Xəbər lenti
 
 
Şəkildə gördüyünüz bu adam Əfqanıstanın paytaxtı Kabildə yaşayan yeganə yəhudidir. Adı, familiyası Zabulon Simentovdur. 61 yaşı var. “Taliban” Kabili ələ keçirəndə əfqanlar belə, ölkəni tərk etmək üçün özlərini ölümün pəncəsinə atdığı halda, o, bu barədə düşünmək belə istəmir. Səbəbini isə Kabildəki sinaqoqu boş buraxmaq istəməməsi ilə əlaqələndirir.
 
"Mən evimi tərk etməyəcəyəm. Kabildən qaçsam, sinaqoqa kim baxacaq?", - WION -a verdiyi bir açıqlamada belə deyib.
 
Simentovun bir həyat yoldaşı, iki qızı var. Hər üçü 1998-ci ildən İsraildə yaşayır. Əfqanıstanın tək yəhudisi ildə 1 dəfə “turistik mövsüm” dediyi zamanda onları görməyə gedir. Bu il də zamanı gələndə İsrailə turist kimi getməyi planlaşdırır. "Tətil mövsümündə Əfqanıstanda nələr olduğunu İsraildə televiziyadan izləyəcəyəm", - Simentov media açıqlamasında bildirib.
 
Simentov uzun illərdən bəri dəfələrlə Əfqanıstanı tərk etmək təklifi alıb və hər dəfə də bu təklifi geri çevirib.
 
"İsrailə gedim? Orda mənim nə işim var?", - 2007 -ci ildə verdiyi müsahibələrdən birində bunları deyən Simentov daimi məskunlaşmaq üçün yəhudi dövlətinə getmək istəməməsinin səbəbini ivrit dilini bilməməsi ilə əsaslandırıb. İvrit dilini bilməsə də, Simentov yəhudi kimliyini qorumağa çalışır, hər gün sinaqoqda dua edir, yediyi heyvanları özü kəsir. Yəni müsəlmanların əhatəsində yaşasa da, onların kəsdiyi heyvanı haram sayır. Ona yeyəcəyi heyvanı kəsmək icazəsini isə Özbəkistanın Daşkənd ravvini verib. Belə çıxır ki, yəhudilikdə heyvan kəsmək üçün belə, ravvindən “xüsusi lisenziya” almalısan. Yaxşı ki, “heyvan kəsmək lisenziyası” müsəlmançılıqda dəbdə deyil. Yoxsa Azərbaycan mollaları həftə səkkiz, mən doqquz, “lisenziya”ları ləğv edər və yenidən satardılar.


 
Simentov 16 il əvvələ qədər Əfqanıstanda tək deyildi, ondan başqa ikinci yəhudi də vardı - Yitzhak Levi. Maraqlıdır ki, 40 milyon əhalisi olan bu ölkədə cəmi 2 nəfər olmalarına baxmayaraq, Levi ilə Simentov bir-biri ilə yola getmirdilər. 2005-ci ildə dünyasını dəyişən Levini Simentov “şeytan”a və “it”ə bənzədirdi.  "Onunla danışmıram, o, şeytandır. Bir it ondan daha yaxşıdır", - Simontov 2002 -ci ildə “The New York Times” qəzetinə müsahibəsində Levi barəsində demişdi.
 
Simentovun tərk etməyi düşünmədiyi ölkədə “Taliban”ın yəhudiliyə xoş baxdığını da demək çətindir. Məlumata görə, təşkilatın üzvləri bu günlərdə Simentovun ibadət etdiyi sinaqoqa basqın edib, orada saxlanılan 15 -ci əsrə aid Tövratını mənimsəyib və qara bazarda satıblar. Simentov ilahi möcuzəyə - həmin tarixi əsərin yenidən sinaqoqa qaytarılacağına inamını tərk etməyib.  
 
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 5 766          Tarix: 18-08-2021, 08:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma