Xəbər lenti
Əl-Cəzirə, Qətər
06.07.2021


Müəllif: Rəsul Sərdar
Hər addımda risk. Bura dünyada ən çox minanın basdırıldığı region, bəziləri üçün isə evdir.
Əsli Mahmudova (mina qurbanının anası): “Oğlum Ermənistanın işğalından azad edilmiş əraziləri görmək üçün getdi və bir daha geri qayıtmadı. Yeznəsi bizə zəng edib oğlumun minaya düşərək ciddi yaralandığını demişdi. Həmin gecə çox uzun idi. Səhər o, həyatını itirdi. 2 uşağı və gənc həyat yoldaşı var idi”.

Bəxtiyar Mahmudov Dağlıq Qarabağdakı son müharibədən sonra minaya düşərək həyatını itirmiş 100-dən çox mülki şəxsdən yalnız biridir. Ermənistan əsgərləri son 30 ildə Dağlıq Qarabağ ətrafında yerləşən 7 rayonu minalayıblar. Onlar buraya minaları hələ 1994-cü ildəki müharibə nəticəsində əraziləri ələ keçirdikdən sonra basdırıblar. Bu gün bu ərazilər dünyadada ən çox mina insidentinin baş verdiyi bölgədir.
Xalid Tahirov (fermer): “Artıq 2 aydır ki, bu evdə yaşayıram. Amma övladlarımı buraya gətirə bilmirəm. Çünki ətraf ərazilər minalanıb. Uşaqlar təhlükəni başa düşmürlər. Burada böyük su mənbələri var. Bu üzdən, bu ərazilər çox məhsuldardır. Lakin minalar üzündən nə heyvan saxlaya, nə də əkin-biçinlə məşğul ola bilirəm”.

Azərbaycan hökumətindən bildirirlər ki, Ermənistan minaların basdırıldığı əraziləri göstərən xəritələri Bakıya təhvil vermək istəmir. Nəticədə mina təmizləyənlər ciddi riskə getməli olurlar.
Cəmaləddin Əliyev (minatəmizləmə üzrə mütəxəssis): “Minatəmizləmə prosesi çox çətin, narahatedici və stresli işdir. Hər an ehtiyatlı olmalısan. Hər saniyə minaya düşə bilərsən. Bilirik ki, hər siqnal ərazidə mina olduğunu bildirir. Xüsusilə isti havada mina təmizləyən zaman səbirsiz və əsəbi oluruq. Çünki bizim istifadə etməli olduğumuz qoruyucu geyimlər sanki insanı boğur”.
Minaları zərərsizləşdirmək üçün onları məsafədən partladırlar. Ermənistanla Azərbaycan arasında atəşkəs razılaşmasının imzalanmasından 8 ay ötür. Dağlıq Qarabağda 6 həftə davam etmiş müharibə məhz bu razılaşma ilə sona çatıb. Amma minalar bu gün də ən böyük problem olaraq qalır.

Rəsul Sərdar (Ağdam, Azərbaycan): “Tərəflər arasında ilk razılaşma nəticəsində Ermənistan Azərbaycana 15 erməni hərbi əsirin əvəzində Ağdam rayonunun mina xəritəsini təqdim edib. Söhbət təxminən 100 min minadan gedir. Lakin digər rayonların mina xəritələri hələ də təqdim olunmayıb”.

Bu gün iki ölkə arasında sərhəd mübahisəsi davam edir. Bu, atəşkəsin nə qədər kövrək olduğunu göstərir...
İnsanlar isə problemin həll olunacağını gözləyirlər.



(İngilis dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: Əl-Cəzirə


Ana səhifəyə qayıt        Baxış: 4 490          Tarix: 6-07-2021, 19:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma