Xəbər lenti

 

“Tarixi-coğrafi Azərbaycan”ın Türkçülüklə bağlı olması fikrini M.Ə.Rəsulzadə ilk dəfə qismən 1916-cı ilin martından “Açıq söz” qəzetində qələmə aldığı “Məktəb və mədrəsə” silsilə yazılarında, əsasən də həmin ilin oktyabrında yazdığı “Nə Qafqasiya, nə də İran” məqalələrində ifadə etmişdir. O, həmin məqalələrində yazırdı ki, Qafqaz türklərinin özlərini “qafqasiyalı”, “Qafqaz türkü” adlandırıb da Azərbaycanı iki hissəyə bölən Araz çayının o biri tayında yaşayan türklərə “iranlı” kimi yuxarıdan aşağı bir nəzərlə baxmaq ruhumuza sirayət etmiş bir xəstəlikdir. Qeyd edək ki, burada adıçəkilən məqalələrinə qədər Rəsulzadə özü də əsasən “Qafqaz türkləri”, “Qafqaz müsəlmanları”, “İran türkləri”, “İran Azərbaycanı” kəlmələrindən istifadə etmişdir. Yalnız 1916-cı ilin başlarından etibarən həmin anlayışlarla yanaşı “Azərbaycan türkləri”, “Azərbaycan müsəlmanları”, “Azərbaycan türkcəsi” kəlimlərindən də istifadə edən Rəsulzadə “Məktəb və mədrəsə” məqaləsində yazırdı ki, əqrabalıq, dil və ədəbiyyat baxımından “İran Azərbaycanı ilə Qafqasiya Azərbaycanı arasında fərq heç yoxdur”. “Nə Qafqasiya, nə də İran” məqaləsində isə o, açıq şəkildə Şimali Azərbaycanda ya da Qafqazda yaşayan türklərin özlərini Qacarların Azərbaycan əyaləatində yaşayan türklərdən ayrı müstəqil bir etnoqrafik vücud kimi görüb “Qafqaz türkü” adlandırmasını yanlışlıq hesab etmişdir. Türk şöbələri arasında “Qafqaz türkü” ismiylə tanınan etnoqrafik şöbə yoxdur, deyən Rəsulzadə yazırdı: “Azərbaycan türkü, Azərbaycan şivəsi, Azərbaycan ədəbiyyatı var. Ola da bilər. Fəqət Qafqasiya türkcəsi və Qafqasiya türkü olamaz. Bu gün nə “Xosrov Pərvizi” yazan Mirzə Abdullah iranlı, nə də Kazımoğlu qafqasiyaladır. Onların ikisi də azərbaycanlılardır. Birincisinin əsəri, ikincisinin də mütaliəsi nə iranca yazılmış, nə də qafqazca. İkisi də türkcə yazılmışlar. Biz, özümüzü qafqasiyalı sananlar bu həqiqəti bir kərə bilməli və anlamalıyız ki, yurdumuzda mühacir və mehman sifətilə yaşayan “iran”lılar, az bir istisna ilə İran Azərbaycanından gəlmiş iranlılardır. Onların dili də, məişəti də, adət və əxlaqları da bizimkinin eynidir. Başqa dürlü olamaz da.  Çünki hamımız bir kütləninn (Azərbaycan Türkünün) parçası, bir məcmuin hissəsiyiz, xəlq təbrincə, “hamımız bir bezin qırağıyız”, Araz çayının qismən bu, qismən də o tərəfində bulunan türklər, bir kərə bilməlidir ki, nə iranlı, nə də qafqasiyalı bəlkə: azərbaycanlılardır”.
Gördüyümüz kimi, Rəsulzadə “Azərbaycan” milli ideyasını hər şeydən öncə Qafqaz türkləri ilə “İran” türklərini birləşdirən, onların biri-birindən ayrı deyil vahid ulus olması anlamında gündəmə gətirmişdir. Başqa sözlə, Rəsulzadənin irəli sürdüyü “Azərbaycan” ideyasının əsasını Dərbəndən Kəngər körfəzinə, Bakıdan İrəvanadək eyni adət-ənənəyə, əxlaqa, məişətə, dilə, ədəbiyyata sahib olan türklərin vahidliyi, bütünlüyü təşkil etmişdir. Bu mənada Rəsulzadə yazılarında artıq “Azərbaycan türkləri”, “Azərbaycan muxtariyyəti” anlayışlarına geniş yer verir, türk xalqları arasında Azərbaycan türklərinin öz dili, öz ədəbiyyatı, öz adəti olmasını müdafiə edirdi. 1917-ci ilin mayında Moskvada keçirilən Birinci Rusiya müsəlmanları qurultayında digər türk xalqlarıyla yanaşı “Azərbaycan muxtariyəti” ideyasını da irəli sürən Rəsulzadə artıq həmin ilin sonunda “Azərbaycan muxtariyyəti haman bir əmri-vaqe halını almalıdır”- deyə, fikrini açıq şəkildə ifadə etmişidir. Bizcə, “Azərbaycan muxtariyyəti” ideyasını ortaya atan Rəsulzadə, bununla da yeni bir Türk dövlətinin adının bəlirlənməsi yolunda ciddi zəmin hazırlamış, eyni zamanda “Qafqaz” türkləriylə “İran” türklərinin ortaq gerçək adını da dəqiqləşdirmişdir: Azərbaycan türklüyü!!!
“Tarixi-coğrafi Azərbaycan”ın Turanla biri-birini tamamlaması məsələsinə gəlincə, M. Ə. Rəsulzadə 1-ci Dünya müharibəsi dövründə (1914-1918) anladı ki, türklərlə farslara istinadən “ortaq yurd” hesab etdiyi “İran”, ortaq ideologiya saydığı “iranlılıq” üçün savaş türklərə fəlakətdən başqa heç nə verməmiş, bundan qazanan yalnız farsdillilər və onun havadarları olmuşdur. Ona görə də, Rəsulzadə 1915-1916-cı illərdən etibarən siyasi, mədəni, əxlaqi, etnik, adət-ənənə anlamlarda İran və Turan anlayışlarını biri-birindən ayırmağa başladı. Bizcə, İran və Turan anlayışlarının biri-birinə zidd olmasını daha dərindən anladıqdan sonra da, türklər üçün “İran”, “iranlılığ”ın  deyil, Turan və Azərbaycanın önəmli olması qənaətinə gəldi.
Bu anlamda Rəsulzadənin Novruz bayramı ilə bağlı yazdığı məqalələrdə İran və Turan məsələsini gündəmə gətirməsi, həmin bayramın əslində türklər, o cümlədən Azərbaycan türkləriylə bağlı olmasını müdafiə etməsi təsadüfi deyildi. Rəsulzadə yazırdı ki, türklərin tilsimlənmiş mühasirədən çıxdıqları gün (Ərgənəqon) martın 9-u imiş, moğollar da əski türklərdə martın 9-nu bayram saxlayarlarmış. Demək, Novruz bayramı da əsla türklərə yabançı bir şey deyildir. Rəsulzadəyə görə, Qurd ilə 9 rəqəminə türklərdə, türk asari-tarixiyyəsində böyük bir ehtiram görülür. Rəsulzadə yazırdı: “Türk ənənəsi, türk əsatiri və türklərin imdiki məişətləri Novruzun kəndilərinə yabançı bir şey olmadığını göstəriyor. Bütün Türkistan – bu əski Turan – Novruzu İran qədər bənimsəmişdir. Azərbaycan, bəlli Türkiyə dəxi martın 9-nu ailələr içində mütədəvvəl xüsusi bir ənənə ilə yad edər... Uzun bir vəqt öylə düşünülüyordu ki, bu təsir İrandan keçmişdir. Fəqət, İran ilə Turanın daima biri-birilə vuruşduğu halda, sırf İran ənənəsi olan Novruzun nədən dolayı turanlılar tərəfindən də böylə əzizlənməsi bir az şübhəli idi. Qədim türk və moğol ənənələri və əsatiri haqqında başlamaqda olan tədqiqat ortaya moğollarca məşhur olan “qurtuluş” əfsanəsini çıxarıyor ki, bu əfsanəcə dəmirdən yapılma bir “sədd” vasitəsilə “Ərgənəqon” da hasarlanıb qalmış olan türkləri bozqurd (Pörtəcnə) bu gün xilas etmişdir. Demək ki, bu gün turanlılardan ötrü qurtuluş bayramı olmuşdur”.
Rəsulzadə hesab edirdi ki, bir çoxları 11-ci əsrdə Türk Səlcuqlardan Cəlaləddin Məlikşahın yeni təqvimlər düzəldərək “İran”da Novruz ənənəsini bərpa etməsini, Türk Qəznəlilərdən Sultan Mahmud Səbiktəkinin fars şairi Firdovsiyə, məzmunu iranlıların turanlılar əleyhində icra elədikləri “pəhləvanlıqları” şeirləndirən bir “Şahnamə” yazdırtmaq qəbilindən bir xəta kimi görsələr də, bunu ancaq bu cür dəyərləndirmək doğru olmaya bilər: “Fəqət elmi-fənn sevgilisi olan Cəlaləddini bu fikrə sövq edən gizli və hiss edilməz amillərdən birisi də novruzun turanlılarca bir “qutuluş” günü olduğu ənənəsi olmasın?... Hər halda  gözəl baharın, qışın öldürücü “siyəhcal”ından çıxması ilə turanilərin “Ərkənəqon” məhbəsindən qurtuluşlarına təsadüf edən bir günü elmi və fənni surətdə təyin edən böyük Səlcuq hökmdarı bu xüsusda müvaxizə deyil. Təqdir olunmalı!...”. Deməli, Rəsulzadə iranlıların Novruzuna qarşı turanlıların Qurtuluş gününü ya da Ərgənəqonu irəli sürmüşdür. Bu anlamda Rəsulzadəyə görə Turanlılar üçün mücadilə vermək və mücadiləçi olmaq daha çox önəmlidir: “Turan cinsi təbiət qədər mətin, onun qədər qüvvətlidir. Təbiət o qüvvətilə, o məhəbbətilə əsir qalar da, sonra tazələnməyə, donuşluqdan qurtulmağa ehtiyac göstəriyor. Turan qövmlərindən ötrü də qışlar, donmuşlar sovuqlar vardır. Bunlardan qurtulmaq dəxi kəndilərinə müqəddərdir. Əski moğol əsatiri bu qurtuluşlardan birini martın 9-da sorağ veriyor. Təbiətin bayram etdiyi bu gün turanilərin də qurtuluş günüdür”.
1917-ci ildə və 1918-ci ilin başlarında müstəqil Azərbaycan Türkçülüyünün ya da Azərbaycan Turançılığının əleyhinə olan əsas qüvvələr: 1) rusiyaçılar, 2) ittihadçılar, 3) irançılar idilər. Rusiyaçılar, ittihadçılar, irançılar müxtəlif vasitələrə baş vuraraq öz anlamlarında Rusiya, Osmanlı və “İran”dan kənarda Azərbaycan türklüyünün baş qaldırmasına yol vermək istəmirdilər. Bu məqsədlə də ruslar daha çox sosial-demokratizm, ittihadçılar İslam birliyi, irançılar isə şiəçilik düşüncələriylə Azərbaycan türklərinin yenidən dirilişinə yol vermək istəmirdilər. Bu anlamda Şimali Azərbaycanda Türklərin muxtariyyət ideyası rusları və ittihadçıları, Qacarlarda Güney Azərbaycan türklərinin “irançılığ”a olan rəğbətlərinin azalması isə farsçıları və havadarları ingilisləri rahatsız edirdi.
Məsələn, “Azərbaycan türklüyü” ya da Azərbaycan milli ideyası ortaya atıldığı zaman Şimali Azərbaycanda İslam birliyindən çıxış edən ittihadçılarla “Böyük Rusiya” ideologiyasından qurtulmayan sosial-demokratlar (bolşeviklər, menşeviklər, sosialistlər) birmənalı şəkildə buna qarşı çıxırdılar. “Azərbaycan muxtariyyəti” ideyasını ittihadçılar İslam birliyinin parçalanması, sosialistlər isə Rusiya demokratiyasından ayrı düşmək kimi yozurdular. Azərbaycan milli ideyasının əleyhdarları olan milli ittihadçılarla milli sosial-demokratlar (bolşeviklər, menşeviklər, sosialistlər) bu fikirlərini Azərbaycan Cümhuriyyəti yaranana qədər davam etdirdilər. Yalnız 1918-ci ilin 28 mayında Azərbaycan Cümhuriyyəti adlı yeni Türk dövlətinin bəyanından sonra yavaş-yavaş milli ittihadçılarla milli-sosial demokratlar da “Azərbaycan” milli ideyasına sahiblənməyə başladılar.
Şimali Azərbaycan türkləri “Azərbaycan” milli ideyasıyla öz mövqeyini gücləndirdiyi dövrdə bu ideyaya qarşı etirazlar Qacarlar dövlətindən, daha doğrusu bu dövlətdə “İran”, “İranlı” adlarıyla pərdələnən irançılardan da gəlməyə başladı. Belə ki, Tehranda nəşr olunan “Novbahar” qəzeti 1918-ci ilin əvvəllərində  yayımladığı saylarının birində Şimali Azərbaycan türklərinin “Azərbaycan” ideyası zəminində Azərbaycan muxtariyyəti uğrunda mübarizə aparmasını tənqid edirdi. “Novbahar” qəzetinin irançı ideoloqlarına görə, Azərbaycan muxtariyyəti ideyası “İran” dövlətinin istiqlalına qarşı olub “İran Azərbaycanı”nı da özünə birləşdirmək niyyəti güdür. “Novbahar” qəzetinin müdiri Məlikşüəra yazırdı: “Qafqaz Azərbaycanı türklərinin islamiyyət evində özlərinə məxsus otaq tutmağa haqqları yoxdur: məgər inke özlərinə məxsus olan otağa bizə, yəni İrana, yainki Osmanlı türklərinə ilhaq edələr”.
M. Ə. Rəsulzadə “Novbahar” qəzetinin bu iddiasına cavab olaraq yazırdı ki, onların əsas hədəfi “İran dövləti” ya da “İran Azərbaycanı” deyil, Bakı, Gəncə, İrəvan və qeyri əyalətlərdən ibarət olan Qafqaz Azərbaycanı türklərinin muxtariyyəti və istiqlalıdır. Milli ideoloqumuza görə, bu mənada ““Novbahar” müdiri möhtərəm Azərbaycan adından nahaq xof və dəhşətə düşmüşdür... Azərbaycan yüz on il bundan qabaq havayi-ruzigardan təqsim olundu və Araz çayının Şimal tərəfində olan qitələri rus aldıqdan sonra Azərbaycan adını götürüb Zaqafqasiya adlandırdılar ki, Məvarayi-Qafqaz olsun”.
Gördüyümüz kimi, Cümhuriyyət qurulana qədər “Tarixi-coğrafi Azərbaycan”ın Türkçülük və Turançılıqla bağlı olması haqqında müəyyən müddəalar irəli sürülmüşdür ki, bunun da əsas müəllifi Rəsulzadə olmuşdur. Rəsulzadə də Azərbaycan türkçülüyünü ya da Azərbaycan turançılığını birmənalı şəkildə “Rusiya Azərbaycanı”na və “İran Azərbaycanı”na qarşı qoymuşdur. Yəni Rəsulzadənin ortaya atdığı Azərbaycanizmin mahiyyətində artıq Rusiya və “İran” mərkəzlilik deyil, məhz Türklük və Turanlılıq dayanırdı. Başqa sözlə, Şimali Azərbaycan türkləri bir tərəfdən 100 ilə yaxın Rusiyanın işğalı altında olduğu üçün ruslaşdırma siyasətinin qurbanı olmuşlara, digər tərəfdən Qacarlar dövlətinə son vermək niyyətində olan farsçılarla onların təsiri altına düşmüşlərə qarşı mübarizə apararaq Azərbaycan turançılığını müdafiə etmişlər. Üstəlik, Azərbaycan türk aydınları, özəlliklə də Rəsulzadə “Turan Azərbaycanı”, “Türk Azərbaycanı” ideyalarını müdafiə edərkən də bir tərəfdən türkçülük, turançılıq prinsiplərindən kənara çıxmamağa çalışmış, digər tərəfdən isə Türkçülük və Turançılıq içində onun müstəqil varlığını müdafiə etmişdir.
Deməli, 1917-1918-ci illərdə türkçülükdən Azərbaycan milli ideyası – azərbaycançılıq yaranmış, onun nüvəsində də Azərbaycan türkləri başda olmaqla, bütün azərbaycanlılar durmuşdur. Bu baxımdan, hazırda azərbaycançılığı türkçülüyə alternativ olaraq göstərməyin, üstəlik sonuncunu onun tərkibində əritməyin nə tarixi, nə də ciddi elmi əsasları yoxdur. Çünki həmin dövrdə «azərbaycançılıq» anlayışına, ən yaxşı halda türkçülüyün etnik adı - Azərbaycan türkçü­lüyü kimi müraciət olunmuşdur. Bunu, M.Ə.Rəsulzadə belə ifadə etmişdi: «Millət məhkumluğu acısını dadmış Azərbaycan türkü məhkum millət yaratmaz! Azərbaycan Cüm­huriy­yəti övladı­nı ögey-doğmaya ayırmaz: erməni, rus, yəhudi, gürcü, nemes, polyak və sair azlıqda qalan millətlər Azərbaycan vətəndaşı olmaqla bərabər milli-mədəni muxtariyyətə malik olub, öz dini, milli və mədəni işlərini özləri idarə etməlidirlər».
Ancaq yeni Türk dövlətinə “Azərbaycan Cümhuriy-yəti” adını verən başda M.Ə.Rəsulzadə olmaqla, milli ideoloqların düşüncəsində nə keçmişə yönəlik türksüz “Azərbaycan tarixi” yaratmaq, nə də gələcəyə yönəlik türksüz “Azərbaycan dili” anlayışını ortaya atmaq fikri əsla olmamışdır. Rəsulzadə açıq şəkildə yazırdı ki, Azərbaycan Cümhuriyyəti dövlətini, “Azərbaycan Cümhuriyyəti tarixini”, “Azərbaycan Cümhuriyyəti mədəniyyətini”, bu dövlətin Türk dilini, bir sözlə “Azərbaycan” anlayışını Türklükdən, Türk-Turan mədəniyyətindən, Türk dövlətçiliyindən, Türk-Turan tarixindən ayrıca hesab etmək mümkün deyildir.  M.Ə.Rə­sul­zadə yazırdı: «I Dünya müharibəsindən əvvəlki rəsmi coğrafiyaya görə Azərbaycan, Şimali İranda mövcud olan Təbriz ilə ətrafına deyilirdi. Hərbdən və böyük Rusiya inqilabından sonra dil­lər­də dolaşan Azərbaycan hazırda Azərbaycanın şima­lın­da Cənubi-Şərqi Qafqasiya qitəsindən ibarətdir ki, mərkəzi Ba­kıdır. Azərbaycanlılar milliyyət etibarilə türk, din etiba­ri­lə islam, mədəniyyəti-əsasiyyə etibarilə şərq­li­dir­lər».
Eyni zamanda M.Ə.Rə­­sul­zadə yazırdı ki, bu Cüm­hu­riy­yət “Azərbaycan” adlansa da əslində bir türk hökuməti, başqa sözlə kiçik Türkiyədir. Deməli, bu ölkənin adının nə cür adlan­ma­sından asılı olmayaraq Azərbaycan Cümhuriyyəti bir türk dövləti, bir türk hökumətidir.  M.Ə.Rəsulzadə «Azər­baycan» sözünə sinonim kimi «kiçik Türkiyə» ifadəsini də bu mənada işlətmişdir. Deməli, «Azərbaycan», «azərbaycanlılar» anlayışları yal­nız birinci Dünya müharibəsi dövründə, xüsusilə 1918-ci ildə Azərbaycan Cümhuriyyətinin yaranması ilə «tarixi-coğra­fi» yaxud da coğrafi məkan, vilayət, əya­lət anlamlarından kənara çıxaraq siyasi-ideo­loji mənada milli ideologiya səviyyəsinə qədər yüksəl­mişdir. «Az­ər­baycan» anlayışının milli ideyalardan birinə çevrilməsi nəticəsində də «Azərbaycan milləti», «Azərbay­can türk mil­lə­ti», «azərbay­canlı», «Azərbay­can xalqı», «Az­ər­baycan türk di­li», «Azər­baycan türk dövləti» kimi istilah­lar  ölkə daxi­lin­də və onun xaricində sta­tus qazan­ma­ğa başlamışdır. Ancaq burada “Azərbaycan milləti”, “azərbaycanlı”, “Azərbaycan dili” kimi anlayışlar Türk milləti, Türk, Turan vətəni, Türk dili eyniliyindən başqa heç bir anlam kəsb etməmişdir. Çünki Rəsuzladənin təbirincə desək, “Azər­bay­can” coğrafiyadan çox milli kimliyi ifadə edir ki, bu ulusun da bir adı var: Azərbaycan türkü!!! Belə olduğu təqdirdə Türklüyün özü olan “Azərbaycan” anlayışından çoxmillətli, çoxmədə­niy­yətli, çoxdilli qavramlar ortaya qoymaq kökündən yanlışdır. Quzeyli-güneyli Azərbaycanda bir millət, bir mədə­niy­yət, bir dil, bir tarix var: Türk nüvəli Azərbaycan milləti!!!
Ona görə də, “Azərbaycan”nın etnik kimliyi ifadə etməməsiylə bağlı bir çox iradlar olsa da, bütövlükdə onun Türklüyə, Turanlılığa, Oğuzluğa  zidd olmadığı göz önündədir. Bu amildən çıxış edərək “Azərbaycan” kəlməsini dövlət adı kimi təsbitlənməsinə çalışanlar, eyni zamanda türk olmayan etnik azlıqların da “Azərbaycan”a müsbət yanaşacaqlarnı yaxşı bilirdilər və haqlıda idilər. Beləliklə, “Azərbaycan” dövlət adına çevrilməklə bir tərəfdən oğuzluğunu-türklüyünü yenidən ortaya qoyur, digər tərəfdən tarixdəki bütövləşdirici, birləşdirici funksiyasını da davam etdirirdi. Hər halda “Azərbaycan” adlı Oğuz-Türk dövləti dünyanın yeni tələblərinə əsasən yaradılmışdır ki, burada qurucu, əsas nüvə Azərbaycan türkləri olsa da, eyni zamanda milli-demokratik prinsiplərə uyğun olaraq etnik azlıqların maraqları da nəzərə alınırdı.
Bu baxımdan yeni yaranmış dövlətlərin ideoloqlarının bir tərəfdən “Azərbaycan Cümhuriyyəti” türk tarixi, türk ədəbiyyatı, türk mədəniyyəti anlamında onun bir parçası olması kimi varislik prinsiplərini gözləməsi, digər tərəfdən vətən və coğrafiya anlamındakı “Azərbaycan”dan uzaqlaşaraq onu millət və dövlət olaraq ifadə etmələri təsadüfi ola bilməzdi. Hər halda 1918-ci ilə qədər daha çox coğrafi və vətən anlamında qəbul edilən, ancaq Rəsulzadənin sayəsində milli mənsubiyyətinə dönən “Azərbaycan” kəlməsinin “Türk-Oğuz” etnik kimliklə eyniləşdirilməsi, eyni zamanda dövlət kimi ifadəsi keçmişlə bağlılığı ortaya qoymuşdur.
Bütün hallarda “Azərbaycan” kəlməsinin dövlət adı kimi seçilməsi, onun Türk milli kimliyi üzərində ifadəsi təsadüfdən çox, məntiqli bir “yol xəritəsi”dir. Çünki “Azərbaycan” sözü yunan, fars, suriyani mənbələrə görə zahirən coğrafi və ölkə-vətən anlamında Türklüyə yad kimi görünsə belə (halbuki “Azərbaycan” kəlməsi yerli mənbələrdə birmənalı olaraq türklük, oğuzluq, xəzərliklə ifadə olunur), onun xalqının mahiyyət etibarilə Türklüklə bağlı olması Azərbaycan Cümhuriyyəti meydana çıxana qədər əsasən heç kəsdə şübhə doğurmamışdır. Ancaq Azərbaycan Cümhuriyyətinin meydana çıxmasından sonra yeni dövlətin yaşayanlarının türksoylu, irandilli, qafqazdilli ya da digər xalqlardan biriylə bağlı olması barədə fikirlər ortaya çıxmışdır. Bir qədər də dəqiqləşdirsək deyə bilərik ki, əvvəllər tək-tük hallarda Azərbaycan türk xalqının kimliyilə bağlı səsləndirilən fikirlər Cümhuriyyətin quruluşundan sonra özünün kuliminasiya nöqtəsinə çatmış, bu günə qədər də həmin məsələ ətrafında müzakirələr davam etməkdədir.
 
Müəllif: Dos., Dr. Faiq ƏLƏKBƏRLİ
Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 343          Tarix: 21-10-2017, 21:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma