Xəbər lenti


ROSBALT, Rusiya
03.07.2021


Müəllif: Pyotr Mixaylovski
Ermənistanda yaşanan siyasi hadisələr, Azərbaycanla baş vermiş silahlı münaqişə və Yerevanın işğal etdiyi torpaqları itirməsi fonunda onun üzləşdiyi ekoloji problemləri bəlkə də əhəmiyyətsiz görünə bilər. Lakin bu problemlərə etinadsız yanaşmaq olmaz. Çünki onlar təkcə “çirkli” ərazilərdə yaşayan ermənilərə deyil, həm də çox vaxt onlarla eyni təbii ehtiyyatlardan istifadə edən azərbaycanlılara narahatlıq yaşadır.
Götürək Ermənistanda Voxçi, Azərbaycanda isə Oxçu adlandırılan çayı. Bu çayın mənbəyi Ermənistanın Qacaran şəhərinin yaxınlığındadır. Sünik vilayətinin mərkəzi olan Qafan, həmçinin Azərbaycanın Zəngilan şəhəri və Mincivan qəsəbəsi bu çayın sahilində yerləşirlər.

Artıq çoxdandır ki, həm Azərbaycan, həm də erməni KİV-i bu çayın Ermənistan tərəfində çirkləndirildiyini, istehsalat tullantılarının heç bir ilkin təmizləmə keçmədən ora axıdıldığını yaxır. Ağır metalların suya axıdılması təkcə Oxçuçayın faunasını məhv etmir (bu ilin martında Azərbaycan ekoloqları çayda forel balığının kütləvi tələfat hallarını qeydə almışdı), həm də insanların sağlamlığına fövqəladə təhlükə yaradır.

Üstəlik, axı bütün çaylar mütləq axıb harayasa tökülür – Oxçuçayın Araza qovuşduğu kimi. Araz Cənubi Qafqazın ikinci uzun çayı, həmçinin transsərhədd su hövzəsidir. Araz Azərbaycanda əkin sahələrinin suvarılmasında müstəsna rol oynayır. Lakin suyun keyfiyyətini nəzərə alsaq, onun göstərilən məqsədlər üçün, xüsusilə də məişətdə istifadəsi çox ciddi fəsadlar verə bilər.

Azərbaycan ekoloqlarının Qarabağın işğaldan azad edilməsi nəticəsində yerli çaylara çıxış əldə etməsindən sonra bütün fəsadları rəqəmlərlə ifadə etmək imkanı yaranıb. Bu ilin yanvar-mart aylarında Oxçuçaydan götürülmüş su nümunələrində ağır metallarla çirklənmənin yüksək olduğu aşkarlanıb. Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hesabatına görə, suyun tərkibində mis-molibden birləşmələrinin miqdarı normadan iki dəfə, dəmirin miqdarı dörd dəfə, nikelin miqdarı isə düz yeddi dəfə artıqdır. Çay vaxtaşırı ya ağ, ya da sarımtıl rəngə boyanır.

Konkret olaraq çayı çirknləndirənlərdən danışsaq, söhbət Zəngəzur mis-molibden kombinatından gedir. Almaniyanın Qacaran filiz yatağını istismar edən “Cronimet Holding” şirkətinin əsas səhmdarı olduğu bu müəssisə Ermənistanın ən iri vergi ödəyicilərindəndir. Ən müxtəlif ölkələrdə fəaliyyət göstərən şirkət istənilən ədəbli Qərb şirkəti kimi, təkcə səmərəliliyə deyil, həmçinin keyfiyyət, təhlükəsizlik və s. standartlara sadiqliyini bildirir.

Hələ 2018-ci ilin noyabrında yenicə baş nazir olmuş Nikol Paşinyan bu şirkətin icraçı direktoru Günter Pilarski ilə görüşündə “Cronimet”in Ermənistandakı fəaliyyətin alqışlayaraq, dağ-mədən sənayesində standart ekoloji və əməliyyat prosedurlarına riayət olunmasının vacibliyini vurğulamışdı. Pilarski onunla razılaşmış və hər zaman buna çalışdıqlarını bildirmişdi.

Lakin artıq qeyd etdiyimiz kimi, Oxçuçaydan götürülmüş su nümunələri həyacan yaradır. Hətta Ermənimstanın dövlət orqanlarının yerli KİV-də dərc etdiyi hesabatlarda, ekoloji fəalların məlumatlarında belə deyilir ki, “Cronimet” öz fəaliyyətinin ətraf mühitə təsirini görməzdən gəlir, halbuki, bütün ekoloji standartlara əməl etdiyini bildirir.

Ermənistan Təhsil Nazirliyinin Milli Təhsil Texnologiyaları İnstitutunun mütəxəssisləri Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin mütəxəssisləri ilə birlikdə Sünik vilayətinin dağ-mədən rayonlarında yerləşən su hövzələrinin ekoloji vəziyyəti hələ 2017-ci ildə qiymətləndiriblər. Yoxlama göstərib ki, yerüstü və yeraltı sularla, həmçinin Zəngəzur mis-molibden kombinatı tərəfindən Qacaranda axıdılan tullantı suları ilə birlikdə çirkli maddələrin çaya qarışması nəticəsində onun suyunun keyfiyyəti II dərəcədən IV dərəcəyədək pisləşib.
Həm tərkibində ağır metal miqdarının çox olması, həm də müəssisə tərəfindən suyun istismarının artması səbəbindən Oxçuçayın özünütəmizləmə və özünübərpa potensialı da aşağı düşməkdədir. Tədqiqatda deyilir ki, çirklənmə səviyyəsi çayın aşağı axarında da yüksək olaraq qalır.

Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti hələ 2019-cu ilin oktyabrında xəbər verirdi ki, Qacaran mis-molibden kombinatının toksik tullantıların saxlanıldığı anbarlarında nasazlıq yarandığından, bu tullantılar da Oxçuçaya sızıb. O zaman işə prokurorluq da qarışmışdı.
Təəssüf ki, Ermənistan transsərhəd su hövzələri ilə bağlı Helsinki konvensiyasına hələ də qoşulmayıb. 1992-ci ildə qəbul edilmiş bu sənəd yerüstü və yeraltı transsərhəd su ehtiyyatlarının ekoloji cəhətdən təhlükəsiz idarə olunmasına, qorunmasına yönəlmiş milli və beynəlxalq tədbirlərin gücləndirilməsi üçün mexanrizm rolunu oynayır. Odur ki, bu məsələdə Ermənistana kənardan təsir etmək “mübühisəli” ərazilər məsələsində olduğundan heç də asan deyil. Lakin mümkündür.

Görünən odur ki, hazırda Azərbaycan tərəfinin əlində Ermənistanı ekoloji terrorda ittiham etmək üçün yetərincə fakt var. Hər halda Yerevanla “Cronimet” şirkətini beynəlxalq təşkilatlar və məhkəmələr vasitəsilə məsuliyyətə cəlb etmək olar. Bu yerdə amerikalı Erin Brokoviçin məşhur əhvalatı yada düşür. O, Kaliforniyanın Hinkli şəhərində qrunt sularını kanserogent altıvalentli xromla çirkləndirən “Pacific Gas and Electric Company”ni əhalinin tələblərini yerinə yetirməyə məcbur etmişdi. Bu, şirkətə 333 milyon dollara başa gəlmişdi. Lakin o zaman zərərçəkmişlərin sayı yüzlərlə idisə, indiki halda rəqəmlər tam başqa ola bilər. Bakı əlində olan rəqəmlərə əsaslanaraq tam qələbə qazana bilər.

(Rus dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: ROSBALT


Ana səhifəyə qayıt        Baxış: 4 259          Tarix: 3-07-2021, 14:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma