Xəbər lenti

Dünən səhər Salyan şəhərinin Qalalı yaşayış massivindəki binanın 4-cü mərtəbəsindən yıxılan körpənin vəziyyəti yaxşıdır.

Bu barədə məlumatı virtualaz.org-un Şirvan bürosuna 2 yaşlı Məhəmmədəli Ayxan oğlu Rəhimovun yaxınları veriblər.

Xatırladaq ki, koma vəziyyətinə düşmüş uşaq əvvəlcə Salyan Mərkəzi Rayon Xəstəxanasına, sonra isə Bakıya aparılaraq 1 saylı Kliniki Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər körpənin üzərində hər hansı sınıq-çıxıq xəsarətləri müəyyən etməsələr də, zərbənin təsirindən uşağın dili dişlərinin arasında sıxılaraq kəsilib.  

Artıq uşağın huşu da özünə qayıdıb. Hazırda onun müalicəsi xəstəxanada davam etdirilir. Vəziyyəti yaxşılaşmaqdadır.

Virtualaz.org-a hadisənin təfərrüatları da məlum olub. Belə ki, balaca Məhəmmədəli ata-anası ilə birgə yaşadıqları Bakı şəhərindən Salyanda yaşayan nənəsigilə qonaq gəliblərmiş. Dünən səhər isə Bakıya qayıtmaq üçün yığışdıqları zaman mənzilin qapısının zəngi basılıb. Məhəmmədəlinin anası qapını açmağa gedərkən uşaq pəncərənin qarşısındakı divanın üstünə dırmaşaraq özünü pəncərədəki nazik tora dirəyib. Bu zaman sintetik tor cırılıb və uşaq yıxılaraq həyətdəki ağacın üstünə düşüb... Başqa sözlə, həyətdə əkilmiş ağac körpəni ölümdən qurtarıb.

Emil Məmmədov

Virtualaz.org

 




Ana səhifəyə qayıt        Baxış: 648          Tarix: 30-07-2018, 12:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma