Xəbər lenti

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az-ın xəbərinə görə, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş qismində Nizami Kazımov sərbəst ifadə verib.

Nizami Kazımov deyib ki, 1992-ci ildə Naxçıvandan Bakıya köçərək sahibkarlıq fəaliyyətinə başlayıb: “Rusiya və Ukraynadan tikinti materialları, ərzaq məhsulları gətirərək topdan satışı ilə məşğul olduq. Quru meyvə yağlarının istehsalına başladıq, “BİOİL” MMC-ni təsis etdik. 2008-ci ildə, Qurban bayramı günü idi. Telefonuma tanımadığım şəxs zəng elədi. Özünü təqdim etmədən dedi ki, saat 3-də Milli Təhlükəsizlik Nazirliyinə gəl. Deyilən vaxt ora getdim. Nəzarət buraxılış məntəqəsində araşdırdılar, dedilər ki, nazirliyin İstintaq Baş İdarəsi tərəfindən çağırılmısız. Məni 6-cı mərtəbədə yerləşən istintaq idarəsinin 2-ci şöbəsinin müdiri Vüsal Ələkbərovun xidməti otağına apardılar. Otağa girən kimi Vüsal Ələkbərov olduqca aqressiv və kobud danışırdı. Burada quzu balası kimi oturmağına baxmayın, MTN-də özünü küçə uşağı kimi aparırdı. Mənə deyirdi ki, 3 milyon verməlisən, yoxsa həbsə gedəcəksən. Mən də dedim ki, nə etmişəm, , həbsə də gedim. Dedi ki, görəcəksən nə etmisən. Məndən ifadə aldı. Kürəkənim Samirin “Texnikabank”da adına əmanət qoyduğu 1 milyon 120 min dollar vəsait barədə soruşdu. Dedim ki, pulu kürəkənimin adına hesaba xərcləməsi üçün qoymuşam. Vüsal Ələkbərov qışqırıb bağırırdı ki, guya “Texnikabank” əməkdaşları ilə cinayət əlaqəsinə girmişəm, kürəkənimin adına qoyduğum pulu da mənimsəmişəm. Elə oradaca qərar qəbul edib, məni şübhəli şəxs kimi tutdu. Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında 2 gün saxladılar. Məndən heç bir şikayətçi olmadığı halda, barəmdə ərizə, şikayət yox ikən, hər hansı şəxsi aldatmadığımı bilə-bilə Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə ittiham elan etdilər”.

Nizami Kazımovun sözlərinə görə, daha sonra Səbail rayon Məhkəməsinə aparıılar və barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib: “Həbsdə olduğum müddətdə Vüsal Ələkbərov təxminən 20 dəfə məni öz xidməti otağına gətizdirdi. Deyirdi ki, 3 milyon dollar ver, barəndəki cinayət işini xitam edək. Hər dəfə Vüsala deyirdim ki, o qədər vəsaitə imkan yoxdur. İsrarla deyirdi ki, rəhbərliyin göstərişi belədir, pulu verməlisən. Mənə 8 ildən 12 ilədək cəza kəsiləcəyi ilə hədələyirdi. Pulu Eldar Mahmudov istəyirdi, Mövlam Şıxəliyev isə tələb edirdi. Həbs ediləndən 15-20 gün sonra məni o zaman İstintaq Baş İdarəsinin rəisi olan Mövlam Şixəliyev xidməti otağına çağırdı. Bax burada necə bir küncə qısılıb, orada şir-pələng idi. Vəkilimi də yanıma çox çətinliklə buraxırdılar. Mövlam otağında saymazyana şəkildə, əmr edirmiş kimi dedi ki, Vüsalın dediyi məbləği, yəni 3 milyon dolları verməlisən. 

Dedim ki, həmin məbləği ödəməyə imkanı yoxdur. Mövlam Şixəliyev də Vüsalın dediyini təkrarladı, dedi ki, pulu verməsən, səni 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Səni günə gün həbsdə saxlayacağıq. Mövlam Şıxəliyevə qəti şəkildə dedim ki, mənim o qədər vəsaitim yoxdur”. 

Nizami Kazımov bildirib ki, bundan sonrakı görüşlərdə Vüsal Ələkbərov 2 milyon dollar tələb etməyə başlayıb: “Dedim ki, həmin pulu da ödəyə bilməyəcəm. Həmin günlərdə vəkilim Osman Kazımovla müqavilə bağladım. Onun hüquqi xidmətindən istifadə etmək istədim. Vüsal Ələkbərov biləndə ki, Osman Kazımov vəkilimdir, ondan imtina etməyim üçün təzyiq etməyə başladı. Buna etirazımı bildirdim və onun xidmətindən imtina etməyəcəyimi dedim. Bundan sonra Vüsal Ələkbərov məni Mövlam Şixəliyevin yanına apardı. Qoşalaşaraq təhkidlə məndən Osman Kazımovdan imtina etməyimi tələb etdilər. Bir müddət təzyiqlərə tab gətirdim, vəkildən imtina etmədim. Lakin sonradan sağlamlığım pozulmuşdu deyə məcburiyət qarşısında Osman Kazımovla istintaq təcridxanasında görüşən zaman ona vəziyyəti izah etdim. Vəkil israrla deyirdi ki, bu cinayətkarlara tələb etdikləri pulu vermə, səni qanunsuz həbs ediblər. Məcbur olaraq azad edəcəklər. Sonradan Vüsal Ələkbərov məcburiyyət qarşısında məndən imtina ərizəsi aldı. Həbs edildikdən təxminən 45 gün sonra Mövlam Şıxəliyev məni növbəti dəfə öz xidməti kabinetində qəbul etdi. Yenə də pul söhbəti elədi, dedi ki, Vüsalın tələb etdiyi 2 milyon dollar verməlisən. O qədər pul verə bilməyəcəyimi dedim. Mövlam Şıxəliyev də dedi ki, başına torba geyindirib, maskalıların yanına aparılacaqsan, 12 il həbsdə yatızdıracağıq. Başa düşdüm ki, maska geyinmiş xüsusi təyinatlı dəstə tərəfindən döyülməni nəzərdə tutur. Amma yenə də pulu ödəməyə razılaşmadım. Vüsal Ələkbərovun otağına gəldik. Orada Vüsal da qara maskalılar söhbətini elədi. Dedi ki, razılaşmasan, söhbəti səninlə onlar, yəni maskalılar edəcək”. 

Nizami Kazımov qeyd edib ki, həmin günlərdə qardaşı Arzu Kazımov MTN-nə Mövlam Şixəliyevin yanına gedib: “Söhbət əsnasında Mövlam Şıxəliyev qardaşıma dedi ki, Nizaminin taleyi Eldar Mahmudovluqdur. Qardaşım Eldar Mahmudovun da qəbuluna gedib. Eldar Mahmudov qardaşımın yanında Mövlam Şixəliyevlə telefonla danışandan sonra deyib ki, qardaşının həbsdən çıxarılması ücün onun istədiyini verməlisiz”. Zərərçəkən qeyd edib ki, 2008-ci ilin noyabr ayının sonlarında artıq səhhətində ciddi problemlər yaranıb: “MTN-də şəkərli diabet xəstəliyinə tutuldum. Həbsdən azad ediləndən sonra ürəyimdən açıq əməliyyat olundum. Səhhətimdə yaranmış problemlərlə əlaqədar özümü yaxşı hiss etmirdim. Vüsal Ələkbərovun təhdidlərinə artıq dözə bilmədim. Məcbur olub Vüsal Ələkbərov və Mövlam Şixəliyevin tələb etdikləri 2 milyon dollar pulu verməyə razılaşdım. Vüsal Ələkbərov Mövlam Şixəliyevlə danışdı, mənə də dedi ki, rəis razılıq verib, 1 milyon dolları pulu gətir. Dedim ki, pulu dərhal ödəyə bilməyəcəm. Pulun bir hissəsini ödəyib, azadlığa buraxılmağımı, qalan hissəsini isə müəyyən vaxt ərzində toplayıb verməyə şərait yaratmalarını istədim. Vüsal Ələkbərov Mövlam Şixəliyevlə danışdı, mənə də dedi ki, rəis razılıq verib, 1 milyon dolları pulu gətir, barəndəki həbs qərarı ev dustaqlığı ilə əvəz ediləcək. Qalan 1 milyon dolları ödəmək üçün 4-5 ay vaxt verdilər. Vüsal Ələkbərov dedi ki, pulu ödəyəndən sonra barəndəki cinayət işinə xitam veriləcək. Vüsal Ələkbərovla razılaşdıqdan sonra qudama məktub yazdım, qohum-əqrəbadan 1 milyon dollar pulu yığıb mənə çatdırmağı xahiş etdim”. Zərərçəkənin sözlərindən bəlli olub ki, bundan sonra kürəkəni ona məxsus olan “Mercedes Benz S klass 500”, “BMW 745” və “Lexus 470” markalı avtomobilləri bazar qiymətindən çox aşağı qiymətə satıb: “Həmin maşınların alışına 600 min dollara yaxın vəsait xərcləmişdim. Maşınlar faktiki olaraq yarı qiymətdən aşağı satıldı. Maşınların satışından 250 min dollar pul toplanmışdı. 325 min dollar pulu qardaşım Niyazi Kazımov vermişdi. Qalan pulu da qudam Tahir düzəldib vermişdi. Ümumilikdə 1 milyon dollar pul toplamışdılar”.

Zərərçəkmiş deyib ki, 3 dekabr 2008-ci ildə kürəkəni Samir, qudası Tahir, sürücü Vüqar və Samirin işçisi Şahin pulu özləri ilə götürərək Milli Təhlükəsizlik Nazirliyinin inzibati binasının yanına gəliblər:

“Vüsal Ələkbərova pulu Samir verdi. Vüsal pulu alandan sonra məni yanına çağırdı, dedi ki, Samirdən 1 milyon dolları pulu alıb, məni də məhkəmədən ev dustaqlığı qərarını alaraq buraxacaq. Belə də oldu. Həmin gün axşam İstintaq Təcridxanasından buraxıldım. Növbəti gün Vüsal məni Milli Təhlükəsizlik Nazirliyinə çağırdı, başqa yerə getməmək haqda iltizama imza etdirdı. Burada sakit oturmağına baxmayın, MTN-də oturuşu, yerişi göyə-yerə sığmırdı. Amiranə şəkildə dedi ki, 1 milyon dollar pulu da 4-5 ay ərzində tap gətir. Şərt qoydu. Mən həmin pulu kürəkənimin adına hesaba qoymuşdum ki, istədiyi vaxt xərcləsin. Həmin pulu “Texnikabank”a 2007-ci ilin yanvar ayında 1 milyon 120 min dollar kimi qoymuşdum. Lakin dolların məzənnəsinin aşağı düşdüyünü görüb Samirə tapşırdım ki, pulu götürsün və avro kimi yenidən banka qoysun. Samir də 1 milyon 120 min dollar pulu həmin günün məzənnəsi ilə avroya çevirərək 704 min avronu yenidən öz adına “Texnikabank”a qoymuşdu. Bunları niyə deyirəm. Məni qanunsuz olaraq həbsə alandan və hədə qorxu ilə 2 milyon dollar tələb edəndən sonra bunlara dedim ki, imkan verin, kürəkənin adına olan pulu götürək, sizə verək, əl çəkin. Mövlam Şixəliyev dedi ki, banka qoyulan pulun adını çəkmə, həmin pulların sizə aidiyyatı yoxdur, onların yiyəsi var. Vüsal Ələkbərov həmin puldan imtina etməyim barədə məndən ərizə aldı”.

Zərərçəkən Vüsal Ələkbərova 1 milyon dolları hissə-hissə ödəməsini məhkəmədə belə xatırlayıb: “2009-cu ilin fevral ayında Vüsal Ələkbərov zəng elədi, dedi ki, “Qələbə kruqu”na gəl, pul gətir. Ora getdim, deyilən yerdə görüşüb 150 min dollar verdim. 1 ay sonra, yenə də zəng elədi. Dost-tanışdan 280 min dollar borc alıb aparıb Vüsala verdim. Apreldə yenə də Vüsal Ələkbərov zəng elədi, pul istədi. Bu dəfə 300 min dollar, 1 ay sonra, 2009-cu ilin mayın sonlarında Vüsal Ələkbərova 200 min dollar vermişəm. Axırıncı dəfə Milli Təhlükəsizlik Nazirliyinin yanında görüşüb 70 min dollar pulu da verdim. Vüsal Ələkbərov məni xidməti otağına dəvət etdi, çay içib söhbət elədik. Vüsal bilirdi ki, baş verənlərdən narazıyam, elə danışırdı ki, guya heç bir günahı yoxdur. Ertəsi gün Vüsal zəng elədi, barəmdəki saxta cinayət təqibinə xitam verildiyini dedi. Qərarı götürmək üçün MTN-ə çağırdı. Gedib qərarın surətini götürdüm. Vüsal Ələkbərova dedim ki, məndən aldığınız pulları qohum və dostlardan borc almışam, ödəyə bilmirəm, ona görə də “Para Bank”dan 300 min manat kredit götürmüşəm. Yadıma düşmüşkən onu da deyim ki, bunlar məndən 1 milyonu alıb, buraxandan sonra Mövlam Şıxəliyev mənə zəng etmişdi. Deyirdi ki, Vüsal sənə deyir pulu ver, niyə gecikdirirsən, vermirsən? 3 ay sənə vaxt vermişəm, yubatma, gətir pulu ver! Mən də borc-xərc alıb dediyim kimi aparıb pulu vermişdim. Bunlar özlərini yerin-göyün ağası bilirdilər. Bu Mövlam, bu gün qəfəsin bir küncünə sıxılıb oturub, vəzifəsindən, dövlətin gücündən istifadə edib başımıza oyun açdı. Mövlam, elə bu qəfəs sənin yerindir. Sənin kimilər özlərini də, vəzifəni də gözdən salırlar. Mövlam Şıxəliyev zərərçəkənin sözlərinə reaksiya verməyib”. 

Nizami Kazımovun sözlərinə görə, kürəkəni Samirə Nadirliyə ərizə yazdırıblar ki, guya ona vurduğu zərəri qızı ödəyib:“Vüsal Ələkbərov məndən tələb etdi ki, kürəkənim Samirdən ərizə yazım, şikayətci olum. Bunu Mövlamın tapşırığı ilə Vüsal Ələkbərov eləyirdi. Vüsal Ələkbərov mənə də ərizə yazdırmışdı ki, guya kürəkənimə vurduğum zərəri ödəmişəm. Prezident 2015-ci ildə bunların mütəşəkkil cinayətkar quldur yuvası olan MTN-i dağıdandan sonra Vüsal Ələkbərov həbs olundu. O iş üzrə də zərərçəkən idim. O işə hakim Siyavuş Hacıyev sədrlik edirdi. Sonra Vüsala 12 il cəza kəsildi. Sonradan isə Vüsalın cəzası 5 ilə endirildi və şərti hesab edib, onu azad etdilər. Bunun necə baş verdiyini bizə hakim dedi. Məlum oldu ki, Vüsal Ələkbərovun azdlığa çıxması Ali Məhkəmənin sədri Ramiz Rzayevin şifahi göstərişi əsasında baş tutub. Məndən hədə-qorxu ilə alınan 2 milyon dollar və başqa zərərcəkənlərdən alınan pullar onun göstərişi ilə rüşvət kimi tanınması barədə məsələ qaldırıldı. Guya cinayət etmişik və rüşvət vermişik ki, bizi azad etsinlər. Mən hec bir cinayəti törətməmişəm, dələduzluq etməmişəm, heş kəsə maddi ziyan vurmamışam. Mən faktiki olaraq barəmdə saxta ittihamla girov götürülmüşəm, MTN-nin istintaq təcridxanasında qanunsuz olaraq 3 ay saxlanılmışam, 1 milyon dollar pulumu alandan sonra azadlıga çıxmışam. Sonradan qalan 1 milyon dolları düzəldib Vüsal Ələkpərova vermişəm. Sonuncu isə 12 il cəza alıb, həmin cəza Alı Məhkəmənin qərarı ilə bir dəfəyə 5 ilə azaldılıb və şərti hesab edilib. Bu gün, Vüsal Ələkbərov yenidən burada oturub. Pulumuzu bu günə kimi ödəməyib və ödəmək fikrində deyillər. Bu mütəşəkil cinayətkar quldur dəstə yüksək səviyyədə, himayə olunub və olunmaqdadır. Açın qulaqlarınızı eşidin...”.

Zərərçəkənin bu sözləri hakim Elbəy Allahverdiyevin ayağa qalxaraq onun sözünü kəsməsinə səbəb olub: “Siz niyə bildiyinizi və bilmədiyinizi danışırsız. Keçin əyləşin.

Zərərçəkən: 

-Mən sözümü bitirmədim. 

Hakim: 

-Keçin əyləşin. 

Hakim zərərcəkənə sərbəst ifadəsini yekunlaşdırmağa imkan verməyib. Məhkəmə iyunun 6-da davam edəcək. İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər. İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə
barələrində müvafiq qətimkan tədbirləri seçilib. Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərərçəkiblər. Cinayət işi üzrə 32 zərərçəkmiş var.



Ana səhifəyə qayıt        Baxış: 3 361          Tarix: 1-06-2022, 22:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma