İsmayıllı rayonunun rüşvət almada təqsirləndirilən sabiq prokuroru Ülvi Abbasov və onun böyük köməkçisi Faiq Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
“Report”un əldə etdiyi məlumata görə, cinayət işi yekunlaşdırılaq baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmənin hazırlıq iclası sentyabrın 18-nə təyin edilib. Cinayət işi hakim Rəşid Hüseynov icraatına verilib. Qeyd edək ki, İsmayıllı rayon prokurorunun böyük köməkçisi F.Quliyevin qanunsuz əməlləri barədə daxil olmuş vətəndaş müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Araşdırma zamanı F.Quliyevin xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar “İsmayıllı Tikinti-27” ASC-nin idarə heyətinin sədri Azad Əliyevdən sonuncuya məxsus qum-çınqıl karxanasının fəaliyyəti ilə bağlı aparılmış araşdırmanın nəticəsində barəsində cinayət işinin başlanmaması üçün, yəni edəcəyi qanunsuz hərəkətlərə görə 14 iyul 2018-ci il tarixdə, İsmayıllı rayon prokurorluğunun inzibati binasında külli miqdarda pul vəsaitini rüşvət kimi şəxsən A.Əliyevdən almasına əsaslı şübhələr müəyyən edildiyindən F.Quliyev barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.
İstintaq zamanı, həmçinin F.Quliyevin 17-18 iyul tarixlərində Qalib Süleymanova məxsus karxananın fəaliyyəti ilə bağlı aparılmış araşdırma zamanı sonuncunun cinayət məsuliyyətinə cəlb olunmaması müqabilində İsmayılli rayon prokurorluğunun inzibati binasında ondan külli miqdarda rüşvət almasına da əsaslı şübhələr müəyyən edilib. F.Quliyevin rayon prokurorluğunda olan xidməti otağına baxış keçirilərkən seyfdə rüşvət kimi aldığı pul vəsaiti aşkar edilərək maddi sübut kimi götürülüb.
İş üzrə F.Quliyevə Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma ) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Aparılan xidməti yoxlama zamanı İsmayıllı rayon prokuroru Ü.Abbasov və prokurorun böyük köməkçisi F.Quliyev tərəfindən vətəndaşlarla qeyri-prosessual münasibətlərə daxil olmaqla xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edilməklə “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunlarının, Baş Prokurorluq üzrə müvafiq əmrlərin, eləcə də “Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksi”nin tələblərinin kobud şəkildə pozulması hallarına yol verilməsi müəyyən edilib.
Məhkəmə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçib.
Paylaş: