Xəbər lenti
     
 










Dünyasını dəyişən bütün Ataların ruhu şad olsun...
  Yağış yağır məzarına atamın                                               
 
Bu zülmət, bu uzun, amansız gecə,
Dərman əlac etməz, həb gəlməz vecə.
Söylə nəfəs alım, uyuyum necə?!
Yağış yağır məzarına atamın.
 
Yatmaqla başımı qata bilmərəm,
Baş qatıb günaha bata bilmərəm,
Bu gecə neyləsəm, yata bilmərəm,
Yağış yağır məzarına atamın.
 
Torpaq soyuq olur axı, dərində,
Görən üşüyürmü, Allah, yerində?!
Yeddisi günündə, ayın birində,
Yağış yağır məzarına atamın.
 
Atalar yolunda baş qoymamışıq,
Gözdə ağlamağa yaş qoymamışıq,
Yatdığı torpağa daş qoymamışıq,
Yağış yağır məzarına atamın.
 
Dərələrdə göl durur ümman kimi,
Dağ döşündən sel gəlir aslan kimi,
Göy gurlayır,
             durmadan leysan kimi;
Yağış yağır məzarına atamın.
 
Sus ildırım, dayan yağış, dur külək!
Ya yağışı gəl burdan apar, külək!
Bu gecəlik gəl ol mənə yar, külək!
Yağış yağır məzarına atamın.
 
İçim az qalır ki, alışıb yana,
Dözəmmirəm, səbr bitdi, ay ana!
Durub üz tutacam qəbiristana,
Yağış yağır məzarına atamın.
 
Bu zülmət, bu uzun, amansız gecə,
Dərman əlac etməz, həb gəlməz vecə.
Söylə nəfəs alım, uyuyum necə?!
Yağış yağır məzarına atamın...
 
                     Ata                                                                            
 
Günəş kimi doğulmuşdun, bir Ay kimi batdın, ata,
Həyatını ölümsüzlük həyatına qatdın, ata!
 
Oruc tutdun, namaz qıldın, tək diləyin haqq rizası,
Qovuşdun haqq dərgahına, öz eşqinə çatdın, ata!
 
Ziyan görmədi heç kimsə, əlin, dilin, əməlindən,
Ziyan gördüyün kəsləri həmin gün unutdun, ata!
 
Ürəyində yurd sevgisi, hər sözündə vətən dadı,
Anam- deyib doğulduğun torpağında yatdın, ata!
 
Halal doğdun, halal yedin bu dünyaya gələn gündən,
Haram olan nə vardısa, ürəyindən atdın, ata!
 
Körpə qədər təmiz gəldin gəncliyindən qocalığa,
Milyon-milyon yol içindən haqq yolunu tutdun, ata!
 
Namiqin can dostu idin, sənin kimi dostdan sonra,
Nə ömrüm ömürdü nə də, həyatım həyatdı, ata!
 
 
    Günlərin birində...                                                                        
 
Hər ağrılar, hər acılar itəcək,
Fəqət bu dərd, çətin bir də bitəcək,
Düşünməzdim, ömrü sona yetəcək,
Ağlıma gəlməzdi öləcək atam.
 
Yenə də əlində boz əsa gedib,
Uzaq qohumuna, ya yasa gedib,
Mənə elə gəlir, harasa gedib,
Günlərin birində gələcək atam.
 
Nəfəsi duyulsa evdən, binədən,
Dünyamız bürünər nura yenidən,
Nisgili ürəkdən, dərdi sinədən,
Yaşı gözümüzdən siləcək atam.
 
Düşünməzdim, ömrü sona yetəcək,
Ağlıma gəlməzdi öləcək atam...
 
 
       Atam                                                                                             
 
İzini qoşdu izlərə,
“Vida”  söylədi bizlərə,
Getdi gedərgəlməzlərə,
Bir də geri dönməz atam.
 "
Ha Göylərdən geri istə,
Min yol ağla, min yol küs də...
Oğulların çiyni üstə,
Haqqa vardı dinməz atam.
 
Dünya heç idi gözündə,
Allah vardı hər sözündə...
...Ulduz oldu göy üzündə,
Daha bir də sönməz atam.
 
İzini qoşdu izlərə,
“Vida”  söylədi bizlərə,
Getdi gedərgəlməzlərə,
Bir də geri dönməz atam.


Ana səhifəyə qayıt        Baxış: 3 972          Tarix: 5-04-2021, 13:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma