Xəbər lenti

 

"İnformasiya ombudsmanı ayrıca qurum kimi fəaliyyət göstərməlidir". Azərbaycan İnformasiya Mərkəzi xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov bildirib. Ə.Amaşov deyib ki, informasiya ombusdmanının müstəqil qurum kimi yaradılması nəzərdə tutulurdu: "Çox təəssüf ki, həmin qurum İnsan Hüquqları üzrə Müvəkkilliyin (Ombudsman) tərkibinə verildi. İndiyə kimi bu qurumun fəaliyyəti ilə bağlı bizdə heç bir bilgi yoxdur. Səbəb olaraq deyirlər ki, Nazirlər Kabineti bu qurum üçün ştat ayırmır. Amma hesab edirəm ki, informasiya ombudsmanı üçün ştat ayrılmalı və müstəqil qurum kimi fəaliyyətə başlamalıdır".


Azərbaycan İnformasiya Mərkəzinin rəhbəri və www.azim.az internet portalının baş redaktoru, tanınmış tədqiqatçı jurnalist Təbriz Vəfalı bildirir ki, illər əvvəl Azərbaycanda Mətbuat və İnformasiya Nazirliyi fəaliyyət göstərirdi. Amma dövlət idarəetmə strukturunun təkmilləşdirilməsi məqsədilə ölkə prezidentinin fərmanı ilə 19 aprel 2001-ci ildə adıçəkilən nazirlik ləğv edildi və bununla da dövlətin ölkə mediası üzərindəki nəzarətinə son qoyuldu: «Əslində həmin fərmanın imzalanması Azərbaycanda medianın inkişafında bir dirçəlmə dövrünün başlanğıcına stimul vermiş oldu. Dövlət nəzarətinin ləğv edilməsi nəticəsində ölkəmizdə yeni-yeni mətbuat orqanları meydana çıxdı və xeyli sayda jurnalistlər öz imzaları, dəst-xətləri, üslübları və yazı janrları ilə tanındılar. Ancaq bununla belə respublikamızın mətbuat aləmində çoxsaylı problemlər hələ də öz həllini tapmaqda böyük çətinlik çəkir. Söhbət ondan gedir ki, bu gün ölkəmizdə kifayət qədər yazılı və elektron KİV-lər və jurnalistlər var. Onların arasında peşəkarları da var, qeyri-peşəkarları da. Jurnalist peşə davranışı qaydalarına əməl edən həmkarlarımız da var, jurnalistikadan şəxsi maraqları üçün sui-istifadə edənlər də. Azərbaycan Mətbuat Şurası tərəfindən bəzi KİV-lərin «qara siyahı»ya salınması, «reket jurnalistikası»na qarşı mübarizənin ciddiləşməsi, «KİV haqqında» Qanunun mövcudluğu, digər qanunvericilik tələblərinin olması və sair də yazılı və elektron mətbuatımızda olan çoxsaylı problemlərin həllində yetərincə rol oynaya bilmir. Çoxsaylı problemlərimizin həlli üçün müstəqil Azərbaycan İnformasiya Ombudsmanının (AİO) yaradılması mütləq vacibdir və bu məsələdə Əflatun Amaşovu tam dəstəkləyirəm. Bütün gücümlə və potensial imkanlarımla bu təklifin reallaşdırılması üçün əlimdən gələni edəcəyəm».
Mərkəz rəhbəri vurğulayır ki, Azərbaycan Mətbuat Şurası ilə yanaşı digər media qurumlarının mətbuat sahəsindəki problemlərin öhdəsindən tam gəlməsi üçün yetərincə səlahiyyətləri və maliyyə imkanları yoxdur. Ona görə də AİO-ya qanunvericilik çərçivəsində səlahiyyətlər verilməlidir: «Sözügedən qurumun yaradılması, onun fəaliyyət istiqamətlərinin və səlahiyyətlərinin müəyyənləşdirilməsi üçün mütləq Milli Məclisdə yeni qanunvericilik layihəsi hazırlanmalıdır. Yaxşı olar ki, tanınmış və peşəkar jurnalistlərdən, baş redaktorlardan və digər media işçilərindən ibarət bir komissiya yaradılsın və mətbuat nümayəndələrinin təklifləri, iradları və digər fikirləri nəzərə alınmaqla, müəmməl bir layihə hazırlansın. Bu, həm layihənin hazırlanmasında və qəbulunda obyektivliyi qoruyar, həm də cəmiyyətdə sözügedən qanun layihəsi haqqında müsbət rəyin formalaşmasına yaxından köməklik göstərər».
Baş redaktor qeyd edir ki, son zamanlar KİV-lərdə 2017-ci ildə mətbuat orqanlarına və internet mediaya dövlət tərəfindən göstəriləcək maliyyə yardımının məbləğinin artırılması ilə bağlı təkliflər irəli sürülür. Təbii ki, sözügedən artım Azərbaycan mətbuatının inkişafında yeni bir mərhələnin başlanmasına təkan verə bilər: «Ancaq unutmayaq ki, bu gün ciblərində jurnalist vəsiqəsi gəzdirənlərin sayı 50 min nəfərdən çox olsa da, peşəkar jurnalistlərin, jurnalistikadan az-çox məlumatı olan media mənsublarının sayı 5 min nəfəri ötmür. Lakin buna baxmayaraq, hər bir internet portalı, yazılı və elektron KİV, həmçinin bütün jurnalistlər və jurnalist vəsiqəsinə sahib olanlar dövlətin maddi dəstəyindən, güzəşt və imtiyazlardan bəhrələnməyə çalışırlar. Bu isə peşəkar və qeyri-peşəkar jurnalistlər arasında ciddi fikir ayrılıqlarına, narazılıq və narahatlığa rəvac verir».
Tanınmış jurnalist mediamızdakı çoxsaylı problemlərin həlli üçün öz təkliflərini irəli sürür. O, təklif edir ki, ölkəmizdə peşəkar və qeyri-peşəkar jurnalistləri ayırd etmək üçün AİO yaradılsın, bu qurum jurnalistlərdən peşə davranış qaydaları, «KİV haqqında» Qanun, jurnalist hüquqları və sair barədə şifahi və yazılı imtahan götürsün. İmtahan ərəfəsində jurnalistin seçiminə uyğun olaraq hər hansı bir sahə üzrə məqalə yazmaq qabiliyyəti yoxlanılsın və qiymətləndirilsin. İmtahandan müvəfəqiyyətlə keçən jurnalistlərin adları və məqalələri hər hansı bir çap məhsulu vasitəsilə yayılsın: «AİO yeni sayt və ya qəzet açmaq istəyən şəxslərin Azərbaycan mətbuatının inkişafında hansı xidmətlərinin olmasını araşdırmalı, təsadüfi şəxslərin mətbuat aləminə daxil olmasının qarşısını almalıdır. Ədliyyə Nazirliyində və ya Vergilər Nazirliyində rəsmi şəkildə qeydiyyatdan keçmək üçün yeni yaradılmış yazılı və elektron KİV-lərə 6, bir ildən çox müddətdir fəaliyyət göstərən saytlara və mətbuat orqanlarına isə 3 aylıq sınaq müddəti və yoxlama möhləti verilsin. Qeydiyyatdan keçmək istəməyən yazılı və elektron KİV-lər barədə ölkə ictimaiyyətinə, xüsusilə də dövlət qurumlarına rəsmi şəkildə məlumat verilsin ki, «reket jurnalistikası»na qarşı mübarizədə, həmçinin jurnalistikanın peşə davranış qaydalarının pozulmasının qarşısının alınmasında dövlət qurumlarının, ölkə ictimaiyyətinin və peşəkar jurnalistlərin birlikdə həmrəylik nümayiş etdirməsi mümkün olsun. Yeni yaradılmış yazılı və elektron KİV-ərin AİO-da rəsmi formada qeydiyyata alınması da məqsədəuyğun olar ki, jurnalistlər vaxt itkisinə məruz qalmasınlar».
Mərkəz rəhbəri təklif edir ki, AİO media sahəsində işləmək istəyən yeni jurnalistlərin məqalələrinin, informasiyalarının və onların digər zehni məlumatlarının çap olunması və yayılması üçün yeni bir yazılı, yaxud, elektron KİV açsın. Gənc jurnalistlərin peşəkarlaşması üçün peşəkar jurnalistlərdən və media sahəsində çalışan mütəxəssislərdən ibarət məsləhətçi qrupu yaradılsın: «Bəzi yazılı və elektron KİV-lərdə təsisçi və baş redaktor kimi eyni şəxsin adı gedir. Bu da o deməkdir ki, təsisçilər sahibkarlıq obyektlərinə, güclü maddi imkanlarına və sair malikdir. Bu da ictimaiyyətdə çaşqınlıq yaradır. Ona görə də yazılı və elektron KİV-lərdə təsisçilik institutları yaradılmalıdır. Baş redaktor olan şəxs təsisçilikdən, təsisçi olan şəxs isə baş redaltorluqdan imtina etməlidir. Bəzən bəzi təsisiçilər və baş redaktorlarla redaksiya əməkdaşları arasında problemlər və narazılıq yaranır, maaşlar və qonararlar qanunsuz azaldılır, yaxud, işçilər heç bir kompensasiya özənilmədən özbaşına işdən qovulur. Bununla bağlı müvafiq qurumlara ünvanlanmış şifahi, yaxud, yazılı sorğuya cavab olaraq bildirilir ki, bu məsələ redaksiyanın daxili işi olduğu üçün baş redaktorun və ya təsisiçinin səlahiyyətlərinə müdaxilə etmək qeyri-mümkündür. Təklif edirəm ki, AİO bu cür şikayətlərin araşdırılmasını öz üzərinə götürsün, baş redaktorun və ya təsisiçinin şəxsi qərəzçiliyinə qurban getmiş zərərçəkmişlərə redaksiya tərəfindən təzminatın ödənilməsi və onların yenidən işə bərpa olunması məsələsi öz həllini tapsın. AİO baş redaktorlar və təsisçilər üçün konkret səlahiyyətlər müəyyənləşdirsin».
Baş redaktor vurğulayır ki, fəxri ad almaq üçün redaksiyalarda mübarizənin ciddiləşməsi də ciddi problemlərdən biridir. Söhbət ondan gedir ki, bəzi baş redaktorlar öz əməkdaşlarının hüquqlarını kobud şəkildə pozmaqla onların deyil, özlərinin fəxri ad alması üçün çalışırlar: «Bəzi jurnalistlərin «Əməkdar jurnalist», «Tərəqqi» medalı və sair almaq üçün iş təcrübələri, stajları, mətbuatın inkişafındakı xidmətləri və ictimaiyyətdəki nüfuzları kifayət edir. Ancaq bəzi baş redaktorlar həmin jurnalistlərə təqdimat vermək istəmirlər. Onlar çalışırlar ki, ilkin mərhələdə özləri fəxri ada layiq görülsünlər. Yaxud, «Tərəqqi» medalı almış baş reaktor öz əməkdaşının «Əməkdar jurnalist» fəxri adına layiq görülməsi üçün təqdimat yazmır. AİO bu cür məsələləri də diqqət mərkəzində saxlamalı və təqdimatlar AİO tərəfindən verilməlidir».
Təbriz Vəfalı əlavə edir ki, Azərbaycanda müəyyən səbəblərdən dünyasını dəyişən jurnalistlərin ailələrinə maddi dəstəyin göstərilməsi məsələsi həmişə gündəmdə olub və olacaq da. Ancaq Azərbaycan Mətbuat Şurasının, yaxud, digər media qurumlarının bu xərcləri öz üzrlərinə götürmələri üçün maliyyə imkanları yoxdur: «Ona görə də AİO bu məsələləri də diqqətdə saxlamalı, dünyasını dəyişən jurnalistlərin ailələrinə müvəqqəti, yaxud, daimi maliyyə yardımlarının kompensasiya şəklində ödənilməsində öz köməkliyini göstərməlidir. Azərbaycan mətbuatının inkişafında xidmətləri olan jurnalistlərin xatirələrinin əbədiləşdirilməsi məsələsinə də ciddi fikir vermək lazımdır. Bəzi mərhum jurnalistlərimiz bədii yaradıcılıqla məşğul olublar. Onların kitablarının dərci mərhum jurnalistlərin ailələri üçün bir təsəlli ola bilər. Digər mərhum jurnalistlərin həyatları və jurnalistlik fəaliyyətləri haqqında ailə üzvlərinin, iş yoldaşlarının, həmkarlarının fikirlərindən ibarət kitabçaların hazırlanması da cəmiyyətdə ölkə mediası haqqında yüksək və müsbət rəy formalaşdırar».


Mətanət İmanquliyeva




Ana səhifəyə qayıt        Baxış: 1 032          Tarix: 24-11-2017, 19:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma