Xəbər lenti

Orfoqrafiya Komissiyası yekun qərarını verdi. Müzakirəyə çıxarılan 11-bəndlik dəyişiklik təklifindən cəmi 3-ü təsdiqlənməyib, 8-i isə təsdiqlənib. Bu dəyişikliklərdən ən mühümü, narazılıqlarla qarşılanan qoşa «y» ilə yazılan sözlərdə onlardan birinin düşməsi ilə bağlıydı. Ancaq həmin təklif qəbul edilməyib.

Bu haqda Azadlıq Radiosuna AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu deyir. O bunun səbəbini cəmiyyətdə qarşıdurma yaratmamaq istəyi ilə izah edir: Qarşıdurmanın aradan qaldırılması, sabitlik naminə bu addımı atdıq. Onunla bağlı 121 nəfər müraciət etmişdi. Onun 61 nəfəri orta məktəb müəllimləri idi. Onlar izah edirdi ki, qoşa «y» ilə bağlı təklif qəbul edilsə, biz dərs vəsaitlərindən, testlərdən istifadə edə bilməyəcəyik, dilimiz uçuruma gedəcək, ədəbi dilimiz korlanacaq. Ona görə ortaq məxrəcə gəldik ki, bu təklif qəbul olunmasın. Özümüz, şəxsən İsa müəllim (AMEA-nın vitse-prezidenti, filologiya elmləri doktoru, professor, deputat İsa Həbibbəyli – A.R.) bu maddənin çıxarılmasını təklif etdi. Bu dəyişikliklər məni qane etdi və əsas odur ki, cəmiyyətdə ortaq məxrəcə gələ bildik.

Bəs qəbul edilən təkliflər hansılardır?

İndiyədək sözün sonunda və ya əvvəlində işlənən qoşa «s»lərdən biri ixtisar olunacaq. Yəni «ssenari», «ssuda», «ekspress», «stress» sözləri «senari», «suda», «ekspres», «stres» kimi yazılacaq. Direktor bu təklifin yekdilliklə keçdiyini bildirir.

Daha nə? M.Nağısoylu davam edir: Əvvəlki qaydalarda da bu vardı, məsələn, Azərbaycan Respublikasının Baş Naziri, Milli Məclisin Sədri kimi vəzifələrdə sözlərin hamısı böyük hərflə yazılacaq, amma nazirlərdə bu qayda fərqli olacaq – birinci söz böyük, digərləri kiçik olacaq. Tutalım, «Təhsil naziri», «Səhiyyə naziri» yazılacaq, nazirliklər çoxdur da. Bir Baş Nazir, bir Milli Məclisin Sədri, bir də Respublika Prezidenti böyük, qalan nazirlər və yerdə qalan prezidentlər kiçik yazılacaq.

Yeri gəlmişkən, Orfoqrafiya Komissiyası bir «dolaşıqlığı» da aradan qaldırıb: “Məsələn, Nizami adına Ədəbiyyat İnstitutunun bir şöbəsinin adı böyük, ya kiçik hərflə yazılmalıdır? Təklif etdik ki, birinci söz böyük, ikinci kiçik yazılsın. Məsələn, Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsi”.

Dəyişikliklərdən biri də «anti» və «ümum» sözlərindən sonrakı sözlərin yazılışı haqqındadır.  ““Anti” sözü ümumi və xüsusi sözlərdə (məsələn, antivirus, antidemokratik, antirusiya) bitişik yazılırdı. Bizim dilimizdə də sözün ortasında böyük hərfin işlənməsi məqbul sayılmır. Ona görə də razılaşdıq ki, anti sözündən sonra xüsusi isim gələndə böyük hərflə, amma defislə yazılsın, tutalım, anti-Azərbaycan, anti-Rusiya və s. Və ya «ümum» sözündə də eyni qayda tətbiq olunacaq. Ümumxalq, ümumittifaq sözləri bitişik yazılır, ancaq yenə xüsusi isimdən sonra defis qoyularaq, ikinci söz böyük hərflə yazılsın. Məsələn, «ümum-Rusiya», «ümum-Azərbaycan». Burda bir çaşqınlıq, dolaşıqlıq vardı, o aradan qalxacaq”, – Nağısoylu izah edir.

Orfoqrafiya Komissiyasına verilən təkliflər bir neçə aydır müzakirə olunur və bəziləri elə ilk gündən cəmiyyətdə narazılıqla qarşılanmışdı. Hətta bunlardan bəzilərinin hansısa yüksəkvəzifəli məmurların təklifi ilə gündəmə gətirildiyi iddia olunurdu. İnstitut direktoru bu iddialarla razılaşmır. O deyir ki, ötən illərdə bu müzakirələr dar çərçivədə, mütəxəssislər arasında aparılsa da, bu dəfə təklifləri ictimaiyyətin müzakirəsinə çıxarıblar: “Və nəticədə hər şeyi nəzərə aldıq. Qəbul olunmasa da, elə bir ciddi məsələ yoxdur”.

Qulu Məhərrəmli: “Dilə təcavüzün qarşısı alındı”

“Normal qərarlar qəbul olunub. Dilə təcavüz təhlükəsi aradan qalxıb. Biz bundan çox ehtiyatlanırdıq”.

Bu müzakirələrdə ən fəal iştirakçılardan və təkliflərə ilk gündən tənqidi münasibətini açıqlayanlardan biri – jurnalist, Dilçilik İnstitutunun Monitorinq şöbəsinin keçmiş müdiri Qulu Məhərrəmli dəyişikliklərdən danışarkən deyir. Onun qənaətincə, dillə bu şəkildə sərbəst davranmaq olmaz: “Yüz illər boyu onun lüğət fondunda sabitləşmiş sözləri dəyişdirməyə cəhd vardı, yaxşı ki, bu baş tutmadı. Qoşa «y» ilə yazılan sözlərdə dəyişiklik dildə xaos yaradacaqdı və bu dolaşıqlıq, heç olmasa, 25-30 il davam edəcəkdi. Yaxşı ki, ağıllı adamlar tapıldı və yuxarı dairələrdə, Elmlər Akademiyasında müqavimət göstərənlər oldu. Gənc alimlərin fəallığının da rolu oldu və ya müəllimlər təhlükəni görüb biganə qalmadılar. Sevinirəm ki, sonda həm ictimai rəy, həm də cəmiyyəti idarə edənlər dilin orfoqrafiyasının, fəlsəfəsini doğru-dürüst anladılar. Bildilər ki, dəqiqəbaşı qayda və ya söz dəyişmək yolverilməzdir. Dildə oturuşmuş sözləri, qaydaları dəyişmək elmi prinsipə söykənmir”.

Q.Məhərrəmli bir şeyə təəssüflənir, o da şair və yazarların bu müzakirədən kənarda qalmasına:  “Təəssüf ki, şeiriyyətdən, dilin gözəlliyindən danışan bir çox yazıçılar, şairlər, akademiklər bu sınaqdan çıxa bilmədilər. Məlum oldu ki, bunların dil sevgisi sözdədir, dar ayaqda dilin müdafiəsində dayana bilmirlər. Onlar prinsip adamı deyillər”.

Son dəyişikliklərə gəlincə, jurnalist deyir ki, qeyri-adi heç nə baş verməyib, yeni qaydaların bəzisi əvvəl də Azərbaycan dilində olub: “Belə, bir-iki o qədər də böyük əhəmiyyəti olmayan qaydalar qəbul olunub. Bunlar da normaldır, xüsusi etirazım yoxdur”.

Layihə Nazirlər Kabinetinin müvafiq qərarından sonra təsdiqlənəcək.

 




Ana səhifəyə qayıt        Baxış: 831          Tarix: 14-09-2018, 17:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma