Oğuzda meşəbəyinin döyülməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Oğuz rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin Oğuz meşəbəyliyinin gözətçisi İsabalı Xudumov rayon Prokurorluğuna müraciət edərək xidməti vəzifəsini yerinə yetirən zaman rayonun Calud kənd sakini Ehtiram Həsənovun onu döydüyünü bildirib. Meşə gözətçisi həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş edib.
Araşdırmalar zamanı müəyyən edilib ki, İsabalı Xudumov meşədən "UAZ" markalı maşınla qanunsuz odun aparan E. Həsənova müdaxilə etmək istəyən zaman E. Həsənov avtomaşından düşərək İ. Xudumovun ünvanına nalayiq sözlər deyib və fiziki zor tətbiq edərək ona müqavimət göstərib.Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib, zəruri istintaq hərəkətləri davam etdirilir.
Paylaş: