm və buyuruqlarının itaətkarlıqla icra olunmasına adət etmiş ağalar birdən-birə “millətin ayılıb talibi-hürriyyət” olmasını gördükdə, özlərini itirir, vəziyyətdən çıxış yolu axtarır və əks mübarizəyə keçməyi zəruri sayırdılar. M.Ə.Sabir isə burjua-mülkədar cəmiyyətinin barışmaz düşməni idi. Qəmsiz-kədərsiz həyat sürən, xalqın dərdlərindən uzaq olan azadlıq düşmənləri Sabirdə böyük nifrət oyatmışdı. Öz əməlləri ilə istismarçı ağalara xidmət göstərənlərdən biri də Təbrizdə yaşayan Hacı Mirzə Həsən idi. O, çox nüfuzli bir ruhani olmuşdur. Əvvəlcə xalqın tələb etdiyi məşrutəyə tərəfdar çıxmış, sonra İranda irtica qüvvətləndiyi zaman bunun şəriətə zidd olması barədə təbliğat aparmağa başlamışdı. Xalqın tələbi ilə Hacı Mirzə Həsən Təbrisdən qovulmuşdu.
M.Ə.Sabir  və  sosial  azadlıq  məsələsi
M.Ə.Sabir

Məşrutəyə qarşı mübarizəyə qalxanları, millətin ayılıb azadlıq tələb etməsinə təəccüb edənləri M.Ə.Sabir “Mən bilməz idim bəxtdə bu nikbət olurmuş” adlı satirik şeirində kəskin ifşa edir.Şeir Hacı Mirzə Həsənin öz dilindən verilir:

Mən bilməz idim bəxtdə bu nikbət olurmuş,
İzzət dönüb axır belə bir zillət olurmuş.
Çərxin, əcəba, seyri də min babət olurmuş,
Millət ayılıb talibi-hürriyyət olurmuş.
Millətdə də yahu, belə bir qeyrət olurmuş?
Xud, mən nə bilim sübh dönüb şam olacaqmış,
İranda da hürriyyəti-islam olacaqmış
Böyük şair xalqın qeyrətinə, gücünə, himmətinə inanır.Cəhalət və nadanlıq mühitində öz istismarçılarını naz və nemət içərisində bəsləyən zəhmətkeşləri şair gecə-gündüz çalışıb bal toplayan arılara bənzədir. Arıların hasil etdiyi balın cüzi bir hissəsi özlərinə qalır(qışda acından ölməmək üçün), qalan əsas hissəsini onun sahibi mənimsəyir. İnsanlar da belədir. Məzlum təbəqələrin əməyinin məhsulunu onların istismarçı ağaları mənimsəyir, özləri isə bir qarın çörəyə həsrət qalırlar. Lakin arılarda üstün bir cəhət var, bu da ondan ibarətdir ki, arını incitdikdə, o səndən intiqam alır. Dərhal iynəsini sancıb bal əvəzinə zəhər yeridir. İnsanlarda isə bu cəhət , demək olar ki, bıçaq sümüyə dayananda özünü göstərir. Məzlumlar nə qədər əsarətə, zülmə, təhqirə davam gətirə bilər? Bəs onlarda arı qədər də cəsarət yoxdurmu? Var, lakin bu cəsarəti oyatmaq, təşkil etmək, istiqamətləndirmək lazımdır. Artıq öz hüquqlarını tələb etməyə qalxmış xalq kütlələrini görən azadlıq düşmənlərinin fikri şair tərəfindən belə verilir:
Bilməm arılar mənzilinə kim çöp uzatdı,
İllərcə təqafüldə yatan xəlqi oyatdı.
Fitnə ağacı əkdi, evim qəmlərə batdı,
Mən hərçi çalışdım ki, kəsəm, qol-budaq atdı,
Əhli-qərəz öz istədiyi mətləbə çatdı.
Bütün Rusiyanı təlatümə gətirən birinci rus inqilabına, çoxları kimi, Sabir də böyük ümid bəsləyirdi. Ona elə gəlirdi ki, çar hökuməti xalqa vəd etdiyi bir sıra güzəştləri həyata keçirəcəkdir. Lakin belə olmadı. İrtica xalq kütlələrinə qarşı qəti hücuma keçdi. Qanlar axıdıldı, ocaqlar söndürüldü, danışmağa cürət edən dillər kəsildi, ağızlar qapadıldı. Xalq, millət adından çıxış edənləri həbsxanalara salır, Sibirə sürgün edirdilər. Yalançı vədlərə aldanıb “cızığından çıxanların” acı taleyini şair belə təsvir edir:
Eylə bilirdim ki, dəxi sübh olub,
Mürği-səhərtək bir ağız banladım.
Səng şikəst eylədi balü pərim,
Banlamağın hasilini anladım.
Sabir göstərir ki, zülmə, ədalətsizliyə, hüquqsuzluğa qarşı mübarizəni, çıxışları böyük qüvvəyə malik olduğu şəraitdə təxirə salmaq, münasib vaxtın, şəraitin yetişəcəyini gözləmək olar, amma bunu anlamamaq, dərk etməmək olmaz:
Ağlamayın, ağlamayın, cücələr,
Banlamaram, banlamaram bir daha.
Banlamamaqdır sizə əhdim mənim,
Söyləmirəm: anlamaram bir daha!
Çar Nikolayın vəd etdiyi yalançı azadlığın başına qaraguruhçuların gətirdikləri müsibətləri şair “Nolur şirinməzaq etsə məni həlvayi-hürriyyət” adlı şeirində çox ibrətamiz bir şəkildə vermişdir. Məşhur atalar sözlərindən birində deyilir ki, “ac toyuq yuxusunda darı görər”. M.Ə.Sabir də həmin atalar sözündən məharətlə istifadə edərək, azadlıq kimi ən qiymətli, ən əziz bir nemətin həqiqətdə ləzzətini görməyən, ondan faydalana bilməyən, həsrətində qalan məzlumların yuxuda da buna nail ola bilməyəcəklərini göstərir:
Nolur şirinməzaq etsə məni həlvayi- hürriyyət,
Yesəm bir löğmə ondan, söyləsəm oxqay,hürriyyət!
De, xeyr olsun, yuxu gördüm ki, bir dərya kənarında
Töküblər yanbayan, qat-qat , bütün lay-lay hürriyyət.
Zibəs çoxdan bəri şövqündə idim mən bu həlvanın,
Dedim, yaran, nolur verməz mənə bir payi-hürriyyət?
Sözüm xoş gəlməyib təhvildarə, söylədi:”Küm şo!
Bədəsti kütəh əz nəxl məcu xurmayi-hürriyyət!”
Kəmali-yəs ilə məhrum olub, bir yanda əyləndim:
Alıb bir kəştiyə doldurdular tay-tay hürriyyət.
Qalaq-qalaq, lay-lay gəmiyə yığılan azadlıqdan bir “löğmə” dada bilməyib azadlıq yüklənmiş gəminin arxasınca həsrətlə baxan bu adam birdən gəmidə qara bayraq qaldırıldığını görür. Yükü azadlıq olan gəminin sürücüsü suda boğulmuş, hər tərəfdən hücuma keçən dalğalar əhatəsində qalan gəmi səmtini itrərək, suya batmaq ərəfəsindədir. Əlbəttə, bu səhnənin özü rəmzi məna daşıyır. Bu, çar tərəfindən camaatı aldatmaq məqsədilə vəd edilən müxtəlif azadlıqların beləcə nəticəsiz qaldığına, irtica tərəfindən boğulduğuna bir işarədir:
Ki, nagah bir qara bayraq açıldı dor ağacında,
Yazılmış onda bir xətti-müsibətzayi-hürriyyət;
Oxurkən xətti məlum oldu kəştiubanı qərq olmuş,
Qalıb dəryadə heyran kəştiyi-dəvayi- hürriyyət
Xuruşan mövclər hər səmtdən yeksər hücumavər,
Görüb əmvacı kəştidən ucaldı:vay, hürriyyət!
Hakim istismarçı sinfin nümayəndələri zəngin sərvət içərisində sərbəst yaşamağa, dövlət və cəmiyyəti istədikləri kimi idarə etməyə alışdıqlarına görə onların bu halına mane ola biləcək hər hansı bir qüvvəyə qarşı dərhal hücuma keçir, qarşısını alırdılar. Təbiidir ki, zalımlar avam xalq kütlələrinin qəflət yuxusundan oyanmasının , ictimai, siyasi hadisələrin mahiyyətini öyrənməyə çalışmasının qəti əleyhinə idilər. Xalqın öz haqqını tələb etməsi, hüququnu bilməsi, azadlıq istəməsi bunları qorxuya salırdı.
Sabir böyük sənətkarlıqla bu ideyanı məzlum siniflərin nəzərinə çatdırır, bir sıra “vicdanlı” ağaların rahatsızlığını göstərir:
Sevərmi əhli-istibdad millət huşyar olsun?
Buna razı olarmı bir neçə vicdanlar,insanlar?
Ayılmış rəncbərlər, almaq istər həqqı-məşruin
Nə yerdə qalmısız, ağalar, bəylər, xanlar,insanlar?
Bu özü məzlumları zalımlara qarşı azadlıq uğrunda mübarizəyə çağırış demək idi. İnqilabi azadlıq hərəkatının dalğası milli ucqarları da ğz əhatəsinə alırdı. İstibdad rejimindən narazı qalan xalq kütlələrinin qəzəbi , nifrəti də inqilab dalğalarına qovuşaraq onu daha qorxunc edirdi. Millətlərin oyanaraq siyasi həyata atılması mütləqiyyət üsuli-idarəsini vahiməyə salmışdı. Bütün qüvvəsi ilə azadlıq hərəkatının qarşısını almağa çalışan irticaçı sinfin məqsədini şair belə təsvir edirr:
Səs ucalaşdı, qoymayın!
Millət oyaşdı, qoymayın!
Riştiyi-dərsə, məktəbə.
Cümlə dolaşdı, qoymayın!
Od vurulub qazanlara,
Qaynadı, daşdı, qoymayın!
Həddini aşdı, qoymayın!
Hakim mürtəce sinfin inqilabi hərəkatdan qorxuya düşməsinə baxmayaraq, M.Ə.Sabir bu inqilabın istənilən nəticəni verə biləcəyinə şübhə edir. Şünki inqilabı boğmağa çalışan qavvələr onu həyata keçirmək istəyənlərdən çox və güclü idi. Onun başı üstündə irticanın qan daman qılıncı asılmışdı. Böyük sənətkar ictimai, siyasi hadisələrin təsiri nəticəsində yarım ayılmış və köləliyin ağır yükünü çiyinlərində daşımış insanların azadlıq haqqındakı şirin xəyallarını “ ac toyuğun yuxuda darı görməsi” adlandıraraq, onları ehtiyatlı olmağa, səmada qanad çalan canalıcı qaraquşları, hər dəqiqə başının üstündə əli bıçaqlı dayanmış “sahibini” unutmamağa çağırır:
Çığırma, yat, ay ac toyuq, yuxunda çoxca darı gör!
Sus, ay yazıq, fəzadəki üqabi- canşikarı gör!
Hinində daldalanma çox, həyətdə də dolanma çox,
Yiyəndəki bışağa bax, o tiği-abdarı gör!
Gətirdiyin yumurtadan nəticə cücə gözləmə,
Qazanda qəyğanəyə bax, ocaqdakı şərarı gör!
Dövrünün ən huşyar, incə fəhmli, qorxmaz oğlu olan Sabir adamları həqiqətin üzünə dik baxmağa, ədalətsizliyə, zülmə qarşı üsyankar olmağa, həqiqəti söyləməkdən çəkinməməyə, cəsarətli olmağa səsləyir:
Mən belə əsrarı qana bilmirəm,
Qanmaz olub da dayana bilmirəm!
Derlər utan, heç kəsə bir söz demə,-
Həq sözü derkən utana bilmlrəm!
Derlər usan, hərzəvü hədyan demə, -
Güc gətirir dərd, usana bilmirəm!
Şairə görə, insanın ürəyi nə qədər döyünürsə, haqq, ədalət uğrunda mübarizə aparmalı, öz azadlığı üçün çalışmalıdır. Yalnız ölüm insanı bu müqəddəs və təbii hisslərdən məhrum edə bilər:
Derlər a qanmaz, de, yıxıl, öl qurtar!
Hə, balam, doğrusu, ay dadaş, mən dəxi
Məsləhət ondan o yana bilmirəm!
“Soldumu gülzarın, ey Faiqi-Neman pəsər” şeirində Sabir “Molla Nəsrəddinin” fəal əməkdaşlarından olan Ömər Faiq Nemanzadəni şairin məsləhətinə baxmayıb, “azadlığa ehtiyacı olan fəhlə kimi” azadlıq uğrunda çıxış etdiyi və həbsxanaya düşdüyü üçün məzəmmət edir. Zahirən belə təsir bağışlayan bu əsərin mahiyyəti əslində şox dərindir. Şair göstərmək istəyir ki, yüksək amallar, bəşəri ideyalar uğrunda mübarizə edənlərin iradəsini heç bir qorxu, işkəncə, zindan qırmamalıdır:
Mən demədimmi sənə başda otur tactək,
Durma müqabil bəla tirinə amactək.
İstəmə hürriyyəti fəleyi-möhtactək
Balü pərin nagahan tirə nişan oldumu?
Şimdi sənə mən deyən mətləb əyan oldumu?
M.Ə.Sabir  və  sosial  azadlıq  məsələsi
Qorxmaz sənətkar zülmə, əsarətə boyun əyənləri, həmcinslərinin kədərinə, , qəminə sevinənləri, millətin geriliyini, cəhalət və nadanlığını görüb də onun ləğv edilməsinə çalışmayan, yalnız öz mənfəətlərini güdən adamlərı güclü satira atəşinə tutur. Onları qəflət yuxusundan ayılmağa, köləlik zəncirini qırmağa, çiynindəki istibdad yükünü birdəfəlik atmağa çağırır:
Daş qəlbli insanları neylərdin, ilahi?!
Bizdə bu soyuq qanları neylərdin, ilahi?!
Artdıqca həyasızlıq olur el mütəhəmmil,
Hər zülmə dözən canları neylərdın , ilahi?!
Sabir insanı həmişə azad, hədə-qorxudan, təhqir və təqibdən uzaq görmək istəyir. Azadlıq anlayışı ilə insan anlayışı həmişə vəhdətdə, birlikdə götürülür, bu iki anlayışı bir-birindən təcrid olunmuş şəkildə qəbul etmir. Əsil insanlığı azadlıq olan yerdə axtarmağı məsləhət bilir. Şair göstərir ki, insanı sevən hər bir şəxs onun azadlığına çalışmalıdır:
Kim ki insanı sevər , aşiqi-hürriyyət olur
Bəli, hürriyyət olan yerdə də insanlıq olur.
Rusiyada 1905-1907 –ci illər inqilabının məğlubiyyətinə baxmayaraq, onun təsiri Rusiyanın hüdudlarını aşıb Şərqin bir sıra ölkələrində əks-səda doğurmuşdu. İnqilabın təsiri qonşu Türkiyənin əyalətlərində də hiss olunurdu. Əsarət və cəhalət içərisində yaşayan məzlum xalq kütlələri Rusiya inqilabından ilham alaraq, azadlıq uğrunda mübarizəyə qalxmağa başlayırdı. Lakin mürtəce qüvvələr bu zaman daha qüvvətli və amansız idilər. Buna görə də şair kütlələri ehtiyatlı olmağa, iranlılar kimi hökumətin yağlı vədlərinə aldanmamağa çağırır və göstərir ki,yalvarmaqla, ağlamaqla dövlətdən azadlıq almaq olmaz. Çünki bu, hakim sinfin mənafeyinə ziddir, onun mövcudluğu üçün təhlükəlidir. Azadlığı zorla, mübarizə vasitəsilə, bütün qüvvələrin birliyi, mütəşəkkilliyi hesabına qazanmaq olar:
Əvvəlcə verirlər sizə hürriyyəti -əfkar,
Yəni danışıb fikrinizi eyləyin izhar.
Vəqta ki danışdız, vüzəra oldu xəbərdar,
Mütləq görəcəklər ki, cibişdanə zərər var:
Hər fənn ilə olsa qovacaqlar sizi naçar.
Çünki bu yığıncaqda olur həqqiniz inkar.
Yaxşı budu toplanmayın, allahı sevərsiz!
İranlı kimi yanmayın, allahı sevərsiz!
Birinci rus inqilabının məğlub olmasının səbəblərindən biri də xalqın içərisində xainlərin, satqınbların, şərəfsizlərin olması idi. Özlərini xalq mənafeyinin müdafiəçisi kimi qələmə verənlərin ikiüzlülüyü, satqınlığı nəticəsində məzlum kütlələrin nahaq qanı axıdıldı, böyük arzular məhv oldu.
Sabir azadlıq tərəfdarlarına müraciət edərək, onları həmin satqın və xainlərdən qorunmağa, sərvaxt oomağa səsləyir:
Bir vəqtidə bizlər də olub xürrəmü xəndan
Sandıq ki, veriblər bizə hürriyyəti-vicdan.
Şükr edirik, adamcıqlar olub daxili-insan.
Övladımızı saxlamadıq xanədə pünhan,
Hac Mirzə Həsən qırx lotuya verdi bir,oğlan,
Bu mollanümalər desələr: bizdə var inam,
Yox, yox, ona tovlanmayın, allahı sevərsiz!
İranlı kimi yanmayın, allahı sevərsiz!
Şairi ən çox rahatsız edən bu idi ki, xalqda birlik, həmrəylik, qeyrətkeşlik yox idi. Millətin içərisindən çıxan və dövlətə xidmət edənlərin əksəriyyəti daş ürəkli, “cılladi-hürriyyət”, öz mənfəətini, şöhrətini, ciblərini güdən alçaq adamlar idilər. Sabir israr edir: nə qədər ki, millətin başçısı bu daş ürəkli, rəhimsiz cəlladlardır, nə qədər ki, xalqın onlara olan inamı qırılmayıb, azadlıq haqqında danışmaq – xam xəyala düşmək deməkdir.
İnanmam, söyləmə artıq ki, feyzabad olur aləm,
Yağar imkani-rəhmət baği-ədlü dad olur aləm.
Doğar xurşidi-hürriyyət, bütün azad olur aləm
Xəyali-xamə düşmə, bilmə bir gün şad olur aləm!
Bu ikən vəzimiz, çox çəkmədən bərbad olur aləm!
M.Ə.Sabir azadlığı dünyaya təzəcə göz açmış zəif vücudlu lətif bir dilbərə bənzədir. Bu dilbərin dünyaya gələcəyindən xəbərdar olan mürtəce qüvvələr dərhal onun başının üstünü alırlar ki, göz açmağa, bir udum hava ilə nəfəs almağa imkanı olmasın. Belə zəif bir vücud güclü qasırğa qarşısında uzun müddət dayanmağa, təbiidir ki, davam gətirə bilməz. Buna görə də onu qorumaq, böyüməsinə çalışmaq və səy göstərmək lazımdır.
Əgər bu zəif vücudlu dilbər daş ürəkli, zalımlar və cəlladlar əhatəsində dünyaya gəlibsə, onda necə olsun? Onun mühafizəsinə kim təminat versin? Deməli, belə bir şəraitdə bu “dilbər”in salamat qalıb böyüyəcəyindən, onun həsrətində olan, yolunu intizarla gözləyənlərə xeyir, fayda verəcəyindən danışmaq sadəlövhlükdür:
Nə istərsən, canım, əl çək, yetər fəryadi-hürriyyət!
Nə yapsın köhnələrlə dilbəri-növzadi-hürriyyət?!
Bütün əxvan ikən səngdil, cəlladi-hürriyyət?
Xəyali-xamə düşmə, çox bilmə bir gün şad olur aləm!
Bu ikən vəzimiz, çox çəkmədən bərbad olur aləm!
Hürriyyətin meydana çıxması onun düşmənlərini bərk rahatsız edir. Min illərlə arxasız, dayaqsız zəhmət adamlarının qanını sorub rəngi qızaran, onların əlın təri ilə əldə etdikləri maddi nemətləri mənimsəyərək harınlaşmış ağalar azadlığa qarşı səlib yürüşünə çıxır, ağız-ağıza verib ulaşırlar:
Bilmirəm andıra qalmış bu nə hürriyyət idi?
Haradan çıxdı bu söz, ya bu necə söhbət idi?
Ölkəmiz altı min ildən bər bir cənnət idi,
İndi qan-qan deyir insanları iranlıların?
Dər həqiqət pis imiş qanları iranlıların!
Böyük sənətkar xalq kütlələrinə azadlıq əldə etmək və əmin-amanlıqda yaşamaq üçün qəflət yuxusundan ayılmağı, avamlığa, cəhalətə son qoymağı, elmə, fənnə qarşı axirət dünyasını, cənnəti qoyan vaizlərin bayquş səslərinə qulaq asmamağı tövsiyə edir, fitnələrə uymamağa çağırır. O, xalqı cəhalətdə saxlamaq istəyənlərin dili ilə bu fikri həmcinslərinə belə çatdırır:
Yaşamaq istər isək dəhrdə əmniyyət ilə,
Elmə, fənnə, üdəbayə baxalım nifrət ilə.
Uyalım fitnələrə əldəki vəhşiyyət ilə,
Yatalım bəstəri-qəflətdə uzun müddət ilə
Püxtəlikdən nə yetər, biz hələ xam olmalıyız
Yaşamaq istər isək, sırf əvam olmalıyıq!
Qüdrətli sənətkar çox vaxt xalqa çatdırmaq istədiyi fikri tərsinə söyləyir. Bu üslubda yazılmış şeirlərdən birində şair məzlumları zülmə, haqsızlığa qarşı barışmaz olmağa, ətalətə, səbrə , təvəkkülə son qoymağa, haqqı, hüququ uğrunda mübarizə aparmağa çağırır:
Yetərkən zalimin zülmü sənə , dövri-qəzadan bil!
Çatarkən amirin zəcri, onu seyri-səmadan bil
Özün öz iczinə bais olurkən, masəvadan bil!
Bu məşumiyyəti biganədən gör, aşinadan bil!
Əzil, pamal ol, axtarma buna bir çarə, səbr eylə!
Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!
Şair göstərir ki, azadlıq üçün ona ehtiyacı olanların birliyi, mütəşəkkilliyi lazımdır. Millətin başbilənləri millətə düzgün yol göstərməli, onu səfərbər etməli, öz şəxsi mənfəətlərini ümumun xeyrinə qurban verməlidirlər. Əgər millət üzvləri xalqdan uzaqlaşaraq yalnız öz mənafelərinin qayğısına qalsalar, onda vay millətin halına!
Arif çalışır ki, millət azad olsun,
Zahid çağırır ki, məscid abad olsun,
Söz boynu qraxmallılarındır ki, deyir:
Bir madmazel olsun ki, pərizad olsun!
Əlbəttə, belə bir şəraitdə azadlıq əldə etməyin nə qədər çətin olduğu şair üçün aydın idi. Cənubi Azərbaycanda Səttarxanın başçılıq etdiyi kütləvi azadlıq hərəkatını Sabir bütün varlığı ilə alqışlayır, dünyanı mat qoyduğu və “milliyyətin hörməti-heysiyyətini isbat” etdiyi üçün ona afərinlər söyləyir:
Hali-məczubim görüb, qare, demə divanədir,
Nəreyi-şuridəmi zənn etmə bir əfsanədir.
Şairəm, təbim dəniz, şeri-tərim dürdanədir,
Behcətim, eyşim, syrurim, vəcdim əhraranədir...
İncizabim cürəti-mərdaneyi-mərdanədir
Afərinim himməti-balayi-!Səttarxanədir!
Xalqımızın böyük sənətkarı olan Mirzə Ələkbər Sabirin azadlıq məsələsinə münasibəti belə idi.

Müstəqil Ağayev
AMEA Fəlsəfə İnstitutu Azərbaycan
Fəlsəfə tarixi şöbəsinin aparıcı elmi
Işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru,
Qabaqcıl Maarif Xadimi
Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 133          Tarix: 25-06-2017, 18:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma