Xəbər lenti


Ekspert: “Dövlət nə lazımdırsa etməlidir, bu adamlar qurbandırlar...”

Ərəb ölkələrində gedən münaqişələrdə ekstremist silahlı birləşmələrin tərkibində vuruşmuş azərbaycanlılardan bir neçəsi bu yaxınlarda həbs edilib. “Yeni Müsavat”ın xəbərinə görə, əsasən Suriyada və eləcə də digər qaynar nöqtələrdə vuruşmuş həmin azərbaycanlılar ölkəyə qayıdandan sonra saxlanılıblar. Azərbaycan qanunlarına görə başqa dövlətlərin ərazisindəki terrorçu, qeyri-leqal silahlı qruplaşmalarda iştirak etmiş şəxslər mühakimə olunurlar.

Son illərdə Azərbaycandan İraq, Suriya, Əfqanıstana döyüşməyə gedənlər olmuşdu. Sağ qalanlardan bir çoxu qayıdıb və burada həbsdədirlər, bəziləri isə döyüşlərdə ölüblər. Amma belə görünür ki, hələ də bir çox azərbaycanlı qaynar bölgələrdə, o cümlədən Suriyada qalıb.
Yeri gəlmişkən, Azərbaycan hökuməti tərəfindən görülmüş tədbirlər nəticəsində 2021-ci ilin 27 may tarixində 6-sı qadın və 14-ü uşaq olmaqla, Suriyanın Cerabus şəhərindəki Amerna düşərgəsində saxlanılan 20 nəfər Azərbaycan vətəndaşının vətənə repatriasiyası həyata keçirilib.

Azərbaycan vətəndaşları olan yaxın qohumlarını Suriyada axtaran bir sıra şəxslər isə müxtəlif vaxtlarda ombudsmana müraciət ediblər. Onlar həmin ölkədə gedən müharibədə müxtəlif qrupların tərkibində döyüşən qohumlarının ailə üzvlərinin, o cümlədən qadın və uşaqların oradakı düşərgələrdə girov kimi saxlanıldıqlarını bildiriblər. Müraciətlərdə eyni zamanda yaralı və xəstələrin tibbi yardımdan kənarda, baxımsız vəziyyətdə qaldıqları da qeyd edilib.

Ombudsman Səbinə Əliyevaya müraciət edən şəxslər ölkə vətəndaşları olan və Suriyada qalan qohumlarının respublikamıza qaytarılmasında köməklik göstərilməsini xahiş ediblər. Ombudsman həmin ölkədə qalan vətəndaşlarımızın qaytarılması istiqamətində zəruri tədbirlərin görülməsi məqsədilə müxtəlif vaxtlarda Nazirlər Kabinetinə, həmçinin digər səlahiyyətli dövlət qurumlarına müraciətlər edib.

Ombudsman Aparatından bildirilib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin rəhbəri ilə keçirilən görüşdə də Səbinə Əliyeva Suriya ərazisində girov kimi saxlanılan vətəndaşlarımızın mövcud vəziyyətini, onların geri qaytarılması ilə bağlı tədbirlərin həyata keçirilməsi üzrə əməkdaşlıq məsələlərini geniş müzakirə edib.

Onların çoxu aydındır ki, cinayət məsuliyyətinə cəlb ediləcəkləri üçün qayıda bilmirlər. Bir çoxunun əri ölüb və  uşaqları qalıb. Bundan əvvəl də İraqda girov və kimsəsiz qalan xeyli sayda qadın və uşaq Azərbaycana gətirilmişdi. Ancaq onların arasında ailə üzvlərinin  qayıtmaqla bağlı qorxusu olanlar var. Bu halda nə etmək lazımdır?

İlham İsmayıl
Təhlükəsizlik məsələləri üzrə ekspert, sabiq MTN polkovniki İlham İsmayıl “Yeni Müsavat”a bildirdi ki, bu gün İraqda, Suriyada ailə üzvləri qalanlar var. Onun sözlərinə görə, bu məsələ ilə bağlı Azərbaycan hökumətinə təkliflər irəli sürüblər: “Onların ailə üzvlərini qaytarmaq üçün bütün hüquqi, diplomatik yollardan istifadə olunmalıdır, dövlət nə lazımdırsa etməlidir. Bu adamlar qurbandırlar, döyüşlərdə iştirak etməyiblər. Amma döyüşlərdə iştirak edən, ailəsini də özü ilə aparanları geri qaytarmağa nail olmalıdırlar, Azərbaycan qanunları ilə mühakimə etməlidirlər, bağışlanacaqsa da, yenə bizim qanunlarla  bu işə baxılmalıdır”.

İ.İsmayıl qeyd etdi ki, həmin şəxslər İraqda, Suriyada çürüyürlər: “Diplomatik əlaqələr işə salınmalıdır. İstər döyüşən, istər döyüşməyənlərin qaytarılması dövlətin işidir. Əlbəttə, qorxu hissi var. Ancaq qanunla cəza almalıdırlar. Məlumdur ki, onların buradan gedişi təşkil olunub, hansı təşkilatlar olduğu da bəllidir. O baxımdan təhlükəsizlik məsələləri üçün profilaktik addımlar atılmalıdır”.
Qeyd edək ki, bugünlərdə 1986-cı il təvəllüdlü Camalov Orxan Tofiq oğlunun 2014-cü ildə ölkə hüdudlarını tərk edərək “İŞİD” terror təşkilatının Suriyadakı silahlı qruplaşmasına daxil olması, həmin qanunsuz birləşmənin tərkibində fəaliyyət göstərməsinə dair əldə edilmiş məlumatlar əsasında əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Əvvəllər Orxan Camalov Zaqatala rayon sakini İlqar Mollaçiyevin rəhbəri olduğu “Meşə qardaşları” dəstəsində olub, müvafiq cinayət işi üzrə məhkum olunub.

Azadlığa çıxdıqdan sonra “Hanzala” ləqəbli Şamil adlı şəxsin dəvəti və köməyi ilə 2014-cü ildə Türkiyəyə, oradan isə qanunsuz yollarla Suriyaya gedib. Camalov orada “İŞİD” terror təşkilatına tabe olan “Azəri camaatı” adlı qanunsuz silahlı birləşməyə qoşulub.

Emil SALAMOĞLU,

“Yeni Müsavat”



Ana səhifəyə qayıt        Baxış: 3 256          Tarix: 2-06-2021, 09:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma