Xəbər lenti
Dünən, 19:25


İsrailin artan hücumları səbəbindən Qəzzada müharibənin əhatə dairəsinin genişlənməsi qaçılmazdır.

 

Ovqat.com-un məlumatına görə, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan qətərli həmkarı Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə telefon danışığında bildirib.

 

“Əmir Abdullahiyan bildirib ki, Qəzzanın mülki əhalisinə qarşı müharibənin intensivliyi artdığı üçün müharibənin əhatə dairəsinin genişlənməsi qaçılmaz olub”, - İran Press TV-nin məlumatında qeyd olunub.

 

Müşahidəçilərin fikrincə isə, Əmir Abdullahiyanın tez-tez təkrarlanan bu bəyanatları altı yırtıq vedrəyə oxşayır. Çünki onun “münaqişənin qaçılmaz genişlənməsi” deyərkən nəyi nəzərdə tutduğu aydın deyil.

 

İranın xarici işlər naziri cümə axşamı “X” hesabında yayılmış açıqlamasında da bənzər fikirlər səsləndirilmişdi:

 

"Təl-Əvivin cinayətlərinin davam etməsi üçün vaxt sürətlə tükənir".

 

Əmir Abdullahiyan adından yayılan mesajında isə deyilirdi: “Netanyahunun yeganə qazancı saxta İsrail rejiminin təməllərini daha da sarsıtmaq və Qəzzada qadın və uşaqların qətliamında sionist rejimin qatil, zorakı və təcavüzkar simasını göstərməkdir”.

 

Mesajda həmçinin vurğulanmışdı ki, “şübhəsiz gələcək Fələstinin olacaq”.

 

Qeyd edək ki, İsrail bir aydan çoxdur, Qəzzaya qarşı hava hücumlarına başlayıb. İran isə sadəcə bəyanatlar verməklə işini tamamlamış sayır. Ara-sırada isə özünün vəkalət gücləri ilə ABŞ və İsrail bazalarına öncədən danışılmış “hücumlar” edərək siyasi simasını xilas etməyə çalışır. Halbuki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp bu yaxınlarda mediaya verdiyi açıqlamalarında İranın bu hücumlarının danışılmış “gözdən pərdə asmaq” əməliyyatlarından başqa bir şey olmadığını bildirmişdi. Tramp etiraf etmişdi ki, 2020-ci ilin ilk günlərində İranın “əfsanəvi” generalı Qasım Süeymani qətlə yetirilərkən, rəsmi Tehran diplomatik kanallarla ABŞ-a öz simasını xilas etmək üçün bəzi hərbi bazalara zərərsiz hava hücumları keçirəcəyini öncədən bildirmişdi. Beləcə, İran ABŞ hərbi bazalarına hücumlarına Vaşinqtondan izn almışdı. 

 

Bir çox mütəxəssislərin fikrincə, Qəzza şavaşı başlayandan bəri İranın vəkalət güclərinin ABŞ hərbi bazalarına 40-dan çox hücumu   da bu cür icazəli “cavab tədbirlərindəndir”. Məhz bu səbəbdən hücumlarda 1 ABŞ əsgərinin də burnu qanamır.




Ana səhifəyə qayıt        Baxış: 4 711          Tarix: 11-11-2023, 12:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma