Xəbər lenti

 
 
AMEA-nın prezidenti, xalq arasında "Boz kardinal" kimi tanınan Ramiz Mehdiyev axır ki, əlini döşəyə vurub.
 
Ovqat.com-un məlumatına görə, Baş akademik bir neçə ay əvvəl işdən çıxarıb, bir çaydan, bir neçə stəkanın yoxa çıxmasına görə Korrupsiyaya qarşı Mübarizə İdarəsinə şikayət etdiyi Əlövsət Quliyevi yanına çağırıb onunla söhbətləşib.
 
Baş akademik etiraf edib ki, onu elm çevrəsində “makler-akademik” kimi tanınan Qərib Məmmədov aldadıb və Əlövsət Quliyev barədə ona yanlış informasiya verib. O da həqiqətləri gec də olsa anladıqdan sonra səhvlərini düzəltməyə çalışacaq. 
 
Xatırladaq ki, Baş akademik heç bir əsası olmadan və əmək qanunvericiliyinə zidd şəkildə AMEA-nın müxbir üzvü Əlövsət Quliyevi rəhbərlik etdiyi Torpaqşünaslıq və Aqrokimya İnstitutundan uzaqlaşdırmış, onun yerinə isə Qərib Məmmədovu təyin etmişdi. Əlövsət müəllim də bu qanunsuz fəaliyyətlə bağlı Səbail rayon məhkəməsinə şikayət etmişdi. Martın 16-da son iclası keçirilən məhkəmə Əlövsət Quliyevin işə bərpasına qərar vermişdi. 
 
Məhkəmənin bu qərarından sonra Ramiz Mehdiyevin bir ay ərzində Apellyasiya şikayəti vermək hüququ vardı. Əldə etdiyimiz məlumata görə, Baş akademik bu hüququndan istifadə etməyəcəyini Əlövsət Quliyevə bildirib. 
 
Əlövsət Quliyevin əvvəlki vəzifəsinə yenidən təyin edilib-edilmədiyi barədə məlumat verilmir. Amma bildirilir ki, Qərib Məmmədov artıq qanunsuz təyin olunduğu vəzifəsindən çıxarılıb. İddialara inansaq, Baş akademikin bu qərarı Qərib Məmmədovda ciddi narazılıq yaradıb. Çünki aralarında hansısa maddi sövdələşmə var imiş və “Boz kardinal” faktiki onunla bağladığı “əhd-peymanı” pozub. 
 
Bununla belə, Baş akademik “haqlı” narazılığını bildirən Q.Məmmədovla dil tapa bilib. Məlumata görə, onu öz yanına məsləhətçi vəzifəsinə işə götürüb. Lap məşhur filmdə deyildiyi kimi “O olmasın, bu olsun” məntiqinə əsasən.
 
Təəssüf ki, bu məlumatı dəqiqləşdirə bilmədik. Zəng etdiyimiz Əlovsət müəllim bu barədə heç nə danışmaq istəmədi.
 


Ana səhifəyə qayıt        Baxış: 5 363          Tarix: 15-04-2021, 15:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma