"Doğrudan da “Turan” İnformasiya Agentliyi keçmişi, tarixi olan media qurumlarımızdandır. Onun rəhbəri Mehman Əliyev kifayət qədər peşəkar jurnalistdir, səriştəli idarəçidir. Ancaq son zamanlar agentlik media məkanımızda sanki yox kimidir. Bunu müxtəlif amillərlə əsaslandırmaq mümkündür."
Publika.az xəbər verir ki, bu sözləri Mətbuat Şurasının rəhbəri, deputat Əflatun Amaşov Feysbukda şəxsi səhifəsində yazıb.
"Cəmiyyət dəyişir, jurnalistika dəyişir, prinsiplər və dəyərlər də həmçinin. Zamanla oxşar proseslərin müxtəlif media qurumlarının timsalında şahidi olmuşuq. Bu proses müəyyən mənada təbiidir.
Bu günün media reallığından uzaq kimi görünən “Turan”ın materiallarına çox az hallarda istinad var. Xəbərlərinə demək olar rast gəlinmir. Ümumən yaradıcılıq dəst-xətti nəzərə çarpmır. Halbuki əvvəllər belə olmayıb.
Onu da deyim ki, nəinki son aylar, hətta son illər belə hec bir rəsmi qurumun, vəzifəli şəxsin “Turan”ın hansısa yazısından narahatlığına, etirazına rast gəlməmişəm. Mətbuat Şurasına da “Turan”ın materialından heç bir şikayət daxil olmayıb. Belə olan halda Vergilər Nazirliyinin media qurumunda yoxlamalar aparmasını siyasi amillərlə bağlamaq istəyi hətta nəzəri cəhətdən də düzgün deyil. Kimlərsə buna cəhd edirsə, hesab edirəm ki, niyyətləri tamam başqadır.
Vergilər Nazirliyi dövlət orqanıdır. Onun yoxlamalarına gəlincə, qurum hər hansı təşkilatın hesabına xaricdən və daxildən gələn maliyyə vəsaitini araşdırır. Konkret olaraq həmin vəsaitdən zəruri vergi ödənişlərinin edilib-edilmədiyini müəyyənləşdirir. İndiyədək ən müxtəlif təşkilatlarla, o cümlədən jurnalist təşkilatları və kütləvi informasiya vasitələri ilə bağlı eyni mexanizm tətbiq olunub.
Mətbuat Şurası olaraq biz “Turan” İnformasiya Agentliyi ilə bağlı məsələni diqqətdə saxlayırıq. Vergilər Nazirliyinə də müraciət etmişik. İnanırıq ki, informasiya agentliyi ilə əlaqədar araşdırmalar tam şəffaf şəkildə, qanunlarımıza tam riayət olunmaqla həyata keçiriləcək".
Paylaş: