Xəbər lenti


Azərbaycan Ordusunun birlik komandirləri general-leytenant Rövşən Əkbərov və general-mayor Xəqani Cəbrayılovun ehtiyata buraxılmaları rəsmən elan edildi. 44 günlük Vətən müharibəsindən sonra Rövşən Əkbərov ordudan uzaqlaşdığını özü təsdiq etmişdi. Xəqani Cəbrayılovla bağlı isə hər hansı bir məlumat yox idi.

Bundan başqa, Rövşən Əkbərov, Xaqani Cəbrayılov və digər general Nəcməddin Sadıkovun adları müharibədən sonra təltif edilənlər siyahısında da yer almayıb. Nəhayətdə, 2 generalın ehtiyata buraxılması rəsmən təsdiq edilsə də, Baş Qərargahın sabiq rəisi Nəcməddin Sadıkovla bağlı qeyri-müəyyənlik hələ də qalır.

Onun adı nazirliyin rəsmi saytının struktur bölməsindən aylar əvvəl çıxarılıb. Müdafiə Nazirliyindən bildiriblər ki, Nəcməddin Sadıkov hazırda hərbi xidmətdə deyil. Onun harada olması, ehtiyata buraxılıb-buraxılmaması ilə bağlı sual isə hələ də açıqdır.



Nəcməddin Sadıkov

Nəcməddin Sadıkovla Rövşən Əkbərov xidmətdə olduqları dövrdə barələrində ən müxtəlif səpkili yazılar dərc olunub. Xəqani Cəbrayılovla bağlı isə o qədər də geniş məlumat yoxdur. Bilinən odur ki, sabiq müdafiə naziri Səfər Əbiyev vaxtilə Xəqani Cəbrayılovu cəzalandırıb. Səfər Əbiyev vəzifəsindən kənarlaşdırılandan sonra isə xidmətə qaytarılan Xəqani Cəbrayılova general-mayor ali hərbi rütbəsi verilib.


 Rövşən Əkbərov

Şəmkir hərbi birləşməsinin tabeliyindəki hərbi hissələrdən birinin komandiri Xəqani Cəbrayılov keçmiş müdafiə naziri Səfər Əbiyev tərəfindən rütbəsi bir pillə aşağı salınaraq, polkovnik-leytenant edilmişdi. Ordu rəhbərliyi dəyişdiriləndən bir neçə ay sonra isə II ordu korpusuna qərargah rəisi təyin olunmuşdu. 90-cı illərdə müharibə bölgəsində döyüş təcrübəsi keçib. 2011-ci ildə Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə “İgidliyə görə” medalı ilə də təltif edilib.



Xəqani Cəbrayılov

II Qarabağ müharibəsindən sonra Xəqani Cəbrayılovun təltif edilmədən ehtiyata buraxılması suallar doğurur.

Rövşən Əkbərov da Səfər Əbiyevin qəzəbinə gələn, onunla daim konfliktdə olan generallardandır. Şəmkir hərbi birləşməsinin komandiri olarkən Rövşən Əkbərov da cəzalandırılmışdı. “Qafqazinfo” yazır ki,  2013-cü ilin yanvarın 7-də Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissəsində xidmət edən, Abşeron rayonundan həqiqi hərbi xidmətə çağırılmış Ceyhun Qubadov qəflətən ölüb. Ekspertiza rəyində əsgərin ürək çatışmazlığından vəfat etdiyi qeyd olunsa da, əsgər anası  bununla barışmayıb və oğlunun döyülərək öldürüldüyünü iddia edib. Həmin il sosial şəbəkələrdə və mətbuatda yayılan fotolar da bu iddianı daha da gücləndirib. Bu hadisəyə görə həmin vaxt müdafiə naziri olan Səfər Əbiyev Rövşən Əkbərova şiddətli töhmət verib.


Səfər Əbiyev

Hadisənin baş verdiyi hərbi hissənin komandiri Polad Həşimovun rütbəsi isə polkovnik-leytenantdan mayora endirilib. 2013-cü ildə həmin hərbi hissədə əsgər kimi xidmət etmiş Fariz Qəhrəmanov bildirib ki, əsgərin ölümündə nə hərbi hissə komandiri Polad Həşimovun, nə də tabor komandirinin günahı olub: “Həmin vaxt posta qalxırdıq. 93 nömrəli posta əmr gəldi ki, siz qalın, bu gün hava soyuqdur, qardır, sabah qalxarsınız. Biz qalxandan sonra MAXE tabor kombatının əmrinə tabe olmayaraq, özbaşına gənc əsgərləri posta tərəf qaldırıb. Rəhmətə gedən əsgər Ceyhun Qubadov da yuxarı qalxmaqda çətinlik çəkib. MAXE onun üstünə qışqırıb ki, sürətli qalx, yoxsa ikimiz də soyuqdan donub öləcəyik. Əsgər deyib ki, ayağımda taqət qalmayıb, qalxa bilmirəm. Əsgər sonra buzun üstündə sürüşərək aşağı yıxılıb. Donvurmadan vəziyyəti yaxşı deyildi. MAXE arxasınca gəlib onu döymüşdü, başından təpiklə vurmuşdu. Çox güclü döymüşdü. Sonra postdan əlavə kömək gəldi, əsgəri yuxarı qaldırdılar. Elə o vaxt ağzından köpük gəlib ölmüşdü. Həmin vaxt Polad Həşimovun, tabor kombatının heç bir günahı olmayıb. Orada günah bir post rəhbərində idi, bir də MAXE-də. Onlar özbaşına qərar verib posta qalxmışdılar. Bundan nə Polad Həşimovun, nə də tabor kombatının xəbəri var idi”.

Hadisə şahidinin də açıqlamasından başa düşülür ki, Polad Həşimova verilən cəza əslində haqsız imiş. Görünür, bu məsələ Müdafiə Nazirliyi tərəfindən həmin vaxt dəqiq araşdırılmayıb və nazir Səfər Əbiyev ona yönəlmiş tənqidlərdən qaçmaq üçün zabitlərə tələsik cəza verməklə məsuliyyətdən boyun qaçırıb.


Polad Həşimov

Hər halda, rütbəsi polkovnik-leytenant ikən mayora endirilən Polad Həşimovun sonradan general-mayor rütbəsinə qədər yüksəlməsi, ən əsası, xalqın qəhrəmanına çevrilməsi, Tovuz döyüşlərində şəhid olması ilə mübarizəmizi daha da gücləndirməsi onun sağlığında  haqsızlıqla barışmamasının, iradəsinin göstəricisidir.

Qeyd edək ki, əsgər Ceyhun Qubadovun ölümü ilə bağlı Respublika Hərbi Prokurorluğunda cinayət işi başlamışdı. Prosesin davamında əsgər ölümünə görə hərbi hissəsinin zabiti, baş leytenant Veysəl Ağayev və gizir Müqəddəs Qurbanov həbs edilmişdilər. Veysəl Ağayev 3 il, MAXE Qurbanov isə 5 il azadlıqdan məhrum olunmuşdu. Bundan başqa, hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini və bölük komandiri vəzifələrindən uzaqlaşdırılmışdı.

Vətən müharibəsindən sonra təltif olunmayan 3 generalın ordudan kənaraşdırılmasını ordumuzun yeni dönəmə qədəm qoyması kimi dəyərləndirənlər də var.


Şair Ramaldanov

Hərbi ekspert, polkovnik Şair Ramaldanov “Yeni Müsavat”a deyib ki, Azərbaycan Ordusunda xidmət ən böyük mükafatdır: “Hərbçi olmaq istəyənlərin ən böyük arzusu general olmaqdır. Hər 3 şəxs arzularına çatıblar. Əlbəttə ki, müharibədən sonra Azərbaycan Ordusunda dəyişikliklər olacaq. Amma bu dəyişikliklər hansısa şəxslərin çıxarılması ilə bağlı deyil. Hazırda geniş təhlillər aparılır, döyüş əməliyyatlarının aparılması, hər bir iştirakçının, texnikanın rolu və ümumi olaraq döyüşün nəticəsi incələnir. Bu təhlillərin nəticəsi olaraq Azərbaycan Ordusunda müəyyən islahatlar aparılacaq. Hərbi hissələrin müharibəyə qədərki yerləşməsi təbii ki, dəyişdirilir və dəyişdiriləcək, silahlanma daha da müasirləşdiriləcək. Azərbaycan Ordusunun bundan sonra daha çox professional ordu kimi fəaliyyət göstərməsinə ehtiyac var. Ordumuzun gələcək inkişafı bu istiqamətdə olacaq”.

Hərbi ekspert deyir ki, Azərbaycan Ordusunun inkişafı ölkəmizin Ermənistanla münasibətlərindən asılı olacaq: “Ola bilsin ki, sülh bağlanar, artıq 2 qonşu kimi yaşamaq mümkün olar. Azərbaycan Ermənistandan savayı hər hansı bir qonşusu ilə problem yaşamır. Bu gün Ermənistana çox layiqli cavab verilib və yerində oturdulub. Hazırda Naxçıvana gedən dəhlizlə bağlı işlər aparılır, kommunikasiyaların, logistikanın inkişafı ilə bağlı tədbirlər görülür. Bütün bunlar gələcəkdə sabitliyə gətirib çıxaracaq. Türkiyə ilə bizim yaxın olmağımız, qardaş dövlət kimi bizi dəstəkləməsi də çox önəmli faktordur. Ola bilsin ki, gələcəkdə də Azərbaycanın bu boyda ordu saxlamasına ehtiyac olmasın. Döyüş hazırlığında müəyyən dəyişikliklər olacaq. Azərbyacan Ordusu 44 günlük müharibədə özünü ən yaxşı tərəfdən göstərdi, tam cəm şəklində qələbə çaldı”.
Musavat.com





Ana səhifəyə qayıt        Baxış: 3 771          Tarix: 10-02-2021, 09:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma