Xəbər lenti

Əhalinin narahatlığına səbəb olan səs yazısı saxtadır! “TAC” şirkətinin istehsalı olan “Gülüstan” limonadlarında vərəm çöpü aşkar edilməyib və satışdan yığışdırılması barədə göstəriş verilməyib.

Bunu Trend-ə açıqlamasında “TAC” şirkətinin marketinq və kommunikasiyalar şöbəsinin rəhbəri Sürəyya Verdiyeva bildirib.

Yayılmış səs yazısında bildirilir ki, “Gülüstan” soklarında vərəm çöpləri tapılıb və əhaliyə bir müddət bu məhsulları almamaq tövsiyə olunur.

“Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “TAC” MMC-nin istehsalı olan heç bir məhsulla bağlı hal-hazırda araşdırılma aparılmır, nə də hec bir zaman vərəm çöpü tapılmayıb. Bu, şirkətimizə qarşı aparılan “qara” kampaniyadır”, – deyə S.Verdiyeva açıqlama verib.

“TAC” əhalini keyfiyyətli içməli su və sərinləşdirici içkilər ilə təmin etmək üçün Azərbaycanda yaradılmış ilk şirkətdir. Daim yüksək keyfiyyət standartlarına sadiq qalan TAC şirkəti “Gülüstan” limonadlarının qablaşdırılmasını dünyada tanınmış qida məhsulları xətlərinin istehsalı ilə məşğul olan Almaniyanın “Krones” avadanlığı ilə həyata keçırir. Bu texniki avadanlıq bütün istehsal prosesinin idarə olunması və ona nəzarəti insan müdaxiləsi olmadan, müasir elektron avadanlıqlar vasitəsilə həyata kecirməyə imkan verir. 20 ildən artıq bazarda mövcud olmağımız, habelə beynəlxalq İSO 9001:2008 və İSO 22000:2015 sertifikatlarımız buraxdığımız məhsulların həm yüksək keyfiyyəti, həm də təhlükəsizliyinə dəlalət edir. “Gülüstan” gündəlik istifadə üçün nəzərdə tutulmuş yüksək keyfiyyətə malik məhsuldur”, – deyə S.Verdiyeva izah edib.

S.Verdiyeva vurğulayıb ki, “TAC” şirkəti, hər zaman olduğu kimi, müştərilərinə açıqdır, istehsal prosesi ilə yaxından tanış olmaq istəyənlər üçün zavoda ekskursiya təşkil oluna bilər. Eyni zamanda tərkibindən əmin olmaq üçün “Gülüstan” limonadları istənilən laboratoriyada yoxlanıla bilər.

Xatırladaq ki, Qida Təhlükəsizliyi Agentliyi “Whatsapp” mobil əlavəsində bir sıra qida məhsullarının keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli olması barədə yayılan məlumatlarla bağlı açıqlama verib.

Agentlikdən Trend-ə bildirilib ki, həmin məlumatlar reallığı əks etdirmir və əsassızdır:

“Faktlara əsaslanmayan bu tip məsuliyyətsiz məlumatlar insanlar arasında təşviş və çaşqınlığa səbəb olur. Qida Təhlükəsizliyi Agentliyi bildirir ki, hazırda idxal olunan və ölkədə istehsal olunan qida məhsullarına Agentlik tərəfindən nəzarət həyata keçirilir və aparılan nəzarət tədbirləri çərçivəsində hər hansı nöqsanlar aşkar olunarsa, bununla bağlı dərhal müvafiq tədbirlər görülür”.

Agentlikdən əlavə edilib ki, insanlar arasında çaşqınlıq və təşviş yaradan bu tip əsassız məlumatları yayan şəxslər barəsində qanunda nəzərdə tutulmuş qaydada ciddi tədbirlər həyata keçiriləcək:

“Bir daha vətəndaşlarımıza bu cür əsassız və reallığı əks etdirməyən şayiələrə inanmamağı tövsiyə edirik”.

 




Ana səhifəyə qayıt        Baxış: 538          Tarix: 26-09-2018, 17:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma