Xəbər lenti

ABŞ prezidenti Donald Tramp xüsusi prokuror Robert Müllerin Rusiya istintaqını Amerika xalqının gözündə etibardan salmaq kampaniyasını şiddətləndirib.

Strateq.az Amerikanın Səsi-nə istinadən xəbər verir ki, Müller Trampın hücumlarına cavab verməyib. O, Rusiyanın seçkiyə müdaxiləsi, Trampın yaxın çevrəsinin fəaliyyəti, eləcə də prezidentin ədaləti əngəlləyib-əngəlləmədiyi ilə bağlı hərtərəfli hesabat hazırlayır.

Bir ildən artıq müddətdir ki, prezident Tramp Rusiya istintaqını “əcinnə ovu” adlandırır. Çərşənbə axşamı isə o, Robert Müllerin komandasının noyabrda keçiriləcək ara seçkilərə müdaxilə edəcəyini iddia edib və FBI-ı (Federal Təhqiqatlar Bürosu -red.) yenidən siyasi məqsədlə onun 2016-cı il seçki kampaniyasını izləməkdə ittiham edib.

“İnana bilirsiniz? Onlar bizim kampniyamıza casus sızdırıb,” – Tramp deyib.

Trampın hüquqi komandası FBI-ın həmin vaxt Demokrat administrasiyanın rəhbərliyi altında işlədiyini vurğulayır.

“Hökümətin rəqib partiyanın namizədini izləməsi yanlışdır. Bu, “Uotergeyt qalmaqalı”na bənzəyir. Ona görə də, bu istintaq saxtadır,” – deyə Trampın vəkili Rudi Culiani bildirib.

Lakin hər iki siyasi partiyadan qanunvericilər FBI-ı müdafiə edir və idarənin Rusiya ilə Trampın kampaniyası arasındakı əlaqələri araşdıraraq doğru addım atdığını deyir.

“Casus fərziyyəsini dəstəkləyəcək heç bir sübut yoxdur. Bu, sadəcə prezidentin irəli sürüb, təkrarlamaq istədiyi propaqandadır,” – demokrat nümayədə Adam Şiff söyləyir.

Bütün bu mübahisələrə baxmayaraq, Rober Müller səssizliyini qoruyub saxlayır.

“Xüsusi prokuror bütün deyilənləri qulaq ardına vurmaq və istintaqını davam etdirmək məcburiyyətindədir,” – Mayami Universitetindən Deyvid Abraham deyir.

Hüquq professoru Deyvid Abrahamın sözlərinə görə, Trampın vəkillərinin bəsit bir strategiyası var. O da istintaqa kölgə salmaqdır: “Administrasiyanın keçmiş mer Culianinin rəhbərliyi altındakı strategiyası suyu bulandırmaq, hər şeyi o dərəcədə qarışıq və mürəkəb hala gətirməkdir ki, amerikalılar “heç kəs Rusiyanın təsirinə dair həqiqəti bilmir” desinlər”.

Müllerin Konqresin hər iki palatasına hansı partiyanın nəzarət edəcəyini müəyyənləşdirəcək noyabr seçkilərindən dərhal öncə diqqəti yayındırmamaq məqsədilə istintaqı iyul və ya avqust ayında yekunlaşdıracağı gözlənilir.

Bu arada isə Vaşinqtonda Müllerin istintaqının nəticələri və təsirləri, habelə Ağ Evin istintaq nəticələrinə cavabı ilə bağlı müxtəlif spekusiyalar dolaşır.

 




Ana səhifəyə qayıt        Baxış: 929          Tarix: 2-06-2018, 11:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma