Xəbər lenti

Azərbaycan xarici işlər nazirinin müavini bu ölkədə diplomatik korpusun yaradılması ilə bağlı son məsləhətləşmələr apardı; Muxtar Məmmədovla bağlı sərəncam hələ verilməyib

Milli Məclisin noyabrın 18-də keçirilən iclasında "Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsi qəbul edib. Noyabrın 26-da isə Prezident İlham Əliyev İsraildə səfirliyinin təsis edilməsi haqqında qanunu təsdiq edib. İsrail Prezidenti İsxak Hersoq bu ölkədə Azərbaycan səfirliyinin açılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib. Bu barədə İsrailin dövlət başçısı Azərbaycan lideri ilə bir neçə gün öncə telefon danışığı zamanı bildirib. İ.Hersoq qeyd edib ki, bu, İsrail üçün mühüm dost ölkə və strateji tərəfdaş olan Azərbaycanla çox gözəl münasibətlərdə irəliyə doğru böyük bir addımdır.

İndi diplomatik korpusun nə vaxt fəaliyyətə başlayacağı və kimin səfir olacağı sualı atual olaraq qalır. 

Dekabrın 28-29-da Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayevin İsrail Dövlətinə işgüzar səfəri zamanı Azərbaycan və İsrail Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

 Azərbaycan XİN-in məlumatında deyilir ki, siyasi məsləhətləşmələrə xarici işlər nazirinin müavini Fariz Rzayev, İsrail tərəfindən Xarici İşlər Nazirliyinin Siyasi Direktorluğunun rəhbəri Aliza Bin Nun rəhbərlik edib.

“Məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin siyasi, iqtisadi və humanitar sahələri üzrə hazırkı vəziyyət və inkişaf perspektivləri, Azərbaycanın İsraildə Səfirliyinin açılması ilə bağlı praktiki məsələlər müzakirə olunub”, məlumatda qeyd edilir.

Azərbaycan nümayəndə heyəti həmçinin İsrail Xarici İşlər Nazirliyinin Baş direktoru Alon Uşpitz ilə, Azərbaycan İnkişafa Yardım Agentliyinin (AIDA) rəisi Elməddin Mehdiyev isə İsrailin Beynəlxalq İnkişaf Əməkdaşlığı Agentliyinin (MASHAV) rəis müavini Aviv Ezra ilə görüşüb.

İsrailə səfər çərçivəsində İsrailin təhsil və elmi araşdırma mərkəzlərinin nümayəndələri ilə də görüşlər təşkil olunub.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, elm və təhsil nazirinin müavini postunu tutmuş Muxtar Məmmədov Azərbaycanın İsraildə ilk səfiri təyin edilib.

Lakin bu təyinatla bağlı dövlət başçısının sərəncamı hələlik dərc edilməyib. “Turan” xəbər verir ki, təyinatla bağlı Azərbaycan Xarici İşlər Nazirliyindən şərh almaq mümkün olmayıb.

Muxtar Məmmədov 1983-cü ildə Bakıda anadan olub. O, Bakı Dövlət Universitetinin, Belçikanın Avropa Kollecinin, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur.

M.Məmmədov 2005-2013-cü illərdə Xarici İşlər Nazirliyində çalışıb. 2009-2013-cü illərdə Azərbaycanın Belçikadakı səfirliyində fəaliyyət göstərib. 2013-cü ildən etibarən Elm və Təhsil Nazirliyində çalışıb. Belə ki, M.Məmmədov Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri olub, bu idarənin aparatına rəhbərlik edib. Ötən ilin aprel ayından etibarən isə nazir müavini vəzifəsində çalışıb.

O, elm və təhsil sahəsində İsraillə innovativ əməkdaşlıq layihələrinə rəhbərlik edib.

Muxtar Məmmədov rus, ingilis və türk dillərini mükəmməl bilir.

Orxan Əliyev,

Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 2 547          Tarix: 31-12-2022, 21:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma