Xəbər lenti


Contra Réplica, Meksika
30.07.2021


Müəllif: Conni La Mont
Sirac Abışov və Məhərrəm İbrahimovun xatirəsinə
Cəbrayıl, Şuşa, Ağdam və Gəncə... Azərbaycan: Şuşa strateji mövqedədir. Şəhər dəniz səviyyəsindən 1400 metr hündürlükdə yerləşir. Buradan Xankəndiyə, ermənilərin Stepanakert adlandırdıqları şəhərə mənzərə açılır. Bu şəhərlərin işğaldan azad olunması Çinin Uxan şəhərindəki azərbaycanlı tələbə Samir Məmmədovun dili ilə desək, “ərazi bütövlüyümüzün bərpası” idi və Qarabağ müharibəsində həlledici rol oynadı. Prezident İlham Əliyev üçün bu, “Azərbaycanın işğalda olan bütün ərazilərinin tezliklə azad olunacağının rəmzi” idi.

Əngəl: Atəşkəsin bərpasınadək ermənilər Azərbaycanın ərazicə ikinci şəhəri olan Gəncədə terror aktları həyata keçirdilər. Nəticədə aralarında qadın və uşaqların da, balaca Nərminin də olduğu insan itkisi və yüzlərlə yaralanma halı. “Bu hadisə baş verməməli idi. İnsanların sıx yaşadıqları, heç bir hərbi bazanın olmadığı, mülki əhalinin məskunlaşdığı adi yaşayış massivinə təəssüf ki, ermənilər gecə saatlarında, insanlar yatarkən, başqa sözlə, terror məqsədi ilə hücuma keçdilər. Azərbaycan xalqı sülh şəraitində yaşamağa çalışır”, - deyə hərbi geosiyasət üzrə ekspert bildirir.

Gəncə Xankəndidən 100 kilometr uzaqda yerləşir.

Strategiya: Cəbrayıl və Ağdamda ermənilər “yandırılmış torpaq” siyasəti və ya taktikasını həyata keçiriblər. Məqsəd demək olar ki, hər şeyi məhv etmək idi – qoy qarşı tərəfə heç nə qalmasın.

Ermənilərin bu hərəkətlərinə cavab olaraq, Bakı həmin şəhərlərin yaşıllaşdırılması, yenidən qurulması, sənaye cəhətdən inkişafı və beləliklə, yeni iş yerlərinin yaradılması yolunu tutub. Hökumətin Ağdamdakı rəsmi nümayəndəsinin sözlərinə görə, 2020-ci il Azərbaycan tarixində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış 44 günlük müharibə nəticəsində qızıl hərflərlə yazılıb: “Bu gün bizim bayrağımız 30 illik işğaldan sonra Ağdamda, Qubadlıda, Cəbrayılda və digər rayonlarda dalğalanır”.

Retrospektiv: Ağdam və Cəbrayıla səfərlərimiz zamanı erməni qəsbkarlarının dağıtdıqları şəhərləri, qəsəbələri, tarixi abidələri gördük, Samir Məmmədovdan ermənilərin yaratdıqları xaos və düşmən münasibəti barədə həqiqətləri dinlədik.

Milli və beynəlxalq medianın iştirakı ilə keçirilən konfranslarda işğalçı qüvvələrin vandalizminin miqyasından danışan İlham Əliyev kədərini belə ifadə etmişdi: “Vandallar şəhərlərimizi, evlərimizi və infrastrukturumuzu nəyə çevirib? Dünya Ağdamın hansı vəziyyətdə olduğunu bilməlidir, çünki sanki bu torpaqdan vəhşi heyvan sürüsü keçib”.

Həmrəylik: İyunun 4-də Azərbaycan Dövlət Televiziyasının və bir xəbər agentliyinin iki əməkdaşı Kəlbəcərin Susuzluq kəndinə gedərkən azad olunmuş ərazidə minaya düşərək həyatlarını itiriblər. Təəssüf ki, 2020-ci ilin noyabrında imzalanmış Üçtərəfli Bəyannamədən sonra da 1994-2020-ci illər işğalı zamanı Ermənistan tərəfindən basdırılmış minalar təkcə hərbi qulluqçuların deyil, yüzlərlə mülki şəxsin ölümü ilə nəticələnib. Buna baxmayaraq, erməni siyasətçilər Azərbaycan ərazisindəki mina sahələrinin xəritələrini Bakıya təqdim etməkdən boyun qaçırır.

Üfüq: 30 illik işğal, Xocalıda bir gecədə 613 dinc vətəndaşın qətli, Sovet qoşunları tərəfindən Bakıda törədilmiş və 140 nəfərin ölümü ilə nəticələnmiş qanlı faciə keçmişdə qalıb. Ermənistanla müharibə nəinki ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi ilə nəticələnmiş, həm də kütləvi dağıntılar, şəhərlərin minalanaraq “kabus şəhərlər”ə döndərilməsinə gətirib çıxarmışdı...

Bu terrora son qoyulması üçün daha nə qədər günahsız insan, jurnalist, körpə Nərminlər həlak olmalıdır? 75 yaşlı Süleyman Musayev kimi yüz minlərlə insan artıq öz yurdlarına dönməyə hazırlaşır və bu, qarşısıalınmazdır. Qarabağ odlar yurdu Azərbaycanın ayrılmaz parçasıdır!
Ermənistan düz üç onillik ərzində BMT-nin 4 qətnaməsinə məhəl qoymayıb. İndi isə onlar minalanmış ərazilərin xəritələrini Bakıya təqdim etməməklə, beynəlxalq hüquq normalarını növbəti dəfə pozurlar.

(İspan dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: Contra Réplica


Ana səhifəyə qayıt        Baxış: 3 735          Tarix: 30-07-2021, 12:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma