Xəbər lenti
Azərbaycan daha bir əlamətdar hadisəyə imza atdı: Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda SOCAR-ın BOS Şelf şirkəti tərəfindən tikilmiş neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulan Qarabağ dayaq bloku dənizə yola salındı.

Yaxın tariximizə nəzər salsaq, bu yataqla bağlı pessimist proqnozların üstünlük təşkil etdiyini görərik. Belə ki, 1990-cı illərdə xarici tərəfdaşlar “Qarabağ” yatağının səmərəliliyinə inanmayıblar və kontrakta xitam verilərək yataq tərk edilib. Lakin yerli mütəxəssislər bu yatağın çox böyük potensiala malik olduğu fikrində qalıblar. Ötən keçən zamansa bu ehtimalın düzgünlüyünü təsdiq edib.

Bu il qazılmış dördüncü quyu səmərəli olub və beləliklə, yataq tam kəşf edilib. Məsələnin digər önəmli məqamı bu neft yatağının müstəqillik dövründə Azərbaycanda kəşf edilmiş birinci neft yatağı olmasıdır. Belə ki, “Azəri”, “Çıraq”, “Günəşli” yataqları sovet dövründə kəşf olunub, “Şahdəniz” və “Abşeron” yataqları isə qaz-kondensat yataqlarıdır.


Bu hadisənin həm iqtisadi, həm də rəmzi baxımdan da olduqca mühüm əhəmiyyəti var.

İqtisadi baxımdan

- “Qarabağ” yatağı 60 milyon ton neft ehtiyatına malikdir. Yataqda 6 neft, 3 qaz və 3 suvurucu quyunun qazılması nəzərdə tutulur;

- Yataqdan ildə ən azı 1,5 milyon ton neft və 1,5-1,8 milyard kubmetr qaz hasil ediləcək. Beləliklə, Azərbaycanda neft hasilatının sabit qalması və qaz hasilatının artırılması üçün bunun böyük faydası olacaq;

- “Qarabağ” yatağı Azərbaycanın ən zəngin karbohidrogen yataqlarından biri kimi Azərbaycanın neft strategiyasının daha uğurla reallaşdırılmasına və ölkəmizin neft gəlirlərinin artmasına böyük töhfə verəcək;

- Bu hadisə ötən 26 ildə Azərbaycanın neft-qaz sənayesinə, neft-qaz potensialına xarici investorlar tərəfindən marağın azalmadığını, əksinə, artdığını göstərir.


Rəmzi baxımdan

- Yataq hamımız üçün doğma və əziz olan Qarabağ adını daşıyır;

- Prezidentin vurğuladığı kimi, “Bu gün Azərbaycan vaxtilə - 1990-cı illərdə tərk edilmiş “Qarabağ” yatağına qayıdır və bu, nəhəng dayaq bloku bunun əyani sübutudur. Eyni zamanda, 1990-cı illərin əvvəllərində Azərbaycanın o vaxtkı rəhbərliyi – AXC-Müsavat cütlüyü torpaqlarımızın işğal altına düşməsinə imkan yaratdı. Yəni, onların xəyanəti, satqınlığı, fərariliyi nəticəsində torpaqlarımız işğal altına düşmüşdür. Azərbaycan, - əgər belə analogiya aparmaq mümkündürsə, - Qarabağı tərk etmişdi. Biz 2016-cı ildə torpaqlarımızın bir hissəsini qaytardıq, işğalçıları o torpaqlardan qovduq və o ərazilərə həyat qayıtdı, vətəndaşlar qayıtdı, Azərbaycan qayıtdı. Əminəm ki, Azərbaycan öz doğma torpağına, Qarabağ torpağına qayıdacaq. Bizim ərazi bütövlüyümüz tam bərpa ediləcək, necə ki, bu gün biz vaxtilə tərk edilmiş “Qarabağ” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

- Görülmüş işlərin mütləq əksəriyyəti Azərbaycan mütəxəssisləri, fəhlələri tərəfindən icra olunub. “Qarabağ” yatağı sırf Azərbaycan istehsalı olmaqla xalqımıza xidmət edəcək;

- Sübut olunur ki, artıq Azərbaycan şirkətləri beynəlxalq səviyyədə iş aparmaq gücünə malikdirlər;

Təbii ki, neft gəlirlərinin ölkəmizə iqtisadi-sosial baxımdan nə bəxş etdiyinə toxunmazdan öncə Azərbaycanın neft-qaz sahəsində əldə etdiyi böyük nailiyyətlərin və gəlirlərin təməlinin qoyulduğu tarix xüsusi vurğulanmalıdır.

Məhz Heydər Əliyev faktoru 1994-cü ildə “Azəri-Çıraq-Günəşli” üzrə kontraktın imzalanmasına imkan verdi. Bir tarixi sənəd ərsəyə gəlməsəydi, digər layihələr həyata vəsiqə qazana bilməzdi. Prezident İlham Əliyev də müsahibəsində bu tatixin üzərində dayanıb: “Əgər 1994-cü ildə “Azəri-Çıraq-Günəşli” üzrə kontrakt imzalanmasaydı, heç bir başqa layihədən söhbət gedə bilməzdi. Əgər “Şahdəniz” üzrə kontrakt imzalanmasaydı, bu gün biz nəinki başqa ölkələrin, öz enerji təhlükəsizliyimizi təmin edə bilməzdik. Çünki “Şahdəniz” bizim üçün əsas mənbədir. Biz bütün bu işləri görməklə Avrasiyanın yeni enerji xəritəsini tərtib edirik və Azərbaycan uzun müddət bundan sonra da bir çox ölkələr üçün strateji tərəfdaş olaraq qalacaqdır”.

Heç kim dana bilməz ki, 1994-cü ildə imzalanmış neft kontraktları 2003-cü ildən etibarən heyrətamiz gəlir gətirməyə başlayıb. Bunun nəticəsində ölkə fantastik dərəcədə böyümək, müasirləşmək imkanı əldə edib. Azərbaycanın dünyaya inteqrasiyasının qarşısıalınmaz bir sürətlə getməsində və ciddi uğurlara imza atmasının təməlində məhz güclü iqtisadi baza dayanıb.

Bu gün Azərbaycan çox rahatca investisiya yatırılan ölkədən, investisiya qoyan, çeşidli xarici məhsullar idxal olunan ölkədən, müxtəlif növlü mal ixracatçısına çevrilib. Qısa müddətdə qlobal iqtisadi proyektlərin başlıca səhmdarı statusuna çatıb. Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən neft strategiyası ölkəmizi lider ölkələr səviyyəsinə yüksəldib.
Heydər Əliyevin neft strategiyasını uğurla davam etdirən prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində, Azərbaycanın liderliyi ilə həyata keçirilən yeni layihələr ölkəmizin iqtisadi qüdrətinin və dünya arenasında siyasi çəkisinin artmasını təmin edib.


• 2003-cü ildən sonra ötən dövr ərzində işsizliyin səviyyəsi 9,2 faizdən 4,8 faizədək enib, işsiz əhalinin sayı 400,9 min nəfərdən 251,6 min nəfərədək və ya 1,6 dəfə (37 faiz) azalıb. Yoxsulluq səviyyəsi 44,7 faizdən 4,8 faizədək enib, yoxsul əhalinin sayı 3 milyon 714,2 min nəfərdən 475,4 min nəfərədək və ya 7,8 dəfə azalıb. Bu müddətdə əhalinin sayı 1 milyon 718 min nəfər və ya 20,6 faiz artıb. Əhalinin artımı fonunda işsizlik səviyyəsinin artımı qeydə alınmayıb. Bu, onu göstərir ki, qara qızıl, neft və qaz insan kapitalına çevrilib;

• Ötən dövrdə sistemli sosial siyasət nəticəsində əhalinin nominal gəlirləri 9,9, orta aylıq nominal əməkhaqqı 8,2, pensiyaların orta aylıq məbləği 11,1, minimum əməkhaqqı 27,8, əmək pensiyasının minimum məbləği 10 dəfə artıb;

• Ümumilikdə bu vaxta qədər 8142 şəhid ailəsi və müharibə əlili mənzillə təmin olunub. Eyni zamanda, müharibə əlillərinə 6 900 minik avtomobili verilib;

• qaçqın və məcburi köçkün ailələri üçün 100-dən çox qəsəbə, şəhərcik salınıb və 300 min-dən çox məcburi köçkün mənzillə təmin olunub;

• Azərbaycanda 3300-dən çox məktəb tikilərək istifadəyə verilib. Bununla yanaşı bu vaxta qədər 44 rayonda 243 modul tipli məktəb şagirdlərin ixtiyarına verilib;

• Azərbaycanda 700-dən çox yeni tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib;

• Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar bu gün milli ordumuzun dünyanın ən qüdrətli orduları sırasına daxil olmasına imkan yaradıb və ordumuz dünyanın ən güclü 50 ordusu sırasındadır;

• Azərbaycanın valyuta ehtiyatları 2003-cü ildə 1,8 milyard dollar idisə hazırda 51 milyard dolları ötüb;

• Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatında Azərbaycan iqtisadiyyatı artıq dünyada 35-ci, MDB məkanında isə 1-ci yerdədir. Forumun 2017-ci il üzrə “İnklüziv inkişaf indeksi” adlı illik hesabatında Azərbaycan inkişaf etməkdə olan 80 ölkə arasında 3-cü yerə yüksəlib;

• “Doing Business” hesabatında ölkəmiz 25-ci yerə yüksəlib və Azərbaycan 10 ən islahatçı ölkələr siyahısına daxil olub;

• Son beş il ərzində Azərbaycan orbitə 3 peyk çıxarıb. Azərbaycan bu gün dünyanın kosmik klubunun üzvüdür və dünyanın kosmik sənayesində öz mövqelərini möhkəmləndirir;

• Azərbaycan bu gün iqtisadi potensial baxımından regionun lider ölkəsidir. Cənubi Qafqaz iqtisadiyyatında onun payı 80 faizdən artıqdır;

• Azərbaycanda 7 beynəlxalq hava limanı yaradılıb;

• Respublikamızda 16 min kilometrdən çox avtomobil yolu yenidən qurulub, bərpa və təmir edilib;

• Qazlaşdırmanın səviyyəsinə görə Azərbaycan dünyada lider ölkələrdəndir, qazlaşdırmanın səviyyəsi 96 faizə çatıb;

• Bu gün əhalinin 75 faizi dayanıqlı içməli su ilə təmin edilir və bu proses davam etdirilir;

• Davos Ümumdünya İqtisadi Forumunun məlumatına əsasən, Azərbaycan hazırda enerji təminatı ilə dayanıqlılıq əmsalına görə dünya miqyasında ikinci yerdədir.

Bu siyahını daha da genişləndirmək olar. Bütün bu iqtisadi uğurlar Azərbaycan nefti sayəsində əldə olunub.

Prezident İlham Əliyevin qətiyyəti, milli maraqlara əsaslanan düşünülmüş və prinsipial siyasəti ilə gerçəkləşən yeni layihələr növbəti mərhələdə Azərbaycan xalqına xidmət edəcək və milli iqtisadiyyatın inkişafında mühüm faktor olacaq.

Xüsusilə, Azərbaycanın regionda və Avropada əhəmiyyətinin artmasını, ölkəmizlə Qərb arasında münasibətlərin daha yüksək pilləyə qalxmasını şərtləndirəcək. Azərbaycanın təkcə enerji ixrac edən ölkə kimi deyil, həm də onu nəql edən və tranzit ölkə kimi əhəmiyyəti artacaq. Avropanın enerji təchizatının şaxələndirilməsində ciddi faktora çevriləcək. Aazərbaycan regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm əhəmiyyətə malik dövlət statusunu qazanacaq. Regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasına ciddi təsir göstərəcək.

Elman Babayev

 



Ana səhifəyə qayıt        Baxış: 2 345          Tarix: 10-08-2020, 18:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma