Xəbər lenti

 

Hövsan qəsəbəsində bir ailənin acınacaqlı durumu, antisanitariya şəraitində yaşaması barədə ərazi sakinləri tərəfindən redaksiyamıza məlumat daxil olmuşdu. Real vəziyyəti öyrənmək üçün həmin ünvana yollandıq.

Suraxanı rayonunun Hövsan qəsəbəsində “Pekarnı” deyilən əraziyə çatanda deyilənlərin doğru olduğunu gördük.

Giriş üçün bəzi yerləri istisna olmaqla qalan hissələri hasarlanmış qapalı yaşayış yerinə daxil olduq. İçəridə əsir düşərgələrini xatırladan görüntü ilə üzləşdik. Sınıq-salxaq, uçub-tökülmüş, dağılmış birmərtəbəli tikililər bu qarı ilə qocanın yaşadığı vaqonu əhatəyə almışdı. Kol-kosların, yaşıllığın artıb az qala meşəyə çevrildiyi, eyni zamanda nəyin nə olduğu bilinməyən bu düşərgədəki vaqona yaxınlaşdıq. Siçan və siçovulların qaçışdığı, milçəklərin uçuşduğu bu yerdəki dözülməz qoxular gələnləri gəldiyi kimi də geri qaytarırdı.

Vaqona yaxınlaşanda istiyə, üfunətə baxmayaraq, çarəsizlikdən yatan qoca kişini gördük. Bizi görüb çətinliklə də olsa, ayağa qalxdı. Güclə bizə yaxınlaşdı.

Məlum oldu ki, sürdüyü həyatın çətin izləri simasında əks olunan, buna rəğmən, gözlərindəki yaşam eşqi sönməyən bu ağsaçlı, saqqalı qoca Qasım Qasımovdur. 64 yaşlı qoca deyir ki, uşaq vaxtından həyatı keşməkeşli keçib. Doğulduğu “Sovetski”də orta məktəbi bitirdikdən sonra peşə məktəblərinin birində təhsiilini davam etdirib. Bundan sonra isə müxtəlif sahələrdə çalışıb - çilingər, sürücü, satıcı işləyib.

Sonra 8-ci mikrorayonda ev alan 64 yaşlı Qasım kişinin qardaşları da onunla bir damın altında yaşamağa başlayıb. Ailə çox böyük olduğu və evə sığışmadığından onlar evi satmağa qərar veriblər. Lakin qardaşı Həsənağa Qasım kişini aldadaraq evin satışından əldə olunan pulu onunla bölüşməyib. Qəpik-qəpik pul yığan Qasım kişi Anar adlı şəxsin köməkliyi ilə Suraxanı rayonu, Hövsan qəsəbəsində 1941- 1945-ci illər müharibəsində iştirak edənlərin şərəfinə ucaldılmış abidə yaxınlığında 19 min manata ev alıb. Müsahibim deyir ki, günlərin birində qəflətən onun evi yanıb. Övladları, nəvə-nəticəsi olan bu qoca onlarla yaşamaq istəmir. Deyir ki, onların ailəsi var, mənim onlarla yaşamağım artıq yükdən başqa bir şey olmayacaq.

Bu dəm onunla birgə yaşayan ömür-gün yoldaşı Çimnaz Qasımova söhbətə qarışdı. Çimnaz xanım deyir ki, ev yandıqdan sonra onları yataqxanaların birində yerləşdiriblər. Ailə yataqxanada otaq yoldaşları olan Jalə adlı şəxslə yola getməyib. Dediklərinə görə, bu qadın onlardan aylıq 20 AZN tələb edib. Ailə deyir ki, Qasım kişinin qardaşı oğlu Kamil Qasımovun isə onların yataqxanadan çıxardılmasında əli olub:

“Qardaşım oğlu bizi oradan çıxartdı. Ondan sonra heç kim baş çəkmir. Vəziyyətimizlə maraqlanmırlar. İndi həmin otaq boşdur və oraya qıfıl vurulub”, - Qasım kişi dedi.

Yataqxanadan çıxarılan qoca ər-arvad vaqonda yaşamağa məcbur olublar. Yanan evi alarkən vasitəçilik edən Anar adlı şəxs isə onların indiki vəziyyətinə biganədir.

İndi bu qarı ilə qoca rəsmi orqanlardan, Anar adlı şəxsdən və yataqxana komendantından narazıdır. Tək istəkləri sığınacaq və ya Qocalar evinə yerləşdirilmələridir.

Qasım Qasımovla birgə əvvəlcə yataqxanaya üz tutduq. Komendant Raya xanım deyir ki, bu şəxslər antisanitariya vəziyyəti yaratdıqları üçün polisin köməkliyi ilə yataqxanadan çıxarılıblar:

“Burada ailələr yaşayır. Bu şəxslər yeyib-içdiklərinin qalığını evə tökürdülər. Artıq vəziyyət o həddə çatmışdı ki, evdə qurdlar əmələ gəlmişdi. Xalçaların üzərinə təbii ehtiyaclarını ödəyirdilər. Sakinlərdən neçəsinin uşağı xəstəliyə tutuldu. Biz də məcbur olub çıxartdıq”.

Raya xanım deyir ki, onların öz evləri də elə orada bu vəziyyəti yaratdıqlarına görə yanıb:

“Yaşadıqları evi zibillik sahəsi etmişdilər. Yanğın hadisəsi də elə buna görə olub. Evdə ocaq qalayıb yemək bişirəndə qığılcım taxtanın üzərinə düşüb. Nəticədə də yanğın olub. Yataqxana sakini Jalə adlı xanımın onlardan pul istəməsi isə yalandır” .

Yataqxananın sakinləri Sevinc və Rəfayə adlı xanımlar da eyni səbəbdən ailədən şikayətləndilər. Onların dediyinə görə, Qasım kişinin qardaşı oğlu Kamil Qasımov da onların buradan çıxarılmasına razı olub:

“O da bildirdi ki, onun əmisi və əmisinin həyat yoldaşı çox səliqəsizdirlər. Səliqəyə, nizam-intizama riayət etmirlər., ona görə də buradan çıxarılmasına razıyam”.

Kamil bəylə əlaqə saxlamağa çalışsaq da, telefon nömrəsi işləmədiyindən bu, mümkün olmadı.

Daha sonra, Qasım Qasımovla birgə Suraxanı Rayon İcra Hakimiyyətinə yollandıq. İcra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov bildirdi ki, hələ ki onların balansında boş sığınacaq yoxdur:

“Bizim balansımızda olan yataqxanalar və sığınacaqlarda məcburi köçkünlər məskunlaşıb. Boş sığınacağımız yoxdur. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət olunmalı və məsələyə baxılmalıdır”.

Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov ilk növbədə Suraxanı Rayon Dövlət Sosial Müdafiə Fonduna müraciət edilməli olduğunu vurğuladı.

Fondun rəhbəri Elgüc Kələntərli isə bildirdi ki, vəziyyət onların nəzarətindədir: “Məsələnin tezliklə həllinin tapılması üçün müəyyən addımlar atılacaq”.




Ana səhifəyə qayıt        Baxış: 422          Tarix: 7-09-2019, 17:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma