Xəbər lenti

Türkiyə Ukrayna müharibəsində vasitəçi rolu və NATO sammitində atdığı addımlarla diqqət çəkməyə davam edir.

Musavat.com xəbər verir ki, İsrailin “Haaretz” qəzeti Türkiyənin dünya səhnəsindəki siyasəti ilə bağlı diqqətçəkən məqalə dərc edib.

“Netanyahu Ərdoğanı ancaq qısqana bilər” başlıqlı yazıda Netanyahunun kardiostimulyator taxılması səbəbindən Türkiyə səfərini təxirə saldığı xatırladılıb:

“Netanyahu Türkiyəyə səfərini, o cümlədən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünü təxirə salmasaydı, qibtə ediləcək bir liderlə görüşəcəkdi”.

Analitik Zvi Bar'elin yazdığı məqalədə Türkiyənin xarici siyasəti də diqqətlə araşdırılıb.

“Netanyahudan fərqli olaraq, Ərdoğan xarici siyasətini Moskva ilə Vaşinqton, Ukrayna ilə Rusiya arasında istiqamətləndirə bilir” - məqalədə vurğulanıb. Həmçinin qeyd olunub ki, Türkiyə “ABŞ-ın son dostu”na çevrilib.

Qeyd edək ki, ABŞ dövlət katibi Antoni Blinken deyib: “ABŞ Rusiyanı Qara Dəniz Taxıl Müqaviləsinə qaytarmaq üçün Türkiyəyə ümid bəsləyir. Biz məsələnin yenidən yoluna qoyulmasında Türkiyənin lider rolunu oynamasını gözləyirik”.

Müəllif Ukrayna taxılının daşınması ilə bağlı sazişdə Türkiyənin oynadığı rola diqqət çəkib:

“Taxıl müqaviləsi Ərdoğanın keçən il əldə etdiyi ən mühüm nailiyyətlərdən biri idi. Taxıl anlaşması hər iki tərəf üçün müsbət nəticələr verdi. Rusiyanın qərarından sonra yeni bir orta nöqtənin tapılması üçün səy göstərilir. Ərdoğan yenidən beynəlxalq vasitəçi rolunda özünü tapır”.

Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin Putin haqqında həbs qərarı çıxardığını xatırladan qəzet bu vəziyyətin Rusiya liderinin səfərlərinə təsir etdiyini yazıb: “Rusiya prezidenti gələn ay Yohannesburqda keçirilməsi planlaşdırılan inkişaf etməkdə olan iqtisadiyyatların BRİKS sammitinə qatılmayacağını artıq bəyan edib”.

Məqalədə Türkiyənin Ukraynaya silah satdığı, eyni zamanda Rusiya ilə yaxşı münasibətlərə malik olduğu qeyd edilib:

“Ərdoğan Ukraynaya hücum xarakterli “Baykar” İHA satmağa davam edərkən, rus oliqarxlarının yaxtaları Türkiyə limanlarında lövbər salır və Rusiya qazı Türkiyəyə axmağa davam edir".




Ana səhifəyə qayıt        Baxış: 3 203          Tarix: 25-07-2023, 15:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma