Xəbər lenti

 Kult.az-ın “Xatirə dəftəri” layihəsinin budəfəki qonağı şair Aysel Fikrətqızıdır. Aysel xanımla atası, tanınmış şair Fikrət Sadıq haqda danışdıq, xatirələrini dinlədik.

- Uşaqlığınız, eviniz yaddaşınızda necə qalıb?

- Dəhlizində radio quraşdırılmış beşotaqlı evimiz vardı. Səhərlər bu radionun musiqi səsi ilə yuxudan ayılardıq. Anam qardaşlarımı, məni məktəbə yola salardı.

- O evdə sizi ancaq radio yuxudan oyadırdı? Bəs atanızın zəhmli səsi necə?

- Atam səssiz bir insan idi, səsini qaldırmaz, çığırmazdı. Biz onun dilindən bir kobud söz belə eşitməzdik.

- Atanızın fərqli görünüşü, duruşu, danışığı vardı...

- Hə, elədir. Atamın çox nağılvarı görkəmi vardı. Mən uşaqlıqda çox xəyalpərəst idim. Onun dəqiq hansısa nağıldan gəldiyinə özümü inandırmışdım.

- Uşaqlıq illərinizin nağıl dünyasının qəhrəmanı idi, yəqin ki...

- Ailədə gecikmiş övladam. Gözümü bu dünyaya açandan atamı ağ saçlı görmüşəm. Hamı məni onun nəvəsi bilirdi. Qardaşlarımla münasibətində bir az sərt olsa da, mənimlə tamam ayrı cür idi. Mənə bəxş etdiyi sevgi bitib-tükənməz oldu. Sonradan həyatımda olan çətinliklərdə, haqsızlıqlarda belə onun sevgisinə sığındım. Onun ata sevgisi məni daim qorudu.

- Uşaq yaddaşınızda qorunub-saxlanan, bu günə gəlib çatan çox şeylər qalar...

- Heç unudularmı? Bir dəfə Moskvadan zəng etdi, adəti üzrə mənə nə alacağını, nə istədiyimi soruşdu. Ona təyyarə almasını dedim. İki gün sonra yenə zəng vurdu, bu dəfə də qatar almasını, sonrakı zəngində isə gəmi almasını dedim. Atam mənim ondan qatar, təyyarə, gəmi istəməyimə bir şeir də yazmışdı:

“Bütün bunlar
balaca bir qəlbin
görüş həsrəti deyil, bəs nədir?!
Bilirəm, qızım, bilirəm...
Gəlirəm, qızım, gəlirəm”.

Yadımdadır, dediklərimin üçünü də alıb gətirmişdi. Təyyarəni eyvanda ən yüksəkliyə bərkitmişdi, külək olanda pərləri fırlanırdı... Uzun, uzaq yol getmək istəyi, həsrəti mənim qanıma ondan işləmişdi.

- Sakit adam idi, amma ata kimi də narahatlığı olmamış olmazdı.

- Atamın bizim üçün yazdığı uşaq şeirləri taleyimizi sanki öncədən xəbər verirdi. Mən də, qardaşlarım da bunu heç yerdə deməmişik. İndi oxuduqca başa düşürəm ki, sanki atam bizim gələcək həyatımızı bizə yazdığı uşaq şeirlərində şərh edib. Bunu özü bilmədən Tanrının diktəsi ilə edib.

- Aysel xanım, xatirələrdə şirinlik, bir xoş əhval-ruhiyyə də olmalıdır axı. Siz isə qəmli notlara köklənmisiniz.

- Böyük qardaşımız, atamın böyük oğlu talesiz oldu. Vaxtsız vəfat etdi. Şeirlərdə, elə həyatının başqa anlarında da ona qarşı həsrət həmişə bilindi, bu itkinin ağrısını çəkmək çətin idi. Mənə yazılan intizarlı şeirlər həmişə qəmli olmağıma, nədənsə uzaq düşməyimə işarə idi. Atam mənim ən dözülməz ayrılığım, dərdim oldu.

Onun əlindən tutub parkda gəzdiyim vaxtlarda insanların ona sevgisini, hörmətini duyurdum, anlayırdım ki, o, böyük şair olmaqla yanaşı, həm də böyük insanlığı olan şəxsiyyətdir. Həmişə, ömür boyu bunu bildim, düşündüm.

Heç vaxt atamın pis xasiyyətlərini görmədim. Onu yaltaqlıq edən, yalan danışan, pula, vəzifəyə əyilən görmədim. Zaman keçdikcə anladım ki, dünyanın ən xoşbəxt uşağı olmuşam.

- Xatirələrinizdə yaşanan sevincli anlar nələrlə bağlıdır?

- Onun varlığı belə mənə sevinc gətirirdi. Atamdan heç vaxt incimədim. Həmişə, nə olsa belə, məni sevməkdə davam edən yeganə adam oldu o. Ondan incidiyim an təkcə onun əbədi getdiyi gün oldu. Həmin gün gözlərini gözlərimdən yayındırırdı, çünki mənim onu dəli kimi sevdiyimi bilirdi.

Bizi gözəgörünməz bağlar birləşdirirdi. Onun mənə verdiyi sevgini heç övladlarıma belə verə bilməmişəm. Hərdən özümü fanatik dərəcədə atama bağlı və xəstə kimi hiss etmişəm, edirəm. Məni tanıyan hər kəs onun mənim üçün nə qədər önəmli olduğunu bilir. O da bilirdi, ona görə gözlərini məndən qaçırırdı.

- Aysel xanım, heç ola bilməz ki, ata-bala münasibətinə kənardan bir baxış hiss etməyəsiniz, xoş, ya da xoş olmayan baxış...

- Onun haqqında aşırı danışmağım, yazmağım ətrafda danışıqlara səbəb oldu. Bəziləri onun adını tez özümə təxəllüs kimi götürməyim haqda danışdılar. Güldüm, keçdim. Çünki bu adı 97-ci ildən yazmağa başlayandan təxəllüs kimi götürdüyümü çoxları bilirdi. Mənə insanların münasibəti qəribə gəlməyə başladı. Ən azından mən ata itirmişəm, onlar isə ədəbiyyat sərvətini. Heç olmasa, öz şairinə hörmətlə yanaşıb danışmazdılar.

- Fikrət Sadıq həlim insan idi. Kövrək anlarını, pərişan vaxtlarını necə xatırlayırsınız?

- Mən gəlin köçəndə kövrəlmişdi. O günü unuda bilmirəm. Atamdan qopmaq istəmirdim. Heç qopmadım da. Yalnız həmin gün onun kədərləndiyini görəndə özümü çox qınamışdım.

Hər dəfə ona toxunanda Allaha yaxınlaşdığımı hiss edirdim. Bunu hamı bilirdi. Onu dəli kimi sevirdim, sevəcəyəm də. Nə qədər ömrüm var, onu yaşadacaq, onun üçün yarımçıq qalan işlərimi tamamlayacağam.

Ata kimi əvəzedilməz idi. Bizə ta körpəlikdən aldığı oyuncaqlardan, kitablardan, aşıladığı insanlığı, hər addımımızda verdiyi tərbiyəni, nəyin düz nəyin səhv olduğunu başa salmağı, səssizliyi, ağırlığı ilə əsl ata idi. Hər birimizin təhsilində, yaşamımızda yol göstərməyi, qayğısı gözəl idi.

- Evdən kənarda necə idi, məsələn, işdə...

- İş yoldaşları onu çox sevirdi. Atam işdə evdəkindən daha zarafatcıl idi.

- Ata kimi, iş yoldaşı kimi danışdınız. Bəs ailə başçısı kimi, yaddaşınızda necə qalıb?

- Ailə başçısı kimi də fərqli idi. Anam onun qayğısını çox çəkərdi, yaradıcı adam olduğundan hər zaman ona şərait yaradardı ki, işlərini görə bilsin. Evin qayğısını, problemlərini, dərdlərini çox vaxt ona deməzdi, ona əlavə yük, dərd verməkdən uzaq olardı, bəlkə də qorxardı. Anam bir mələk kimi ömür boyu onu qorudu, sevdi. Belə istək, sevgi çox az, nadir hallarda olur. Gözəl bir ailənin qızıdır anam. O, bütün ömrünü, həyatını, istedadını atamın yolunda qurban verdi, onun övladlarına, özünə baxdı. Atam şeirlərini makinada yazardı, o şeirləri ilk oxuyan, ilk dinləyən də anam olardı. Atam ona çox inanırdı.

- Bu sevgini bir-birinə sığınaraq yaşayırdılar, demək...

- Hə, o anlam da, hə. Amma kimin kimə sığınmağını bilmirəm. Yalnız onu bilirəm ki, mən çox sadiq, gözəl bir ailənin övladı olmuşam. Atam anam bir-birinə gözəl, saf sevgi ilə bağlı idilər. Bu, son günə qədər belə davam etdi, elə atam son anını da onun yanında yaşadı.

- Ətrafınızda başqa doğmalar, yaxınlar olur, onlarsız keçinmək olmur... Fikrət müəllim qonşu kimi necə idi?

- Bir dəfə də olsun onu qonşuya gedən, həyətə düşən, qonşuyla ünsiyyət quran görmədim. Yəqin, pis qonşu deyə bilərəm atama. Amma atamı çox sevirdilər, hörmət edirdilər. Mən hələ dünyada olmayanda “Vaqif 30” adlı şairlər evində qonşuları Əli Kərim, Elçin, Əlfi Qasımov və s. tanınmış şair və yazarlar olub. Onlar atamın ən sevimli qonşuları imiş.

- Yəqin ki, xasiyyətinə görə ondan incik olanlar, yaxud özünün incik olduğu adamlar var idi.

- Atam çox zarafatcıl, hazırcavab idi, bunu hər kəs bilir. İşdə bu cür zarafatları olardı. Uzun müddət Yazıçılar Birliyində şeir üzrə məsləhətçi vəzifəsində işləyib. Bir gün rayonların hansındansa bir şair şeir antalogiyasında şeirlərini çap etdirmək üçün üz tutur Bakıya, gəlir Yazıçılar Birliyinə. Şairin şeiri alma haqqında olub, təxminən belə başlayır:

“Ləzzətlidir bumajno
Şirvan gözəli şafran...”

Atam şeiri o tərəfə, bu tərəfə oxuyar və görər ki, bu şeir antalogiya üçün qəti yaramır. Ardınca yazar:

“Ləzzətlidir bumajno
Şirvan gözəli şafran
şeir oldu nevajno
çıxarıldı kitabdan...”

Bir gün də kimsə ona sual verir: “Fikrət müəllim, qocalmısınız, boynunuza alırsınız?” Cavab verir ki, “yox, ay bala, qocalıq özü minib boynuma”.

Ya da hamının bildiyi: “O key, bu keyə deyir, okey”. Fikrət Sadıq həmin bu atmaca zarafatları kitaba da gətirirdi. Çox maraqlı alınırdı onun dilində. Həm də bu atmacalar ibrət dolu idi.

- Aysel xanım, xatirələrinizi paylaşdınız, görürəm ki, çox darıxırsınız.

- Fikrət Sadığın 60-cı illərin poeziyasında özünəməxsus yeri olub, bu, danılmazdır. O illər ədəbiyyatının gözəl şairlərindən biri olub. Hamıdan fərqli olaraq bütün dövrlərdə ömrünün sonuna qədər yazıb, yaradıb. Onun tükəndiyini görmədim. Hər zaman yazdı. Hətta mən deyərdim, deyilməyən, yazılmayan düşüncələri qaldı. Mən bunu onun gözlərindən, danışıqlarından hiss edirdim. O, müasir dövrün nəbzini tuta bilirdi. Hər dövrün insanı idi. Cəmiyyətin hər zaman qeydinə qalırdı, əsl ziyalı idi.

Mən tez bezən insanam. Bezgin olduğum vaxtlarda atamın səbri qarşımı kəsir. Məqsədə çatmaq atam üçün mühüm şərt idi. Bu cür ali, gözəl insan üçün necə darıxmayım?!




Ana səhifəyə qayıt        Baxış: 1 668          Tarix: 3-09-2017, 09:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma