Xəbər lenti
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
Almaniya mətbuatında Azərbaycanı hədəfə alan yazıların sayı yenidən artıb. Əlbəttə, Avropa, xüsusən də Almaniya mətbuatında Azərbaycan hakimiyyəti barədə tənqidi məqalənin işıq üzü görməsi qeyri-adi hadisə deyil; amma sanki uğurla nəticələnmiş Vətən müharibəsindən sonra qərəzli bir kampaniyaya hədəf olmuşuq.
Məsələ bundadır ki, həm də bu dəfə hədəf və vasitə bir qədər fərqli götürülüb. Yalnız hakimiyyət və ya dövlət deyil, həm də dolayısı ilə Azərbaycanın milli -mənəvi və ailə dəyərləri də hədəfə alınır.Söhbət "İstanbul konvensiyası" və ailədaxili zorakılıq mövzularından gedir.
Əlbəttə, qadına qarşı zorakılıq yalnız Azərbaycanda baş verən və yeni bir hadisə deyil. Ancaq “Die Tageszeitung” adlı qəzetdə Barbara Ertel adlı müəllifin yazısında qərəz və ədalətsiz yanaşma açıq-aşkar hiss olunur. Daha doğrusu, mövzudan sui-istifadə olunmaqla təzyiq vasitəsinə çevirmə cəhdi açıq şəkildə görünür.
Məqalə Bakıda son bir neçə ayda qeydə alınan və yerli mətbuatın eninə-uzununa araşdırıb yazdığı gənc qızların intiharı xəbərləri ilə başlayır və dərhal da İlham Əliyev rejiminin müstəqil qadın hərəkatını məhv etdiyi iddia olunur. Bunu isə müəllif 8 martda Bakıda keçirilməyə cəhd olunan aksiyanın dağıdılması ilə “əsaslandırır”.
Müəllif Bakıdakı qadın aktivistlərdən sitat gətirməklə siyasi hakimiyyətin qadınlara qarşı zorakılığa şərait yaratdığını iddia edir. Müəllifin Azərbaycanın adını Rusiya və bu yaxınlarda "İstanbul konvensiyası"ndan çəkilmiş Türkiyə ilə birlikdə məlum konvensiyaya qoşulmayan ölkə kimi xatırlatması, bir mənada yazının əsl hədəfini ortaya qoyur: "İstanbul konvensiyası". Müəllifin məntiqindən belə məlum olur ki, Azərbaycan Türkiyə və Rusiya ilə birlikdə "İstanbul Konvensiyası"na qoşulmayan ölkə olaraq qadın zorakılıqlarına şərait yaradır.
Ancaq müəllif bəzi məqalarda özünü “yandırır”. Məsələn, yazıda iddia olunur ki, rəsmi statistikaya görə, Azərbaycanda 2019-cu ildə 1039, 2020-ci ildə 1180 məişət zorakılığı hadisəsi qeydə alınıb. 2019-cu ildə 37 qadın qətlə yetirilib. Və bu rəqəmin 10 milyonluq ölkə üçün çox olduğu, ölkədə cəmisi 3 qadın sığınacağının olduğu qeyd edilir.
Əlbəttə, yaxşı hal deyil və qınanmalıdır. Amma müəllifin qeyd elədiyi kimi, dəhşətli statistika da deyil. Məsələn, rəsmi dövlət statistikasına əsasən Almaniyada hər 3 gündə bir qadın cinayətə qurban gedir. Ümumilikdə isə il ərzində 141 min ailə içi zorakılıq qeydə alınır ki, bunun da 81 faizinin hədəfi qadınlardır. Başqa sözlə, Almaniyada hər 45 dəqiqədə bir qadın zorakılığa məruz qalır. 80 milyondan çox əhalisi olan Almaniyada sayca 7-ci qadın sığınacağı 2021-ci ildə açılıb. Bunu da Almaniya mediası yazır. Yəni başqa sözlə əhali sayını nəzərə almaqla Almaniyada qadın zorakılığı halları Azərbaycandan az qala 10 dəfə çox olur.
Bu onu göstərir ki, Konvensiya qoşulmaq və ya Avropa ölkəsi olmaq, yaxud da yüksək rifah heç də zorakılqıların qarşısını alan əsas vasitə deyil. Olsaydı, sərt Almaniya qanunları bunun qarşısını ala bilərdi. Hansı ki, Almaniya 2018-ci ilin fevralından Konvensiyanı ratifikasiya edərək icrasına başlayıb. Yəni başqa sözlə məsələ nə konvensiyada, nə də qanunlarda deyil.
Bu məqalədə əsas vurğu məhz "İstanbul konvensiyası"nadır. Müəllif nəticəni məhz "İstanbul Konvensiyası"nın üzərinə gətirməklə, sanki bütün problemlərin burdan qaynaqlandığını göstərməyə çalışır. Doğrudanmı, məsələ "İstanbul Konvensiyası"na qoşulmamaqdadır? Və ya bu Konvensiyaya ölkələr və insanlar niyə etiraz edir?
İşlənmiş mövzu olsa da, bir daha "İstanbul Konvensiyası" və onun mübahisə doğuran məqamlarını qeyd edək. Qadınlara qarşı zorakılıq və ailədaxili zorakılıqların qarşısının alınması və bunlarla mübarizə məqsədi ilə Avropa Şurasının təklif etdiyi "İstanbul Konvensiyası" 2011-ci ildə Avropa ölkələrinə təqdim olunub. Türkiyə ilə birlikdə bu Konvensiyanı 45 ölkə (hazırda 44) imzalayıb. Lakin yalnız 33 ölkədə Konvensiya qüvvəyə minmiş hesab olunur.
Türkiyə Konvensiyanı imzalayan ilk ölkələrdən biri olub və 2014-cü il avqustun 1-dən etibarən Konvensiya ölkə ərazisində qüvvəyə minib. Lakin daha sonra ölkənin siyasi dairələrində və ictimaiyyət içərisində Konvensiyaya qarşı kampaniya başladılıb. Əsas ittiham isə "İstanbul Konvensiyası"nın LGBT və “cinsi bərabərlik” adı altında seksual azlıqların daha geniş təbliğ olunması, ailə dəyərlərinin aşındırılması, ailə institutuna zərbə vurması ilə bağlıdır.
Avropa İttifaqı üzvü olan Bolqarıstan, Macarıstan, Çexiya, Latviya, Litva və Slovakiya kimi ölkələr bu və bənzər ittihamlarla Konvensiyanı imzalasalar da hələ də həmin ölkələrdə qüvvəyə minməyib. Polşa isə İstanbul Konvensiyasının “valideyn haqlarını pozduğu üçün” müqavilədən çıxacağını bəyan edib. Ədliyyə naziri Zbiqnev Ziobro Konvensiyadakı uşaqlara cinsi münasibətlərlə bağlı dərslərin məcburi olmasının narazılıq doğurduğunu bildirib. Nazir deyib ki, LGBT qrupları cinsiyət təbliğatlarını "İstanbul Konvensiyası" vasitəsilə insanlara qəbul etdirməyə çalışır. Yeri gəlmişkən, ötən il Avropa İttifaqı Polşanın LGBT haqlarını qəbul etməyən bələdiyyələrinə yardımları dayandırıb.
Oxşar səbəbi ötən ay Konvensiyadan çəkilən Türkiyə hökuməti də göstərib. Rəsmi Ankaranın Konvensiyadan çıxmaqla bağlı əsaslandırılmasında göstərilir ki, "İstanbul Konvensiyası" öz təməl hədəflərindən (ailədaxili zorakılıq və qadına qarşı zorakılıq – K.R.) yayınaraq LGBT ideologiyasının müdafiəsi platformuna çevrilib. Bəzi qruplar Konvensiyanı leqal bəşəri hüquq norması kimi tanıtmağa çalışır.
Doğrudur, tənqidçilər İstanbul Konvensiyasından çıxan və ya ona qoşulmaq istəməyən hökumətlərin mühafizəkar hökumətlər olduğunu və Konvenskyada yalnız bir maddədə LGBT mövzusundan bəhs edildiyini arqument kimi gətirirlər, lakin fakt odur ki, Konvensiyadan çıxan müsəlman Türkiyə və katolik Polşa, yaxud Macarıstanda əsas arqument bənzərdir: Ailə institutunun zədələnməsi və LGBT-nin təbliği. Və ən əsası xüsusən də Qərbdə sözügedən Konvensiyanın qəbul etdirilməsi üçün xüsusi kampaniya aparan qrup və bu qrupun fəaliyyəti bir çox ölkələri qorxudur.
Azərbaycan isə Rusiya ilə birlikdə Konvensiyanı imzalamamış iki Avropa ölkəsindən biridir. Son illər daha çox Avropa ölkəsinin bu konvensiyanı mübahisələndirməsi onu göstərir ki, mövzu yalnız mühafizəkarlar deyil. Yeri gəlmişkən, Almaniyada da bəzi ekspertlər İK-nın hədəfinin demokratik qanunun məhv edilməsi olduğuna inanırlar, “İstanbul Konvensiyası"nın son hədəfi gender bərabərsizliyinə qarşı mübarizə deyil, hüquqi çərçivələrin məhv edilməsi və xalqların milli, qlobal və antimilli bürokratiyaya qarşı demokratik müqavimətinin yatırılmasıdır” (Turan İA, Almaniyadan ekspert, 20.09.19, ATƏT-in iclasında çıxışı). Ekspertin sözlərinə görə, ailədaxili zorakılığın aradan qaldırılmasına yönəlmiş qanuni dəyişikliklər iki ağır nəticə verdi. 1. Əhalinin etirazlarına baxmayaraq ailəyə dövlətin müdaxiləsinin güclənməsi; 2. Feministlərin qadınların cinsi hüquqlarını qorumaq tələbləri hüquqi normaları aşmağa başladı. Beləliklə, qanunda təqsirsizlik prezumpsiyasının son dərəcə vacib qaydası, “zərərçəkmiş qadının” qeyd-şərtsiz qorunması prinsipi isə getdikcə inkar edilir. Birləşmiş Ştatlar və indi Avropa cəmiyyəti dəhşətlə başa düşür ki, zorakılıq problemi qorxu və günah mühiti yaratmaq üçün bir vasitə halına gəlir. “Təcavüzkarlar” və buna can atanlara qarşı məhkəmə iddiaları çoxalır, onların təqsirsizlik prezumpsiyası çox vaxt tələb olunmur”.
Bu isə mövzu ilə bağlı liberal Avropanın əndişəsidir.
Hər halda görünən odur ki, Konvensiya ilə bağlı mübahisələr və Konvensiyaya qarşı olan ölkələrə təzyiq davam edəcək.
Kənan Rövşənoğlu,
Musavat.com üçün
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar