Xəbər lenti

Sülhəddin Əkbər: “Bu, əslində Rusiyanın Cənubi Qafqazda Türkiyənin geopolitik rolunu tanıması kimi də qiymətləndirilə bilər”


Noyabrın 17-də Türkiyə Böyük Millət Məclisi türk əsgərinin Qarabağa gəlməsi üçün səs çoxluğu ilə razılıq verdi. Qərarın giriş hissəsində qeyd olunub ki, Türkiyənin Azərbaycana hərbi qüvvə göndərməsi iki ölkə arasında 16 avqust 2010-cu il tarixində imzalanan “Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə”yə uyğun olaraq həyata keçirilir. Qərarda vurğulanıb ki, dost və qardaş ölkə Azərbaycanın işğal altındakı ərazilərini azadetmə mücadiləsi illərdir davam edir. Azərbaycanın özünümüdafiə hüququndan istifadə edərək sentyabrın 27-də başlatdığı əks-hücum əməliyyatları nəticəsində işğal altındakı ərazilərinin azad edilməsi istiqamətində önəmli uğurlar qazanıb. Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan bəyanata görə, Rusiya və Türkiyə arasında atəşkəsin monitorinq mərkəzinin yaradılması qərara alınıb. Türkiyə hər zaman Azərbaycanın yanında olub və bundan sonra da olmağa davam edəcək. Türkiyənin Azərbaycana verdiyi dəstək Azərbaycanın suverenliyinin qorunması üçün beynəlxalq hüquqa əsaslanır.

TBMM-in qərarına əsasən Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər. Ehtiyac yaranacağı halda müddət uzadıla bilər.
Qeyd edək ki, qanun layihəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə noyabrın 16-da TBMM-ə təqdim edilib. Qanuna görə, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qəbul etdiyi qanunu elə həmin gün  imzalayıb.

Türkiyə dövləti bu qərarı rəsmiləşdirən gün Rusiya Prezidenti Vladimir Putin "Rossiya 24" telekanalına müsahibəsində Qarabağ üzrə Türkiyə-Rusiya mərkəzindən də danışıb: “Bizim Yaxın Şərqdə qarşılıqlı təsir üzrə çox yaxşı təcrübəmiz var, həmçinin Suriyada, İdlib zonasında, Suriya və Türkiyə arasında sərhəddə birgə patrul xidməti, konvoylar təşkil edirik. Burada bu cür qarşılıqlı əlaqə tələb olunmur. Amma biz razılaşdıq ki, birgə mərkəz yaradacağıq, hansı ki, pilotsuz uçuş aparatlarından (PUA) istifadə edəcək, bu aparatların köməyi ilə ayrılma xətti boyunca vəziyyətə birlikdə nəzarət edəcək, informasiya alacaq, birlikdə təhlil edəcəyik.

Birgə monitorinq mərkəzi suveren Azərbaycanın ərazisində yerləşəcək. Azərbaycanın müstəqil qərar vermək hüququ var. Haranı məqsədəuyğun bilsə, orada yerləşdiriləcək".
Azərbaycanın sözügedən mərkəz üçün konkret hansı ərazini ayıracağı barədə isə hələlik rəsmi açıqlama yoxdur.
Ancaq qeyri-rəsmi məlumatlara görə, türk əsgərləri əsasən Şuşada yerləşə bilərlər. 
Heyətdə nə qədər hərbçinin olacağı barədə də hələ ki rəsmi informasiya yoxdur.
Bəs bu hadisənin siyasi-geopolitik anlamı nədir?

Sülhəddin Əkbər

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bildirdi ki, əgər geopolitik təsir və nəticədən danışırıqsa, ilk növbədə Rusiya ilə Türkiyə arasında atəşkəsə birgə nəzarət mərkəzinin yaradılması haqqında anlaşmanın imzalanmasından başlamaq lazımdır. Bu, əslində Rusiyanın Cənubi Qafqazda Türkiyənin geopolitik rolunu tanıması kimi də qiymətləndirilə bilər və əslində də belədir: “Bunu Vladimir Putin noyabrın 17-də öz müsahibəsində də müəyyən mənada etiraf etdi. Yəni bu o deməkdir ki, bundan sonra Cənubi Qafqazın geopolitik yenidən şəkillənməsində Türkiyə də iştirak edəcək. İlk növbədə də bu proses təbii ki, Azərbaycandan başlayacaq. Türkiyənin sülhməramlı qüvvələrinin Azərbaycana gəlməsi də artıq Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda legitim iştirakı deməkdir. Azərbaycan da çalışmalıdır ki, hərbi ittifaq sazişi bağlamaqla Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda qalmasını davamlı və dayanıqlı etsin”.

S.Əkbər vurğuladı ki, qardaş ölkənin silahlı qüvvələrinin Azərbaycanda sülhməramlı kimi yer alması təbii ki, vəziyyəti nisbətən tarazlaşdırır və davamlı, dayanıqlı hala gətirir: “Rusiya çalışacaq ki, burada Türkiyəni bərabər tərəf kimi qəbul etməsin. Buna cəhd də edir. Amma Türkiyənin və Azərbaycanın üstünlüyü bundan ibarətdir ki, bura Azərbaycan ərazisidir və Azərbaycanın istədiyi olmalıdır. Azərbaycan xalqının da istədiyi odur ki, Rusiya əsgəri Azərbaycanın hansı ərazisində varsa, Türkiyə əsgəri də orada olmalıdır. Əgər ermənilər üçün təminatçı rus əsgəridirsə, ora qayıdacaq hər bir Azərbaycan türkü üçün təminatçı türk əsgəri ola bilər. Vladimir Putin də müsahibəsində qeyd edib ki, Azərbaycan müstəqil dövlətdir və kimi müttəfiq seçməsində ona heç kim etiraz edə bilməz”.

“Yeni Müsavat”



Ana səhifəyə qayıt        Baxış: 3 147          Tarix: 19-11-2020, 11:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma