İrandan Azərbaycana külli miqdarda narkotik vasitə keçirməkdə ittiham olunan Beyləqan rayon sakinləri, 1969-cu il təvəllüdlü Araz Mehtiyev, 1982-ci il təvəllüdlü Ruslan Rüstəmov, Füzuli rayon sakinləri 1975-ci il təvəllüdlü Siyavuş İbrahimov, 1974-cü il təvəllüdlü Zaur Musayev və Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Murad Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Azərbaycan vətəndaşları - Murad Səfərov, Ruslan Rüstəmov, Ariz Mehtiyev, Səyavuş İbrahimov və Zaur Musayev öz aralarında və İran İslam Respublikasında olan digər şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddənin əldə edilməsi, saxlanması, daşınması və qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsi barədə razılığa gəliblər.
İttihama görə, Murad Səfərov 6 aprel 2018-ci il tarixdə qrupun İran İslam Respublikasındakı üzvü ilə mobil telefon vasitəsilə əlaqə saxlayıb, 4000 manat pul müqabilində külli miqdarda qurudulmuş marixuana, heroin və şəxsi istehlak miqdarından artıq miqdardan psixotrop maddə olan metamfetamin əldə edilərək qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi və ona təhvil verilməsi barədə razılığa gəlib.
Həmçinin 2018-ci ilin aprelin əvvəllərində Zaur Musayev və Səyavuş İbrahimov İran İslam Respublikasında olan dəstə üzvü ilə telefon əlaqəsi saxlayıb. O, 2600 manat müqabilində külli miqdarda qurudulmuş marixuananın əldə edilərək qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilərək onlara təhvil verilməsi barədə qabaqcadan razılığa gəlib.
Əldə olunmuş razılığa əsasən Zaur Musayev və Səyavuş İbrahimov həmin ərəfədə şəxsiyyəti istintaqa məlum olmayan şəxs vasitəsi ilə İran İslam Respublikasındakı həmin şəxsə narkotik vasitə üçün verilməli olduqları pulun bir hissəsini, yəni 1600 manat pulu əvvəlcədən göndərib, qalan 1000 manatı isə narkotik vasitəni aldıqdan sonra verəcəkləri barədə razılaşıblar.
Bundan sonra, mütəşəkkil dəstənin iranlı üzvü Murad Səfərovun sifariş etdiyi 2 kiloqram 681,65 qram qurudulmuş marixuananı, 2,42 qram heroini və şəxsi istehlak miqdarından artıq miqdarda, 0,2 qram metamfetamin psixotrop maddəsini, Səyavuş İbrahimov və Zaur Musayevin sifariş etdikləri 1 kq 422,7 qram qurudulmuş marixuananı istintaqla müəyyən edilməmiş mənbədən ümumi niyyətlə satış məqsədilə qanunsuz əldə edib.
Həmin şəxs 2018-ci il aprelin 17-dən 18-nə keçən gecə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, Dövlət Sərhəd Xidmətinin "Horadiz" Sərhəd dəstəsinin 21-ci sərhəd zastavasının ərazisi istiqamətində keçirərək Səyavuş İbrahimov və Murad Səfərova bu barədə məlumat verib.
Aprelin 18-də, saat 09 radələrində qrupun İran İslam Respublikasındakı üzvünün tapşırığı ilə, əvvəlcədən əldə edilmiş razılığa əsasən Beyləqan rayonu İkinci Şahsevən kənd sakinləri - Ruslan Rüstəmov və Araz Mehtiyev "Horadiz" Sərhəd dəstəsinin 21-ci sərhəd zastavasının xidməti ərazisindən İran İslam Respublikasıdan göndərilib, içərisində 2 kq 681,65 qram çəkidə qurudulmuş marixuana, 2,42 qram heroin, 0,2 qram metamfetamin və içərisidə 1 kq 422,7 qram qurudulmuş marixuana olan torbaları götürüblər. Onlar narkotik vasitələri həmin gün saat 21 radələrində Beyləqan rayonu İkinci Şahsevən kəndində Murad Səfərova təhvil veriblər.
Murad Səfərov barkotik vasitələri yaşadığı Füzuli rayonu, Horadiz şəhəri, Həzi Aslanov küçəsi 49 ünvanındakı evinə gətirib və orada qanunsuz olaraq saxlayıb.
Aperlin 18-də, səhər saatlarında Səyavuş İbrahimov narkotik vasitələrin Murad Səfərova təhvil verilməsi barədə İran İslam Respublikasında olan şəxslərdən məlumat alıb və bu barədə Zaur Musayevə xəbər verib.
Daha sonra Səyavuş İbrahimov narkotik vasitələri götürmək üçün Zaur Musayevə tapşırıb.
Aprelin 19-da, saat 19 radələrində Səyavuş İbrahimov Murad Səfərovla Füzuli rayonunun "Qayıdış" qəsəbəsi ərazisində görüşüb və Zaur Musayevin narkotik vasitənin əldə olunması üçün verdiyi 1000 manat məbləğində pulu ona verib, İran İslam Respublikası sakinlərinə verməsini tapşırıb.
Bundan sonra Murad Səfərov Zaur Musayevin idarə etdiyi "Mercedes E-320" markalı avtomobilin arxa oturacağına yerləşdirərək sonuncu ilə birlikdə Bakı şəhəri istiqamətində hərəkət ediblər.
Füzuli rayonu ərazisində Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları avtomobili saxlamağa çalışarkən Zaur Musayev avtomobili saxlamayıb və sonra hadisə yerindən uzaqlaşəb.
Daha sonra Səyavuş İbrahimov və Zaur Musayev narkotik vasitəni Mincivan-Hacıqabul yolunun 143-cü kilometrliyində Beyləqan rayonunun ərazisindən keçən hissəsində yolun otlaq sahəsinə atıblar. Onlar avtomaşını yolun kənarında saxlayıb və avtobusla Bakı şəhərinə gediblər.
Həmin gün, saat 20 radələrində Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Murad Səfərovun yaşadığı evə baxış keçirilib, evin birinci mərtəbəsində torbada 2 kq 681,65 qram qurudulmuş marixuana, 2,42 qram heroin və 0,2 qram metamfetamin aşkar edilib.
Aprelin 21-də Səyavuş İbrahimov Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Onun izahatı əsasında həmin gün saat 17 radələrində Mincivan-Hacıqabul yolunun 143-cü kilometrliyində, Beyləqan rayonunun ərazisindən keçən hissəsində yolun kənarındakı otlaq əraziyə baxış keçirilib.
Bu zaman Səyavuş İbrahimov və Zaur Musayevə məxsus 1 kq 422,7 qram qurudulmuş marixuana torbada aşkar edilərək götürülüb.
İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci (iştirakçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətmək), 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 234.4.3-cü (külli miqarda qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Araz Mehtiyev 8 il 6 ay, Murad Səfərov 7 il, Ruslan Rüstəmov 7 il, Səyavuş İbrahimov 7 il, Zaur Musayev 7 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar barələrində olan cəzaların yüngülləşdirilməsini xahiş ediblər.
Təqsirləndirilən şəxslərin şikayətləri araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Elşad Əliyevin sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətlərinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri qismən təmin olunub və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.
Araz Mehtiyevin cəzası 8 il 1 aya, Murad Səfərov, Səyavuş İbrahimov, Zaur Musayev və Ruslan Rüstəmovun hər birinin cəzası 5 il 6 aya endirilib.
Paylaş: