Bu gün Azərbaycan İncəsənət xadimi, tanınmış şair Adil Qasımlının doğum günüdür. Bu münasibətlə “Ovqat.com” 86 yaşını bu gün tamam edən şairi təbrik edir, haqqında yazılmış məqaləni və şairin yeni şeirlərini öz oxucularına təqdim edir.
Hər bir yaradıcı şəxsin öz ədəbi taleyi olur. Bəzi məqamlarda bənzərlik olsa da, ümumən hər bir şəxs ayrı-ayrı taleləri yaşayır. Bu mənada, Azərbaycan incəsənət xadimi, şair Adil Qasımlının da özünəməxsus ədəbi taleyi var.
Doğulduğu il repressiyanın tuğyan etdiyi 1938-ci ilə təsadüf edir və uşaqlıq illəri müharibənin dəhşətləri içərisindən- o qorxulu illərdən keçib gedir. Qorxulu illər yaşayan şairin içindəki qorxuları elə o illərin qara-qorxusu silib-süpürür. Və elə o illərdən qalma bir hiss Adil Qasımlının içindəki mübarizə duyğularını alovlandırır. Naxçıvan şəhərindəki 2 nömrəli orta məktəbi bitirir, Azərbaycan Dövlət Pedaqoji Universitetini uğurla başa vurur. Əvvəlcə Naxçıvan Müəllimləri Təkmilləşdirmə İnstitutunda, daha sonra Naxçıvan Müəllimlər İnstitutunda fəaliyyətini davam etdirir.
Amma bütün bu illər ərzində içindəki duyğuları poetik axtarışlara yönləndirir. Şeirləri “Azərbaycan”, “Ulduz”, jurnallarında, “Ədəbiyyat və incəsənət” , “Azərbaycan müəllimi”,”Azərbaycan gəncləri”, “Şərq qapısı” və başqa qəzetlərdə, eləcə də o dövrdə keçmiş Sovetlər İttifaqında nəşr edilən bir çox qəzet və jurnallarda çap olunur. İçindəki bu şeir sevgisi günlərin bir günü Adıl Qasımlının yolunu Naxçıvan Dövlət Televiziya və Radio verilişləri komitəsi ilə qovuşdurur. Sevdiyi, seçdiyi peşəyə qovuşan şair televiziyada redaktor, böyük redaktor, şöbə müdiri, baş redaktor vəzifələrində çalışır, eyni zamanda Naxçıvanın ədəbi mühitinin yetişməsində və formalaşmasənda əvəzsiz xidmət göstərir. Xüsusilə, onu qeyd etmək gərəkdir ki, o dövrdə Naxçıvanda yaşayıb yaradan tanınmış yazıçı və şairlərlə yanaşı, gənc qələm sahiblərinin ilk yaradıcılıq təcrübələri əsasən Naxçıvan Televiziyasında oxucu-tamaşaçılara çatdırılırdı. Bundan ruhlanan gənclər ədəbi yaradıcılıqla daha ciddi formada məşğul olurdular. Bu gün çağdaş Azərbaycan şeirində imzası olan bir çox qələm adamları məhz Adil Qasımlının əməyi sayəsində, onun ədəbiyyata göstərdiyi xidmət sayəsində bu günlərə gəlib çıxıblar.
Bütün bu ədəbi xidmətlərlə yanaşı, Adil Qasımlı ədəbi yaradıcılığını davam etdirir, yeni-yeni şeir kitabları ilə oxucuların görüşünə gəlirdi. 1969-cu ildə “Gənclik” nəşriyyatında ilk könül ”Pıçıltıları”ı ilə oxucuların sevimlisinə çevrildi. O dövrdə gənc şair ilk kitabı ilə ədəbi tənqidin nəzərini cəlb etdii, haqqında maraqlı fikirlər səsləndi. “Adil Qasımlının şeir yaradıcılığı həmişə özünün dərin lirizmi, səmimilik və poetik zərifliyi ilə diqqəti cəlb etmişdir. Təsadüfi deyil ki, o, ilk şeirlər kitabına toplanan nümunələri “Pıçıltılar” adı ilə oxuculara təqdim etmişdir (İsa Həbibbəyli, Akademik, Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti). 1974-cü ildə Azərbaycan Dövlət Nəşriyyatında çap olunan “Biz görüşəndə” şeirlər kitabı bu münasibəti bir az da irəli apardı. Hiss olundu ki, ədəbiyyata öz sözü olan, yenilikçi, poeziyaya fərqli baxışı olan bir şair gəlib. Ardınca "Dağlar, Qalalar, Babalar"(. Bakı. Yazıçı nəşriyyatı, 1981), "Qaranquş ömrü".( Bakı. Yazıçı nəşriyyatı, 1988), "Sənə dönərəm". (Bakı. Ozan nəşriyyatı, 2004) ,"Salam sevgi". (Bakı. Oğuz eli nəşriyyatı, 2009) kitabları Adil Qasmlı poeziyasnın əzəmətini və ehtişamını bir daha Azərbaycan oxucusu qarşısında sərgiləmiş oldu. ”Adil Qasımlının şeirlərində obyektiv gerçəkliyə orijinal baxış, hadisə və situsiyaların professional şair duyumu ilə qavrayışı özünü biruzə verir”(Şirindil Alışanlı, Akademik).
Yaradıcılığında həyatın bütün sahələrinə diqqət ayıran şair vətən sevgisini hər şeydən üstün tutur. Bu sevginin mərkəzində isə mübarizə ruhu hökm sürür.Şair vətənini mübarizəyə səsləyir. Bu mübarizə çağırışı həyatın bütün sahələrini əhatə edir:
Qəzəbini qılınc elə,
Nifrətini döndər kürzə,
Bircə yolun vardır sənin-
Mübarizə,
Mübarizə.
“Adil Qasımlı oxucusunu özünə inandırmağı bacarır. Çünki onun şeirləri həyat həqiqətlərinin etirafıdır. Bu etiraflar isə şair qəlbinin dərin səmimiyyətindən qidalanır”. Bu isti cümlələr mərhum şair Tofiq Bayramın Adil Qasımlı haqqında yazdığı məqalədən sətirlərdir.
Yalçın qayaların qardandır tacı,
Arxaca ağ duman sərilib indi.
Şəlalə-dağların dağınıq saçı,
Şaxtanın əliylə hörülüb indi.
Təbiətin bir parçası rəssam əli ilə ecazkar bir tabloya çevrilib elə bil. Bu misralarda təbiət o qədər diri və canlıdır ki, az qala şəlalənin səsini eşidirsən, buz bağlamış yalçın qayaların hənirini duyursan.
Poetik yaradıcılığa həmişə ciddi yanaşan, onu ömrünün bir hissəsinə çevirən şair şeirlərində böyük ideyaları təbliğ edib:
Nədir göydən doğan o mavi işıq,
Deyəsən səsimi eşidib Allah.
Odur, lap yaxında boz qurd ulayır,
Atım, qılıncım da yetər, inşallah.
Həmişə içində bir narahatlıq gəzdirən şairi sabahımız daha çox düşündürür. “Bu dağın ətirli havası vardı” yazan şairi ”O nadir çiçəklər hardadı, hanı?” sualı düşündürür.
Bu kənddə, şəhərdə, o dağ döşündə,
Xeyir öz işində, şər öz işində,
Yağışlar meşədə yüz od söndürür,
Yenə yanğınları azalda bilmir.
Bir əyri yüz düzü əyir, sındırır,
Yüz düz bir əyrini düzəldə bilmir.
Adil Qasımlının şeirlərində həm forma, həm də məna zənginliyi var.Təkcə bəzi şeirlərin sadəcə adlarını sadalamaqla onun şair təfəkkürünün nə qədər geniş və əhatəli olduğunu görərik. Bu şeirlər içərisində “Ömür yolu” diqqəti daha çox cəlb edir.Şairin nəzərində yollar çoxdu:
Bu dünyada nə çox yol var-
Hava yolu, şosse yolu, dəmir yolu.
Bir yol da var, ömür yolu.
“Hasar” adlı məqaləsində şair özü belə yazır:Uşaqlıq yaddaşımda çəpərlər var. Qonşu həyətlərini bir-birindən ayıran çəpərlər. Həmin çəpərlərdən boylanıb qonşusu ilə hal-əhval tutan mehriban simaları gözlərimin önündədir:
Bu bağın sarmaşığı
O çəpərə dolaşır.
O bağın ağacları
Bizim həyətə aşır.
İlahi bir qız yaşayır
O çəpər arxasında.
“Adil Qasımlının şeirləri yeni ruhu ilə cəzbedicidir. Onun qələmə aldığı lövhələr canlı obrazları ilə yadda qalır”(Bəkir Nəbiyev.)”Vətən və xalq taleyi onun yaradıcılığının əsas mövzusudur. Qədim diyarın təbiəti, uca dağları, qalaları,tarixin min bir fırtınasını görmüş abidələri füsunkar gözəllikləri onun şeirlərinin ilham mənbəyinə çevrilmişdir”(Yavuz Axundlu).
Adil Qasımlı ömrünün bu ixtiyar çağında yorulmadan gənclik eşqi ilə yazıb yaradır. Mən bu yazımı bir neçə il qabaq ona yazdığım şeirin son misraları ilə bitirmək istəyirəm:
Bu dünyanın düz adamı, Adil Qasımlı,
Nə yaxşı ki, sənin kimi şairimiz var.
Məmməd Tahir
Adil Qasımlı
YAZIRAM
Qələmdi almışam ələ,
Soruşma kimdən yazıram.
Nə işim var özgəsiylə,
Özüm özümdən yazıram.
Məndən nə küs, nə də inci,
Sözlərim yox inci-inci.
Vəfasız gördüm Sevinci,
Vəfalı Qəmdən yazıram.
Pərişan söyüdə tayam,
Tax torpağa, bitər payam.
Haqdı məni sərxoş sayan,
Dərd içib, dəmdən yazıram.
Dolmur daha, göz quruyub,
Kitab-kitab söz quruyub.
Qələmim bir az qoruyub,
Mən hələ nəmdən yazıram.
Daş üstə qalanan daşı
Hörgü sanır yazıq naşı.
Hamı Qüllədən danışır,
Mən isə Himdən yazıram.
RUHUM
Dünənki uşaqmı bu günkü cavan?
Şəklini yan-yana qoyub bir də bax.
Sabahkı surəti, simasıyla da
Bu günkü cavana oxşamayacaq.
Özgələşir vücud, dəyişir bədən,
Qalan, yox olanın izidir ancaq.
Vücudum, cismimlə «Mən» deyiləm mən,
Hər adam ruhuyla özüdür ancaq.
İnanma heç vədə yoxluğuma sən,
«Öldü» söyləsələr, gözün dolmasın.
Ağlamalı nə var, ölüm deyilən-
Bir quşun qəfəsdən azad olması.
Sığışan deyiləm mən dar qəfəsə,
Qoy girsin bədənim məzar qəfəsə.
Daim darıldığım bir dar qəfəsə
Qayıdıb girməsin bir daha ruhum.
Fani əbədiylə necə yarışsın?..
Cismim bu torpağa, daşa qarışsın.
Səmalarda süzsün, göylərdə uçsun,
Batmasın yerlərdə günaha ruhum.
İblisdən kənardı, Şərdən uzaqdı,
Aradığı haqdı, gəzdiyi haqdı.
Uçub, uçub sonda qovuşacaqdı
Bir sənə, bir də ki, Allaha ruhum.
GÖYLƏR FİKİRLİDİR
Buludlar səmanın dalğın fikrimi?
Yumulmur sübhəcən gözləri onun.
Ay da damağında papiros kimi
Odlanır, alışır, közərir onun.
Göylər nə düşünür, niyə oyaqdır?
Bəlkə şair olub, söz qoşacaqdır.
Əgər şair olsa tay olmaz ona,
Ulduzlu misralar düzər yan-yana.
Heyran olar ona kim qulaq assa,
Demə göy dilini çoxu nə bilər.
Göylər nə yaratsa, göylər nə yazsa,
O bütün dillərdə oxuna bilər.
İstərdim, istərdim göylər söz qoşa,
Amma söz qoşana oxşamır göylər.
Fikirlər içində yetirir başa
Gələn hər gecəni, axşamı göylər.
Yaman narahatdır, nə olub göyə?
O, nə fikirləşir, nə anır belə?
Gecənin bu çağı görəsən niyə
Yerə milyon gözlə boylanır belə?..
...Uzaq mavilikdə bir ulduz axdı, -
Kainatın gözəl bir qızı köçdü...
Bu itki göyləri yandırıb-yaxdı,
Köksündən bir həsrət yanğısı keçdi...
Ulduzlar alışır, ulduzlar yanır,
Əriyir beləcə hey təkbir, təkbir.
Anladım göy yerə niyə boylanır:
Ondan nigarandır, gözünü çəkmir.
ÇÖL ÇİÇƏKLƏRİ
Köksündən çıxarıb, bağrından doğub
Sanarsan burada yer çiçəkləri.
Heyf, seyrə çıxıb, bir dəstə yığıb
Qoxlayan yoxdu bu tər çiçəkləri.
Xumar gözlərindən şəfəq süzülür,
Günəş çimizdirib nurda onlar
Şəhərdə gül üçün növbə düzülür,
Amma arayan yox burda onları.
Baxma ki, zərifdi, dözümü çoxdu,
Göydən od yağsa da solduran deyil.
Hüsnünün, ətrinin əvəzi yoxdu,
O var ki, cibləri dolduran deyil.
Baxdıqca könlümü, gözümü oxşar,
Sinəmdə cücərən sözümə oxşar
Bu qərib çöllərin gül-çiçəkləri.
Mənim nəğmələrim çöl gülləridi,
Mənim şeirlərim çöl çiçəkləri.
Beləcə nəzərdən, gözdən uzaqdı.
Bəlkə də, bəlkə də heç illər boyu
Dərib qoxlayanı olmayacaqdı,
Alıb oxuyanı olmayacaqdı.
SEVGİ
Göy çəməni, yaşıl bağı
Göz oxşayır, ürək yaxır,
Çünki, çünki bu torpağın
Çiçəyi, otu - sevgidir.
Hər nemətin var bir tamı,
Dadsa, yes doyar hamı.ǝ
Bütün nemətlərin cəmi,
Doyulmaz dadı - sevgidir.
Birisinə qaynar qanın,
Canından ayrılar canın.
Bu sirrin, bu müəmmanın
Səbəbi nədi? - Sevgidir!
Qabağında həzin-həzin
Yanan od-ocaq neyləsin?..
Tənhalıq üşüdən kəsin
İstisi, odu -sevgidir.
Əcəldən kimə hay vardı?!
Bir gün bizə də pay vardı.
Ölməyən bircə şey vardı,
Onun da adı - Sevgidir!
Paylaş: