Xəbər lenti

 

“2019-cu ildə orta aylıq pensiya 15 faiz, yaşa görə pensiya 15 faiz, əlilliyə görə pensiya 22 faiz artıb. Bu ay ərzində indeksləşdirmə nəticəsində ölkədə pensiyalarda növbəti artım ediləcək”.

APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən Kollegiya iclasında Kollegiyanın sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.

2019-cu ilin yekunlarını qeyd edən S.Babayev sosial sahədə inqilabi addımların atılmasını, 4 milyon 200 min vətəndaşın rifahına birbaşa dəstəyi təmin edən iki islahat paketinin ötən ilin ən mühüm nailiyyətlərindən olduğunu deyib. Sosial ödənişlərdə edilmiş ciddi artımların beynəlxalq səviyyədə də yüksək dəyərləndirildiyini qeyd edib.

Nazir deyib ki, ötən il özünüməşğulluq proqramına cəlb olunanların sayı 10 min 354-ə, ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 70 faiz artmaqla 72 minə (296 min ailə üzvü) çatıb: “Dövlət başçısının tapşırığına uyğun olaraq bu proqramların 2020-ci ildə də genişləndirilməsi təmin olunacaq. Nazirliyin məşğulluq orqanları tərəfindən 103 028 şəxs münasib işlə təmin edilib, 3168 şəxs peşə hazırlığına, 135 minə yaxın vətəndaş  peşəyönümü məsləhət xidmətlərinə cəlb edilib. Ötən il 38 min ödənişli ictimai iş yerinin açılmasına imkan verən “İşsizin DOSTu” proqramı, eləcə də bu proqramın icrası sahəsində şəffaflığın təminatına yönələn işlər bu il də davam edəcək”.




Ana səhifəyə qayıt        Baxış: 762          Tarix: 18-01-2020, 11:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma