Uzun müddət "Benfika" klubunda oynayan Eysebio Portuqaliya yığmasının tərkibində 1966-cı il dünya çempionatının bürünc medalını qazanıb. 11 dəfə Portuqaliya çempionu olan idmançı 1965-ci ildə Avropanın ən yaxşı futbolçusu seçilib. 1962-cı ildə "Benfika" ilə Çempionlar Kubokunun qalibi olub. Portuqaliya yığmasının tərkibində keçirdiyi 64 oyunda 41 qol vurub.
Sürətli və texniki oyununa görə "Qara pantera" ləqəbi almış Eysebio iki dəfə "Qızıl buts" mükafatına layiq görülüb.
Eysebio 5 yanvar 2014-cü ildə vəfat etmişdir.
Əməkdar incəsənət xadimi, Böyük şair Ələkbər Salahzadə 1941-ci ildə Quba rayonunun Qonaqkənd qəsəbəsində doğulub.Mərhum şairin bu şeiri günümüzlə necə səsləşir.Futbol üzrə dünya çempionatının keçirildiyi indiki ərəfədə "Eysebio sevinci" şeiri ilə həm mərhum şair Ələkbər Salahzadəni, həm də ulduz futbolçu Eysebionu yad edir, "Allah ruhlarını şad eləsin!" deyirik.
EYSEBIO SEVINCI
Afrikadan yüyürüb
Avropada
topa vurduğu zərbə
açır qapıları,
yırtır torları...
Sevincdən kükrəyərək,
Sevincdən şığıyaraq
qara qollarını atmaq istəyir
Mozambikin üstünə!
Sevinc girib qoluna,
qara sevinc çırpınır,
qara sevinc parıldayır üz-gözündə
saçlarında, əllərində, ayaqlarında...
Yiyəsini aşıb-daşır,
Yiyəsini uçurur
bir ürəyə sığışmaz sevinc,
qara vətənli sevinc,
qara yataqlı sevinc...
Çömçə ayaqları
qarışdırır buxarlanan nəhəng qazanı.
Stadion uğuldayır,
stadion qaynayır!
Sevinci
Gözündə inci-inci
Gözümdən keçir...
Televizor ekranında
qapı titrəyişi,
Afrikadan yüyürüb
Avropada
topa vurduğu zərbə...
1968.
"Beş yarpaq" kitabından
Paylaş: