Xəbər lenti


Ultima Oră, Rumıniya
01.09.2021


Müəllif: Hüseyn Nəcəfov (Azərbaycanın Rumıniyadakı səfiri)
Ermənistan Azərbaycana qarşı 1990-cı illərin əvvəllərində gerçəkləşdirdiyi təcavüz zamanı insanların girov götürülməsi və saxlanılması təcrübəsindən geniş istifadə edib. Bu zaman azərbaycanlı əsir və girovlara qarşı qəddarlıq edilib, onların əksəriyyətini qətlə yetirilib.
Münaqişə nəticəsində Azərbaycandan 3890 nəfər (3171 hərbçi, 719 mülki şəxs) hələ də itkin düşmüş hesab olunur. Girov götürülmənin beynəlxalq humanitar hüquqda açıq şəkildə qadağan edilməsinə baxmayaraq, 267 azərbaycanlı mülki şəxs (o cümlədən 29 uşaq, 98 qadın, 112 qoca) Ermənistan tərəfindən girov götürülüb və indiyədək azad edilməyib.

Bir sözlə, Ermənistan bu qanunsuz hərəkətlərlə 1949-cu il Cenevrə Konvensiyalarının və onların birinci əlavə protokolunun müharibə əsirlərinə və müharibə zamanı mülki şəxslərə münasibətə dair müvafiq müddəalarını ciddi şəkildə pozub. Beynəlxalq humanitar hüququn müvafiq normaları ilə yanaşı, itkin düşmüş şəxslərlə bağlı məsələlər beynəlxalq səviyyədə qorunan insan hüquqları, xüsusən də özbaşına həbsdən qorunma hüququ, bütün məhkəmə zəmanətləri olan ədalətli mühakimə hüququ, işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qadağan edilməsi, məcburi yoxaçıxmanın qadağan edilməsi, azadlıqdan məhrum edilmiş şəxslərin hüquqları və s. kontekstində nəzərdən keçirilir.

Ermənistan silahlı qüvvələrinin münaqişə zamanı geniş şəkildə həyata keçirdiyi vəhşilikləri nəzərə alsaq, Azərbaycan əhalisi arasında itkin düşənlərin aqibəti ciddi narahatlıq doğurur. Digər beynəlxalq humanitar hüquq pozuntuları ilə yanaşı, girov və əsirlərin qanunsuz həbsi, onlara işgəncə verilməsi və ləyaqətlərinin təhqir olunması azərbaycanlılara qarşı sistemli şəkildə həyata keçirilən cəzalandırma və ayrı-seçkilik siyasətinin bir hissəsi olub. Bundan əlavə, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası müəyyən edib ki, beynəlxalq humanitar hüquq normalarının əksinə olaraq, azərbaycanlı girovlar əsirlərlə birlikdə dözülməz şəraitdə saxlanılıblar. Onlar mütəmadi olaraq bir həbs yerindən digərinə köçürülüblər.

Ermənistan silahlı qüvvələri 1990-cı illərdə azərbaycanlı əsir və girovları kütləvi şəkildə qətlə yetirib. Uşaqlar, qadınlar və qocalar da daxil olmaqla, çox sayda girov qəddarcasına öldürülüb, bəziləri isə sonradan işgəncə, dözülməz şərait və xəstəliklər nəticəsində həyatını itirib. Ölənlərin qalıqları Azərbaycana təhvil verilmədiyindən, bu şəxslər hələ də itkin düşmüş hesab olunur.

Ermənistan silahlı qüvvələrinin azərbaycanlıları girov götürməsi ilə bağlı əsas informasiya mənbəyi məhz erməni girovluluğundan azad edilmiş şəxslərin ifadələridir. Bu gün azərbaycanlı girovlarla bağlı danılmaz faktlar var. Odur ki, itkin düşmüş şəxslərin aqibətini müəyyən etmək mümkündür. Amma Ermənistan tərəfinin sərt mövqeyi, itkin düşmüş şəxslərlə bağlı faktları gizlətməsi buna imkan vermir. Başqa sözlə, Ermənistan 30 ildən artıqdır ki, itkin düşmüş şəxslərin taleyi ilə bağlı araşdırmaların aparılmasına dair beynəlxalq öhdəlikləri yerinə yetirmir.
İnsanlığa qarşı ən ciddi cinayətlərdən biri Azərbaycanın Xocalı şəhərində həyata keçirilib. Ermənistan silahlı qüvvələri Xocalını işğal edən zaman 63 uşaq, 106 qadın daxil olmaqla, 613 sakini qətlə yetirib, 8 ailə tamamilə məhv edilib, 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. Bundan başqa, 36 uşaq, 65 qadın daxil olmaqla, 196 Xocalı sakini itkin düşmüş hesab edilir.

Bu gün Azərbaycan ərazilərinin işğaldan azad edilməsi itkin düşmüş şəxslərin aqibətinin müəyyən edilməsi istiqamətində işlərin yekunlaşmasına imkan yaradır. Bu, Azərbaycanda minlərlə insanın ağrısını yüngülləşdirər, narahatlığın azaldardı. Rəsmi Bakı artıq Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlıq çərçivəsində adsız məzarlıqlarda eksqumasiya işləri aparmaqla, cəsədlərin qalıqlarının identifikasiyası prosesinə başlayıb.

Amma unutmaq lazım deyil ki, Ermənistan təkcə 1990-cı illərin əvvəllərində deyil, 26 illik atəşkəs dövründə də girov götürmə təcrübəsindən istifadə edib. Məsələn, 2014-cü ildə işğal altında olan ərazilərdə qohumlarının məzarını ziyarətə yollanmış iki azərbaycanlı mülki şəxs (Dilqəm Əskərov və Şahbaz Quliyev) girov götürülmüşdü. Onlar düz 6 il ərzində Ermənistanda girov saxlanılıblar. O zaman Yerevan Azərbaycanın saxlanılan şəxsləri “hamının hamıya” prinsipi ilə dəyişdirmək təklifinə qarşı çıxırdı. Ümumiyyətlə, Ermənistan uzun illər humanitar məsələləri siyasiləşdirməklə məşğul olub.

Azərbaycan isə ötən il sentyabrın 27-dən etibarən beynəlxalq humanitar hüquq və humanizm prinsiplərinə, həmçinin tərəflər arasında imzalanmış üçtərəfli bəyanata uyğun olaraq, təslim olmuş bütün erməni hərbçilərini keçmiş münaqişə bölgəsindən çıxarıb. Bundan əlavə, yaşlı ermənilərə Azərbaycanın azad edilmiş ərazilərini tərk etməyə imkan yaradılıb, onların hüquqlarına hörmətlə yanaşılıb. Onlar yemək, su və tibbi yardım kimi ilkin ehtiyaclarla təmin edilib. Azərbaycan tərəfi 2020-ci ilin noyabrında müharibə başa çatdıqdan sonra 107 ermənini azad edib.

Bundan başqa, ölmüş hərbi qulluqçuların qalıqlarını toplamaq məqsədilə keçmiş döyüş bölgəsində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1600-dən çox erməni hərbçinin cəsədi tapılaraq Ermənistan tərəfinə təhvil verilib.

Azərbaycan tərəfi ötən ilin noyabrında imzalanmış üçtərəfli bəyanatla bağlı öhdəliklərinə uyğun olaraq, Ermənistana ölmüş hərbçilərinin qalıqlarını toplamaq üçün bütün lazımi imkanlar yaradıb. Yerevan isə indiyədək azərbaycanlı əsir və girovların, həyatını itirmiş şəxslərin qalıqlarının saxlanıldığı yerlər haqda məlumatları gizlədir. Yeri gəlmişkən, azərbaycanlıların girov götürülərək qətlə yetirilməsi və kütləvi məzarlıqlarda basdırılması ilə bağlı onlarla fakt mövcuddur. İkinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 7 azərbaycanlı hərbçinin aqibəti də bugünədək məlum deyil.

Bu gün itkin düşmüş və girov götürülmüş azərbaycanlılarla bağlı məsələ dünya ictimaiyyətinin diqqətindədir. Azərbaycan BMT-də itkin düşmüş şəxslərlə bağlı iki ildən bir qəbul edilən qətnamənin əsas təşəbbüskarlarından biridir. Həmin sənəddə deyilir ki, itkin düşmüş şəxslərlə bağlı problem hələ də münaqişələrin başa çatdırılması səylərinə mənfi təsir göstərir, onların ailələrinə böyük əzab verir. Qətnamədə vurğulanılır ki, itkin düşmüş şəxslərlə bağlı problemin humanitar və qanunun aliliyi nöqteyi-nəzərdən həll edilməsinə ehtiyac var.

Bu arada, BMT-nin Qadınların Statusu üzrə Komissiyası “Girov götürülmüş qadın və uşaqların azad edilməsi” ilə bağlı qətnamə qəbul edib. Rəsmi Bakı bu qətnamənin də əsas təşəbbüslarından biridir. Qətnamədə silahlı münaqişələrin bütün tərəflərinə girov götürülmüş şəxslərə qarşı zorakılıq aktların qarşısını almaqla bağlı çağırış edilir.

Hər halda, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanatdan, beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərə, humanizm prinsiplərinə sadiq olan Azərbaycan müharibə vaxtı əsir götürülmüş erməni hərbçilərin hüquqlarının təmin edilməsi istiqamətində üzərinə düşən vəzifələri ardıcıl olaraq yerinə yetirir. Əsir düşmüş ermənilər barədə məlumatlar müntəzəm olaraq Beynəlxalq Qızıl Xaç Komitəsi və Rusiya Sülhməramlı Qüvvələrinə təqdim olunub, onların bir hissəsi birtərəfli qaydada azad edilib. Üstəlik, Azərbaycanda olduqları müddətdə həmin əsirlərə zəruri tibbi xidmət göstərilib, onlarla ləyaqətlə davranılıb, ailələri ilə əlaqə saxlamaları üçün imkan yaradılıb və digər hüquqları təmin olunub.

Bununla yanaşı, döyüşlər zamanı müxtəlif səbəblərdən əsir düşmüş və ya girov götürülmüş Azərbaycan vətəndaşlarının vətənə qaytarılması məsələlərini daim diqqət mərkəzində saxlayan Bakı Beynəlxalq Qızıl Xaç Komitəsi, Rusiya Sülhməramlı Qüvvələri və digər beynəlxalq təşkilatlarla fasiləsiz danışıqlar aparır, bu istiqamətdə bütün mümkün tədbirləri görür.

Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, onun ərazisində müharibə başa çatıb və ölkə əhalisi regionda dayanıqlı sülh və çiçəklənmə istəyir. İnsanlar 30 il davam etmiş münaqişə zamanı böyük əzablara düçar olub. Bakının qəti mövqeyi budur ki, onların ağrılarının yüngüləşdirilməsi üçün bütün lazımi humanitar tədbirlər həyata keçirilməli və hərbi cinayətkarlar cəzalandırılmalıdır.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: Ultima Oră


Ana səhifəyə qayıt        Baxış: 4 556          Tarix: 1-09-2021, 17:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma